“İcra başçısının vəzifəli qohumu torpaqları zəbt edib” – vəzifəli şəxsə ağır ittiham (Fotolar)
Zərdabda 186 hektar bələdiyyə torpağını kimlər və necə ələ keçirib?
Çallı kəndinin sakinləri: “Korrupsiya əməlinə görə məhkumluq yaşamış şəxsi Sabirabad icra başçısının xalasıoğlu himayə edir”
“Zərdab rayon Çallı bələdiyyəsinin sədri Rafiq Umudov dövlətə və kənd sakinlərinə küllü miqdarda ziyan vurur. Bələdiyyəyə məxsus olan 186 hektar torpaq sahəsi bələdiyyəsinin keçmiş sədri Əzizov Əyyub Fəzli oğluna, onun oğullarına uzun müddətli icarəyə verilsə də, onlar indiyə qədər heç bir icarə haqqı ödəməyib”.

Bunu Bizim Yol-a Zərdab rayonu Çallı kənd sakinləri Mehman Məmmədov və Fərrux Məmmədov yazıb.
Onların verdiyi məlumata görə, bələdiyyə torpaqlarından 50 hektar Əzizov Əyyub Fəzli oğluna, 86 hektar Əzizov Babək Əyyub oğluna və 50 hektar Əzizov Çingiz Əyyub oğluna təxminən 15 il əvvəl uzun müddətli icarəyə verilib: “Buna görə bələdiyyə büdcəsnə heç bir icarəhaqqı ödənilməsə də, Çallı bələdiyyəsinin sədri Rafiq Umudov bu barədə heç bir qanunu tədbir görmək istəmir. Qanuna əsasən icarə müqaviləsinin şərtlərinə görə bələdiyyə ilə vətəndaş arasında bağlanmış icarə müqaviləsinin öhdəliyi icarəçi tərəfindən pozulduqda həmin müqavilə icarəverən tərəfindən dərhal ləğv edilməlidir. Rafiq Umudov isə bunu etmir. Əzizovlar bu torpaq sahələrini üçüncü şəxxsə icarəyə verərək pul alırlar. ”
Şikayətçilərin yazdığına görə, bir hektarının illik icarə haqqı 20 manat olan 186 hektar torpağa görə hər il bəədiyyəyə 3720 manat məbləğində icarə haqqı ödənilməlidir. Ancaq belə bir ödəniş edilməyib.
Mehman Məmmədov və Fərrux Məmmədov yazır ki, Əyyub Əzizov 2010-2015-ci illərdə Çallı Bələdiyyəsinin sədri vəzifəsindfə işlədiyi vaxt onun “barəsində cinayət işi başlanıb, məhkəmənin hökmü ilə məhkum edilib, bu cinayət əməlinə görə vəzifəsindən uzaqlaşdırlmışdı”.
Məktubda yazılır: “Çallı kəndinin əhalisi maldarlıqla və əkinçiliklə məşğul olmaq üçün torpaq qıtlığı yaşasalar da, Əzizovlar ailəsinə 186 hektar torpaq sahəsinin heç bir qarşılığı olmadan verilmısinin özü cinayət əməlidir. Pambıqçılığın inkişaf etdirilməsi üçün cənab Prezident İlham Əliyevin xüsusi tapşırıqlarından sonra rayonlarda pambığın əkilməsinə start verilib. Nəticədə kəndlilərin rifahı daha da yaxşılaşıb. Ancaq Çallı kənd sakinləri torpaq tapmırlar ki, pambıq əkib -becərsinlər .Bu neqativ mənzərinin səbəbkarı isə işinin öhdəsindən gələ bilməyən Çallı bələdiyyəsinin sədri Rafiq Umudovdur. Biz pambıq əkmək istəyirik, ancaq bu arzumuzu həyata keçirməyə bələdiyyə sədri imkan vermir”.
Şikayətçilər yazır: “Keçmiş bələdiyyə sədri Əyyub Əzizovu Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Məmmədov himayə edir. Ramiz Məmmədov isə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun xalası oğludur. Dəhşətlisi budur ki, Ramiz Məmmədov yazıb-oxumağı bacarmadığı halda Zərdab rayon icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir. Çallı bələdiyyəsinin sədri Rafiq Umudov Ramiz Məmmədovun qorxusundan 186 hektar icarəyə verilmiş torpağa görə icarəhaqqı ala bilmir”.
Çallı kənd sakinləri məktubun sonunda ölkə Prezidentinə və birinci vitse-prezidentə müraciətlə xahiş edirlər ki, Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Məmmədov və Çallı bələdiyyəsinin sədri Rafiq Umudov barəsində qanun çərçivəsində ölçü götürülsün”.
Xatırladaq ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən icarəçi icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etməli, icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
Həmin Qanunun 23-cü maddəsinə əsasən İcarəçi torpaq sahəsindən istifadəyə görə icarəhaqqını, digər tədiyələri vaxtında ödəməlidir. Bizim Yol

LEGİON.AZ