Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-6
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb. APA-nın xəbərinə görə, bu barədə FHN məlumat yayıb. ​ *** 08.52 Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək. *** 08.33 Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.  Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  ***** 08.21 Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.  Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir. **** 07.43 Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. APA-nın xəbərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.   ****07.29 Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub.  Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq  mümkünsüzdür. İçəridə qalanların olub-olmadığı binaya daxil olduqdan sonra bilinəcək.  **** 06.39 Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.  Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.   Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.  Əlavə məlumat veriləcək.

LEGİON.AZ