Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Dövlət İmtahan Mərkəzi (DİM) martın 11-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə çatdırır ki, onlar özləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər.

DİM-dən xezerxeber.az-a bildiriblər ki, martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiqləyən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək mümkündür.

LEGİON.AZ