Hakimin qanunazidd hərəkətlərindən Fikrət Məmmədova şikayət olundu
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA
Ş  İ  K  A  Y  Ə  T

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovdan

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənov tərəfindən hüquqlarını müdafiə etdiyim “Qafqaz Xəbər Agentliyi”nə qarşı anlaşılmaz, eyni zamanda iddiaçı olan  “Yapı Kredı Bank Azərbaycan” QSC-nə aşkarcasına tərəfkeşlik münasibəti bizdə təəccüb və təəssüf yaratmışdır. Bu səbəbdən Qafqaz Xəbər Agentliyinə qarşı məhkəmənin hakimi Vüqar Təvəkkül oğlu Həsənovun neqativ xarakterli hərəkəti barədə tədbir görülməsi üçün Sizə müraciət edirik.

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev 03.07.2017-ci il tarixli, 2(005)-4044/2017 saylı qətnaməsi ilə “Yapı Kredı Bank Azərbaycan” QSC-nin cavabdehlər-Qafqaz Xəbər Agentliyinə və Məmmədov Araz Kərəm oğluna qarşı “işgüzar nüfuza zərər vuran məlumatların dərc edilməsinə görə üzr istənilməsi, həmin məlumatların çıxarılması” tələbinə dair iddianı rədd etmişdir.

İddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir.

Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Nərimanov rayon Məhkəməsinin 03.07.2017-ci il tarixli, 2(005)-4044/2017 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə ilə qət edilmişdir ki: “Qafqaz Xəbər Agentliyinin üzərinə “Yapı Kredi Bank” QSC-dən üzr istənilməsi vəzifəsi həvalə edilsin. Qafqaz Xəbər Agentliyi tərəfindən özünün şəxsi Facebook səhifəsindən “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar çıxarılmaqla, Qafqaz Xəbər Agentliyinə özünün şəxsi Facebook səhifəsində və qafqaznews.az internet portalında “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında  həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması qadağan edilsin”.

Bakı Apellyasiya Məhkəməsinin adıgedən qətnaməsi ilə AR Mülki və Mülki Prosessual Məcəllələrində nəzərdə tutlan maddi və prosessual hüquqların pozulmasına yol verilmişdir.

Belə ki, iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC iddiasıda göstərmişdir ki, sitat: “…cavabdehlər “Qafqaz Xəbər Agentliyi” MMC və Məmmədov Araz Kərəm oğlu özünün şəxsi facebook səhifəsində “Yapı Kredi Bank Azərbaycan” QSC haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar yaymışdır”.

Qafqaz Xəbər Agentliyi özünün facebook səhifəsində paylaşdığı məlumatların mənbəsini iddiaçı özü məhkməyə bildirir: “Belə ki, cavabdeh “Qafqaz Xəbər Agentliyi” MMC özünün facebook səhifəsində:

30.03.2017-ci il tarixdə-“365 info.az” saytında verilmiş 21.03.2017-ci il tarixli “Yapı Kredi Bank” Azərbaycanın başını qara buludlar alıb, Nüanslar”;

31.03.2017-ci il tarixdə-“365 info.az” saytında verilmiş 28.03.2017-ci il tarixli “Yapı Kredı Bank Azərbaycan” Anar Məmmədovu məhkəməyə verib?-Araşdırma”;

31.03.2017-ci il tarixdə-“Azerbaycaninfo.az” saytinda verilmiş 2015-ci il tarixli ”Yapı Kredi Bank Azərbaycan” vətəndaşları necə aldadır?”;

31.03.2017-ci il tarixdə-“Anaxeber.az” saytında verilmiş 15.09.2016-cı il tarixli “Fətulla Gülənin Azərbaycandakı gizli bankı-“Yapı Kredı Bank Azərbaycan”ın əsl sahibi kimdir?-ÖZƏL”;

31.03.2017-ci il tarixldə-“Teref.info” saytında verilmiş 20.10.2016-cı il tarixli “Daha bir bank bağlanır-“Yapı Kredı Bank Azərbaycan” İDDİA”;

31.03.2017-ci il tarixdə-“Ölkə.az” saytında verilmiş 17.04.2015-ci il tarixli “Yapı Kredı Bank Azərbaycan” müştərilərini aldadır-FOTOFAKT” başlığı altında yazılan məlumatların həqiqiliyini araşdırmadan qeyd olunan məqalələri cavabdeh “Qafqaz Xəbər Agentliyi” MMC özünün facebook səhifəsində paylaşmışdır. Cavabdeh “Qafqaz Xəbər Agetliyi” – qafqaznews.az heç bir əsası olmayan məlumatları yoxlamadan, həmin məlumatlarla bağlı məqaləni hazırlayan saytlarla və ya “Yapı Kredı Bank Azərbaycan” QSC ilə bağlı məqalələrdə göstərilən məlumatların həqiqiliyinin öyrənmədən öz facebook səhifəsində qərəzli olaraq paylaşmışdır, bu da Bankın işgüzar nüfuzuna xələl gətirir.

Cavabdehin hərəkətləri nəticəsində “Yapı Kredı Bank Azərbaycan” QSC-nin işgüzar nüfuzuna ciddi zərər dəymiş, reputasiyasına ciddi xələl gətirmişdir (ziyan vurulmuşdur) və müştərilərin banka olan inamı xeyli dərəcədə sarsılmışdır. Nəticədə bu da Bank üçün ciddi maliyyə itkiləri ilə nəticələnə bilər”.

İddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC birinci instansiya məhkəməsindən tələb etmişdir ki: ““Qafqaz Xəbər Agentliyi” MMC və Məmmədov Araz Kərəm oğlunun üzərinə “Yapı Kredı Bank Azərbaycan” QSC-dən rəsmi qaydada üzr istəməsi, özünün şəxsi facebook səhifəsindən “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında qərəzli, həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar çıxarılmalı və “Qafqaz Xəbər Agentliyi” MMC-nin facebook səhifəsində və qafqaznews.az internet portalında Bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edəsiniz”.

Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə qəbul edilmiş qətnamə ilə aşağıdakılara əsasən razı deyilik və baxılan işə aid olmayan xüsusatların hakim tərəfindən qətnamədə əsas gətirməsini qanunsuz və əsassız hesab edirik:

Qafqaz Xəbər Agentliyi KİV haqqında Qanunun tələblərini pozmadığına, qafqaznews.az saytının Facebook sosial şəbəkədə səhifəsinin olmamasına dair və Məmmədov Araz Kərəm oğlunun isə agentliyə aidiyyətinin olmaması barədə müvafiq sənədləri 1-ci instansiya məhkəməsinə təqdim etmişdir.

Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev Qanunun tələblərinə uyğun olaraq cavabdeh olmayan tərəfi – Qafqaz Xəbər Agentliyini əsl cavabdehlə əvəz etməyi iddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC-nə təklif etsə də, iddiaçı imtina edərək, məhz  Qafqaz Xəbər Agentliyinin məsuliyyətə cəlb edilməsini məhkəmədən tələb etmişdir. Bu isə iddiaçının özünün qərəzli mövqeyi kimi qiymətləndirilməlidir.

Məmmədov Araz Kərəm oğlunun iddiaçı tərəfdən hansı səbəbə cavabdeh qismində məhkəməyə cəlb edilməsinə dair 1-ci instansiya məhkəməsində hakimin sualını bankın nümayəndəsi Hacıyev Aydın: “İnternetdən. Həmin vaxt saytlarda Mətanət A şirkətinin onu məhkəməyə verməsi barədə yazılar gedirdi” (?) deyə cavablandırmışdır .

Bundan əlavə:

1). İddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC iddia ərizəsində və apellyasiya şikayətində Qafqaz Xəbər Agentliyini, “qafqaznews.az” saytını və Məmmədov Araz Kərəm oğlunu cavabdehlər kimi cəlb edilməsini tələb etsə də, bank barəsində məlumatların ancaq Qafqaz Xəbər Agentliyi tərəfindən özünün “Facebook” səhifəsində paylaşdığını göstərmişdir. Lakin “qafqaznews.az” saytının və Məmmədov Araz Kərəm oğlunun isə konkret olaraq hansı hərəkətlərinə görə cəlb olunması  iddia ərizəsində göstərməmişdir. “qafqaznews.az” saytının Facebook sosial şəbəkədə səhifəsi yoxdur və olmamışdır.

Apellyasiya məhkəməsi isə özünün qətnaməsində iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərmədiyi və başqa saytlardan götürülmüş yazıların “qafqaznews.az” saytında 21.03.2017-ci ildə (qətnamə səh.6 – abz.3; səh.11- abz.5), 29.03.17-ci ildə (səh.7, abz.1; səh.10, abz. 2),  dərc edilmiş məqalələr və qətnamədə göstərildiyi kimi (səh. 8, abz.3) “…məhkəmə icratı dövründə – 24 oktyabr 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə məxsus qafqazxeber.az saytında “Yapı Kredi Bank Azərbaycan” müştərilərini aldadır – FOTOFAKT” adlı” məqalənin dərc edilmiş məlumatları əsas gətirmişdir. Bu isə iddiada olmayan və baxılan işə aid olmayan sübutlar olduğu üçün apellyasiya məhkəməsinin özünün tərəfindən qətnaməyə əlavə edilməsi qanunsuzdur.

İddia ərizəsi 05.05.2017-ci il tarixdə verilməsinə baxmayaraq, apellyasiya məhkəməsi özünün təşəbbüsü ilə 24.10.2017-ci ildə, yəni iddia irəli sürüldükdən 5 ay sonra Qafqaz Xəbər Agentliyinə məxsus qafqazxeber.az saytında dərc edilmiş məqaləni də öz qətnaməsində sübut kimi göstərmişdir. Hansı ki, iddiaçı ancaq Qafqaz Xəbər Agentliyinin “Facebook” sosial şəbəkədə məhz özünün səhifəsində 30-31 mart 2017-ci il tarixlərdə başqa mənbələrdən götürmüş olduğu 6 (altı) məlumatı paylaşdığı barədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsinin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə belə tərəfkeşlik etməsi anlaşılmazdır.

AR MPM-nin 372. maddəsi – Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyənləşdirir və həmin maddənin 372.4. bəndində isə göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə  baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır”. Apellyasiya məhkəməsi bu tələblərinə əməl etməmişdir.

2). Apellyasiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “Qafqaz Xəbər Agentliyi” MMC özünün facebook səhifəsində paylaşdığı:

– 31.03.2017-ci il tarixdə – “Anaxeber.az” saytında verilmiş 15.09.2016-cı il tarixli “Fətulla Gülənin Azərbaycandakı gizli bankı – “Yapı Kredı Bank Azərbaycan”ın əsl sahibi kimdir?- ÖZƏL”; məqalə 10.12.2016-ci il tarixdə “Anaxeber.az” saytında təkzib verilmişdir;

– 31.03.2017-ci il tarixdə – “Teref.info” saytında verilmiş 20.10.2016-cı il tarixli “Daha bir bank bağlanır – “Yapı Kredı Bank Azərbaycan” İDDİA” məqaləsinə isə “Teref.info” saytında təkzib verilməmişdir. Lakin Apellyasiya Məhkəməsi “Teref.info” saytının istinad etdiyi “cumhuryyet.az” saytında 12.12.2017-ci il tarixdə təkzib verilməsinə istinad edərək, adıgedən məqaləni “təkzib edilmiş yazı kimi” əsas götürmüşdür. Qafqaz Xəbər Agentliyi paylaşdığı məlumatı “cumhuriyyət.az” saytından yox, “Teref.info” saytından götürdüyü üçün məsuliyyət daşıya bilməz;

3). “Kütləvi informasiya vasitələri haqqında” Qanunun  “Təkzib, düzəliş və cavab vermək hüququ”nu müəyyənləşdirən 44-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslər kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.

İddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC isə Qafqaz Xəbər Agetliyinin 30-31 mart 2017-ci il tarixlərdə paylaşdığı yazılar barədə 05.05.2017-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

4).Apellyasiya Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki: “Ağdam rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli, 2(13)-1618/2017 saylı qətnaməsi ilə cavabdehlər “politika.az” informasiya agentliyi və Salmanzadə Xəyyam Surxay oğlunun üzərinə “Yapı Kredı Bank Azərbaycan” QSC-in işgüzar nüfuzuna zərər vuran məlumatları təkzibetmə vəzifəsi qoyulmuşdur”. Bu qətnamənin özünün “Facebook” səhifəsində yazılar paylaşan “Qafqaz Xəbər Agentliyi”nə nə dərəcədə aidiyyətinin olmasını isə Apellyasiya Məhkəməsi əsaslandırmamışdır.

5). Apellyasiya Məhkəməsi öz qətnaməsində göstərmişdir ki: “Sumqayıt şəhər Məhkəməsinin 06.02.2017-ci il tarixli, 2(060)-506/2017 saylı qərardadından məlum olur ki, “Yapı Kredı Bank Azərbaycan” QSC-in “cumhuriyyet.az” internet informasiya portalına qarşı iddia ərizəsi iddiaçının ərizəsinə əsasında baxılmamış saxlanmışdır”. Sonra isə “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında “cumhuriyyet.az” saytının özünün 20.10.2016-cı il tarixli məqaləsinə 12.12.2016-cı ildə təkzib etməsini göstərən Apellyasiya Məhkəməsi bunun özünün “Facebook” səhifəsində yazılar paylaşan Qafqaz Xəbər Agentliyinə nə dərəcədə aidiyyətinin olmasını əsaslandırmamışdır.

6). Nərimanov rayon Məhkəməsi iddiaçı “Yapı Kredı Bank Azərbaycan” QSC-nə AR MPM-nin 54.1, 54.2 maddələrinin tələblərinə uyğun olaraq cavabdeh olmayan tərəfi – Qafqaz Xəbər Agentliyini əsil cavabdehlə, yəni ilkin mənbə kimi məqalələri dərc etmiş saytlarla əvəz etmək təklifinə iddiaçı imtina edərək, məhz Qafqaz Xəbər Agentliyinin məsuliyyətə cəlb edilməsini məhkəmədən tələb etmişdir. Bu isə iddiaçının özünün qərəzli mövqeyinə dəlalət edir.

7). Qafqaz Xəbər Agentliyinin facebook səhifəsində paylaşdığı hər hansı bir məlumata görə “qafqaznews.az” saytı məsuliyyət daşımır və daşıya bilməz. Apellyasiya məhkəməsi özünün qətnaməsində göstərmişdir ki: “…qafqaznews.az internet portalında “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında  həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması qadağan edilsin”.

İcraatda olan mülki işdə cavabdehlik daşımayan və daşıması mümkün olmayan “qafqaznews.az” internet saytına gələcəkdə hər hansı bir əməli törətməyi apellyasiya məhkəməsinin qadağan etməsi qanunazidd tələbdir.

8). Apellyasiya Məhkəməsinin öz qətnaməsində Qafqaz Xəbər Agentliyindən “özünün şəxsi Facebook səhifəsindən “Yapı Kredı Bank Azərbaycan” QSC haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların çıxarılması” tələbi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, qətnamədə “bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar” göstərilmiş olsa da “vurulmuş zərərin” nəticələri göstərilməmişdir.

Cənab Nazir,

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovun sədrliyi ilə 14.11.2017-ci il tarixdə qəbul edilmiş 2(103)-9831/2017 saylı qətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki  Işlər  Üzrə  Məhkəmə  Kollegiyasina Qafqaz Xəbər Agentliyi tərəfdən kassasiya  şikayəti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüqar Təvəkkül oğlu Həsənovun qanunazidd hərəkətlərinə görə barəsində müvafiq tədbirin görülməsini Sizdən xahiş edirik.

Qafqaz Xəbər Agentliyinin baş hüquqşünası İlqar Abbasov