Xaləddin İsgəndərov tikintilərdən pul yığan qardaşı oğlunu rayondan qovdu
Valeh İsgəndərovu başçının digər qardaşı oğlu Nicat İsgəndərov əvəzlədi; adı qalmaqallı ev söküntüsündə keçən Rafael Məmmədov da “qoçu dəstəsi”ndən uzaqlaşdırıldı
LEGİON.AZ Musavat.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qardaşı oğlu Valeh İsgəndərovu və dəllal Rafael Məmmədovu rayondan qovub.
Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, başçı hər 2 şəxsin fəaliyyətini yoxlatdırıb və aydın olub ki, qeyri-rəsmi yığımların bir hissəsi oğurlanıb. Valeh İsgəndərov qovulub və onu Xaləddin İsgəndərovun digər qardaşının oğlu Nicat İsgəndərov əvəzləyib. Bundan sonra Binəqədidə tikintilərdən yığılan pullar Nicat İsgəndərova ötürüləcək.
Valeh İsgəndərov illər idi ki, Binəqədi Rayon İcra Hakimiyyətində əmisinin tikinti-söküntü işlərindən gələn gəlirlərə nəzarət edirdi. Binəqədi Rayon İcra Hakimiyyəti binasında ayrıca kabinetdə otursa da, o, rəsmi işçi deyildi. Xaləddin İsgəndərovun rayon ərazisində aparılan tikililərdən yığılan pulların təhvil verildiyi şəxs kimi ad çıxarmışdı. Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi isə rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Onun atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin (hazırda Fransada mühacir həyatı yaşayır, barəsində cinayət işi var-red.) müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən gələn pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan adlı şəxslər və son günlərə qədər Rafael Məmmədov, Novxanıda Binəqədiyə aid hissədə isə Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif adlı adamlar nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir.
İddia olunur ki, Xaləddin İsgəndərov son 1 ay ərzində Binəqədi rayonu ərazisində aparılan və qeyri-qanuni olaraq pul alınan tikililərin sahiblərini sorğuladıb. Məlum olub ki, Valeh İsgəndərova verilən pulların bir hissəsi ortada yoxdur. Bundan başqa, Valeh İsgəndərovun xanım teleaparıcılardan birinə ev, villa alması haqda məlumatlar da yoxladılıb.

Məlum olub ki, həmin xanım aparıcıya yeni tikilmiş binalarda 2 mənzil,  İstanbulda ev, Bilgəh qəsəbəsində bağ evi, Sulutəpə qəsəbəsi, Mədən yolunda 313 saylı məktəbin yanında villa tikdirərək hədiyyə verib. Həmçinin bir qədər əvvəl ona “Jeep” markalı maşın alıb bağışladığı da üzə çıxıb. Xaləddin İsgəndərov Valeh İsgəndərovu yanından uzaqlaşdırandan sonra Rafael Məmmədovu da yanına çağıraraq onu həbslə hədələyib. Amma sonradan başçını fikrindən daşındırıblar. Deyiblər ki, Rafael Məmmədov tikintilərdən aldığı pulları Valehə verib. Onu tutdursan, Valehin adını verəcək, ara qarışacaq. Buna görə də Xaləddin İsgəndərov Rafael Məmmədovu rayonda gözə görünməməsi şərti ilə qeyri-qanuni dəstədən uzaqlaşdırıb.
Rafael Məmmədov Biləcəri qəsəbəsində Xaləddin İsgəndərovun qeyri-rəsmi göstərişlərini yerinə yetirən şəxs kimi ad çıxarmışdı. Onun sonuncu işi Biləcəri qəsəbəsi, 9-cu sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib aparılan tikintiyə görə pul tələb etməsi, ala bilmədikdə isə evin uçurulması olmuşdu. Rəfael Məmmədov uzun illər idi ki, Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyində onun üçün ayrılmış kabinetdə əyləşirdi, özünü nümayəndəliyin əməkdaşı kimi təqdim edib tikinti aparanların gününü qara etməklə məşğul idi.

Əslən Ermənistanın Masis rayonundan olan Rafael Məmmədov Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydiyyatdadır, orada yaşayır. O, Xaləddin İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilənə qədər yaşadığı rayonun ərazisində dəllallıqla məşğul olub. Ortabab həyat yaşayıb. İndi isə Rafael Məmmədovun Biləcəri qəsəbəsində və Bakı şəhərinin müxtəlif məkanlarında çoxlu evlərinin olduğu iddia edilir. Xaləddin İsgəndərovun ev yıxan, tikintiyə dair icazə verib pul yığan dəstələrinə qoşulandan sonra Rafael Məmmədovun var-dövləti günü-gündən artıb. Hazırda onun istifadəsində “Prado”, “Niva”, son model “Mercedes” markalı və digər maşınların olduğu bildirilir. Rafael Məmmədovun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən axtarılması haqda da iddia var…
Valeh İsgəndərov Binəqədidən qovulandan sonra Tərtər rayonuna qayıdıb. Onu yaxın zamanlarda Türkiyəyə köçəcəyi deyilir.

LEGİON.AZ