Daşkəsən icra hakimiyyətinin keçmiş hüquqşünası aprel döyüşçüsünün 20 min manatlıq rüşvət ittihamına cavab verdi

LEGİON.AZ bildirir  Qarabağ  qazisi, aprel döyüşləri iştirakçısı Arzu Məmmədov bir müddət əvvəl   yerli mətbuatda Daşkəsən Rayon İcra Hakimiyyəti və icra hakimiyyətinin hüquq şöbəsinin  keçmiş müdiri İlhamə Bayramova haqqında ittihamlar səsləndirmişdir.

Daşkəsən icra hakimiyyətinin keçmiş  hüquqşünası İlhamə Bayramova redaksiyamıza göndərdiyi məktubda  haqqında səsləndirilən ittihamlara  cavab verib.

Həmin məktubu olduğu kimi təqdim edirik:

“Mən, Bayramova İlhamə İsa qızı müxtəlif saytlarda aprel döyüşçüsü Məmmədov Arzu Ramiz oğlu tərəfindən mənim və Daşkəsən Rayon İcra Hakimiyyəti haqqında səsləndirdiyi şər-böhtan, iftira dolu ittihamlarına cavab olaraq bildirirəm ki, əvvəla o, mənim əmim qızı Bayramova Ləman İslam qızının həyat yoldaşıdır, yaxın qohumumdur. İkincisi də o qazi deyil, aprel döyüşlərinin iştirakçısıdır. Qazi – torpaq uğrunda şəhid olmuş şəxslərə və daha ləyaqətli, şərəfli insanlara deyilir.

Saytlarda  gedən “Qarabağ qazisindən sələmçi, dələduz olmaz” deyə guya Arzu Məmmədova iftira atılır ifadəsinə cavab olaraq bildirirəm ki, Arzu əvvəllər Daşkəsən rayonunda yaşadığı dövrdə Kapital Bank-ın Daşkəsən filialında kredit şöbəsində işləmiş, sələm pul vermək işində ustalaşmışdır. Burada da ciddi nöqsanlara yol verməsi səbəbindən həmin bank filialından qovulmuşdur.

Məsuliyyətdən yayınmaq məqsədilə rayondan çıxıb getdikdən sonra hərbi hissələrdən birinə müddətdən artıq xidmət edən əsgər kimi işə girmiş, təsadüfdən bu zaman  da məlum döyüşlər zamanı bir qolunu itirmişdir.

Qeyd edirəm ki, ata evində yaşadığı zaman onun ailəsi ilə valideynləri arasında böyük qalmaqal yarandığına görə atasıgil də onu evdən qovmuşdur. Ona başqa ev almaq məqsədilə 2016-cı ilin yanvar ayında bankdan 10 min manat kredit götürərək Arzu Məmmədova vermişlər. Bu məsələ rayon Prokurorluğunda araşdırılarkən bank sənədlərində də öz təsdiqini tapmışdır. Yəni, Arzu Məmmədovun kreditlə ev almaq məsələsi Aprel döyüşlərindən çox əvvəl olmuşdur.

Lakin iddialarında tam yalan olaraq bildirir ki, o, mənimlə görüşdükdən və guya mənim ona ev təklifimdən sonra  2016-cı ilin iyul-avqust aylarında valideynləri kredit götürmüşlər.

Guya atasının  onun oğlunun gözünü əməliyyat etdirmək üçün hələ illər öncə evini satdığı barədə yazılanlara isə cavab olaraq bildirirəm ki, hazırda onun atası Ramiz Məmmədov Daşkəsən şəhəri T.İsmayılov bina 9, mənzil 16 ünvanında uzun illərdir ki, həmin mənzildə yaşayır və heç zaman (Arzunun özünün doğulub böyüdüyü) evini satmamışdır.

Rayonda peşəkar sələmçi kimi tanınan Arzu Məmmədovun yaxın qohumu olaraq özümün pula ehtiyacım olduğumdan ondan 2016-cı ilin iyul ayında 6 min manat sələmlə pul götürmüşəm. Sonradan Arzu Məmmədovun pulunu sələmi ilə birlikdə hissə-hissə qaytarmışam.

Rayon Prokurorluğunda Arzu Məmmədovun iddiası hər ikimizin iştirakı ilə araşdırılarkən məhkəmənin qərarı əsasında əldə edilmiş onunla mənim aramızda olan telefon danışıqlarından, mesajlardan, pulu və sələmini qaytardığımı təsdiq edən şahidlərin ifadələrindən mübahisəmizin əsil səbəbi  tam öz təsdiqini taparaq sübut olunmuşdur. Məlum olmuşdur ki, mənim Arzu Məmmədovdan ev məsələsi ilə bağlı aldadaraq pul almağım yalandır. Bu sələmlə verilmiş borc pul mübahisəsidir.

Onun şikayəti ilə bağlı məsələyə rayon Prokurorluğunda xitam verilməsi barədə 13.11.2017-ci il tarixdə məlumat verilsə də lakin iddia edir ki, guya onun hələ də məsələyə hansı səbəbdən xitam verilməsindən xəbəri yoxdur.

Təkrarən qeyd edirəm ki, Arzu Məmmədovla aramızda yaranan mübahisə ev almaq üçün deyil, mənim ondan 10 faizlə sələmə pul götürməyimlə bağlıdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin bu məsələyə heç bir aidiyyəti və bağlılığı yoxdur. Bu bizim şəxsi məsələmizdir. Mən heç vaxt Arzu Məmmədovdan Gəncə şəhərində ev verilməsi müqabilində onun dediyi kimi 20 min manat pul istəməmişəm.

Bu məsələ ilə bağlı mənim və  Daşkəsən Rayon İcra Hakimiyyəti haqqında dedikləri tamamilə yalan və böhtandır.

Arzunun mənim barəmdə sosial şəbəkələrdə yaymış olduğu məlumatlarla bağlı şərəf və ləyaqətimi alçaltdığına görə məhkəmə qarşısında vəsatət qaldıracağam.

Həmçinin, Arzu Məmmədov yalandan iddia edir ki, o, Bakı şəhərində xəstəxanada yatarkən onun yanına Daşkəsən rayonundan vəzifəli şəxslərdən heç kim gəlməyib, onunla maraqlanmayıb. Lakin, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının tapşırığı ilə mən özüm İcra Hakimiyyətinin məsul işçisi kimi, eyni zamanda bir neçə idarə, müəssisə rəhbərləri də ona baş çəkmişik. Bunu cənab Prezidentin qospitalda yaralılarla və onların ailələri ilə  görüşərkən  çəkilmiş videolarda görmək olar və yazılı sübutdur. Həmin görüşdə şəxsən mən özüm iştirak etmişəm. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman ailəsinə diqqət və qayğı ilə yanaşılıb. 

Bayramova İlhamə İsa qızı”

LEGİON.AZ