Şimali Koreyanı Kimlər idarə edir - Kommunist ölkəsinin qadın lideri HAQDA
Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarına Şimali Koreya lideri Kim Çen İrin bacısı və “sağ əli” sayılan Kim Ö Çjon da təşrif buyurub. Diqqətdən kənarda qalmağı xoşlayan qadın siyasətçinin nüfuzu son illərdə artmaqda davam edir.
Cənubi Koreyaya gələn nümayəndə heyətinin tərkibində 22 nəfər var. Şimali Koreya lideri Kim Çen Inın sözlərinə görə, bu səfərlər iki ölkə arasında etimad və dialoq mühiti yaratmağa yönəlib. Amma dünya KİV-ni nümayəndə heyətinin əsas siması olan Kim Ö Cjon cəlb edir.
Modern.az Şimali Koreyanın ən nüfuzlu qadını haqda qısa informasiyanı təqdim edir.
Uzun illər onun şəxsiyyəti barədə az informasiyaya rast gəlinirdi. İndi də Koreya liderinin bacısı haqda məlumatlara çox az rast gəlinir. Miniatür ölçülərə malik 30 yaşlı Kim hazırda Şimali Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin təbliğat və təşviqat idarəsinin rəisidir.
Maraqlıdır ki, Kim Ö Cjonun adı insan hüquqlarının pozulması və s. ittihamlarla bağlı ABŞ-ın “qara siyahı”sındadır və onun bu ölkəyə girişi qadağandır.
Kim mərhum Şimali Koreya lideri Kim Çen İrlə Ko En Xinin 3 övladından biridir. Qardaşları ilə birlikdə o, emosional və sosial təcrid şəraitində yaşayıb. Ailəni həmişə mühafizəçilər və qulluqçular əhatə edib.
Ailədə mövcud olan ənənələrdən biri ad günləri və digər əlamətdar günlərdə uşaqların öz atalarını Şimali Koreya Xalq Ordusunun hərbçiləri kimi geyinməsi ilə bağlı idi. O, 1996-c ildə qardaşı Kim Çen Inla birlikdə İsveçrənin Nern şəhərində özəl məktəbdə oxumağa göndərilir. Bəzi məlumatlara görə, məhz bu dövrdə Şimali Koreya liderinin övladları bir-birinə yaxın olmağa başlayıblar. Onların isveçrəli sinif yoldaşının videoarxivində gələcək Koreya liderinin öz bacısı ilə birlikdə konsertdə iştirak etdiyi görüntülər saxlanılır. Maraqlı detal onunla bağlıdır ki, Kim Ö Çjon məktəbdə Kim En Sun adı ilə oxuyub.
Xaricdə yaşamasına baxmayaraq, orada da uşaqlar atalarının nəzarəti altında idilər. Şimali Koreya liderinin övladları Mərkəzi Komitənin sədr müavinin İsveçrədə yerləşən şəxsi mülkündə yaşayırdılar. Uşaqlarının sosial təcridini aradan qaldırmaq üçün Kim Çen İr onların yanına hakim partiya funksionerlərini də əyləndirən musiqi qrupunu göndərirdi. Məsafəyə baxmayaraq, Kim Çen İr və həyat yoldaşı övladlarını tez-tez ziyarət edirdi. Xüsusən, son illərdə onların anası tez-tez ziyarətə gəlirdi. Bunun bir səbəbi də onunla bağlı idi ki, Ko En Xi süd vəzi xərçəngindən əziyyət çəkirdi və terapiya kursları üçün tez-tez Fransa və İsveçrəyə səfərlər edirdi. Lakin bu terapiya sonralar öz nəticəsini vermədi və 2004-cü ildə Kimin 17 yaşı olarkən anası xərçəngdən vəfat etdi.
İsveçrədə 4 il oxuduqdan sonra Kim vətəninə dönür. Mənbələr Şimali Koreya liderinin qızının yeniyetməlik dövrünü necə keçdiyi ilə bağlı susur. Lakin məlumdur ki, o, ali təhsilini Kim İr Sen adına Hərbi Universitetdə almış və burada informatika təhsilinə yiyələnib.
Kimin siyasətə marağı 15 yaşından başlamışdı. Kim Çen In fəxrlə öz kiçik qızının hökumətdə təmsil olunmaq istədiyini deyirdi. Və doğurdan da, Mərkəzi Partiyanın kiçik kadr işçisindən yüksələrək Əmək Partiyasında ikinci nüfuzlu qadın məmura çevrildi. Ondan əvvəl, ən böyük nüfuza malik qadın doğma bibisi Kim Qen Xi olub.
Karyera yüksəlişinə baxmayaraq, Kim haqqında informasiya çox az-az çıxırdı. Onun haqda mətbuatda ilk dəfə rəsmi məlumat 2014-cü ilin martında qardaşı Kim Çen Inı Şimali Koreyanın Ali Xal Məclisinə seçkilərdə müşayiət edərkən yazılmışdı. Buna rəğmən, qadın siyasətçinin ölkənin siyasi həyatındakı rolu xeyli əvvəl başlamışdı.
Məsələn, hələ 2010-cu ilin sentyabrında Əmək Partiyasının Üçüncü Konfransında fotokameralara yaxalanmışdı. 2011-ci ildə atasının dəfn mərasimi və 2012-ci ildə hərbi meydanda qardaşını müşayiət edən zaman da Kim Ö Çjon ictimaiyyət önünə çıxmışdı.
İctimaiyyətin gözündən uzaq qalsa da, o, dövlət işləri ilə məşğul olmaqda davam edir. Məlumata görə, Kim Çen In xəstələnən zaman məhz bacısı dövlət səlahiyyətlərini icra etmişdi. Hazırda qKim Çen Inın bütün səfərləri zamanı Kim Ö Çjon qardaşını müşayiət edir. Bundan başqa, dövlət rəhbərləri də onun çıxışını xüsusi diqqətlə dinləyirlər.

LEGİON.AZ