Polis də Valeh, oğru da Valeh…- oxucular bundan VALEH olacaqmı?
Bir neçə gün əvvəl oxucularımıza “Qafqaz Xəbər” qəzetinin redaksiyasında quraşdırılmış kondisionerlərin mühərriklərinin oğurlanması barədə məlumat vermişdik. Ondan əvvəl isə, həmin mühərriklərin elektrik kabelləri və misdən olan freon boruları dibindən kəsilib oğurlanmışdı.

“Qafqaz Xəbər”in əməkdaşları hadisə barədə polis sahə rəisi Valeh Səfərova müraciət etdikdə laqeyidlik və biganəliklə üzləşiblər.

“Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov LEGİON.AZ saytına bildirmişdir ki, çox güman ki, bu oğurluğu edən şəxslər mis materialdan olan freon boruları satmaq məqsədi ilə kəsib aparıblar. Onun sözlərinə görə, ilk hadisə olan zaman Xətai RPİ-nin 37-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Oğurluqla bağlı ərizə verilib və izahatlar alınıb. Polis əməkdaşları bu cinayət hadisəsini tezliklə açacaqlarına söz veriblər. “Lakin o vaxtdan bir müsbət nəticə yoxdur. Polis sahə rəisi Valeh Səfərov isə deyir ki, mənim təqaüdə çıxmağıma az qalıb, tez-tez belə şeylərə görə məni narahat etməyin”,- Araz Məmmədov bildirib.

Jurnalistlərin apardığı araşdırma nəticəsində məlum olub ki, redaksiyanın yerləşdiyi həyətdə təkcə redaksiyanın əşyaları oğurlanmayıb.

Belə ki, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı binaların sakinlərinin də əşyaları oğurlanması halları olmuşdur. Və bu oğurluqlarla bağlı binaların sakinləri dəfələrlə Xətai RPİ-nin 37-ci polis bölməsinə ərizə ilə müraciət etsələr də bir nəticəsi olmayıb.

“KAT” MTK şəhərciyindəki yaşayış binalarının sakinləri bildiriblər ki, şəhərcikdə tez-tez velosiped oğurluğu baş verir. Sakinlər məsələ ilə bağlı polis orqanlarına, habelə Valeh Səfərova müraciət etdiklərini, lakin bu şikayətlərlə bağlı heç bir tədbir görülmədiyini qeyd ediblər. “Valeh Səfərov gəlib kamera görüntülərini götürür, çıxıb gedir. Sahə rəisinin bu laqeydliyi bizi ciddi narahat edir”, – deyə şəhərciyin sakinləri əlavə edib”.(LEGİON.AZ)

Hətta “Qafqaz Xəbər” qəzeti yazmışdır ki, redaksiyanın yaxınlığında yerləşən Heydər Əliyev adına liseyin şagirdləri dərsdən qaçaraq redaksiyanın həyətinə yığışırlar və orda siqaret çəkir, spirtli içkilər qəbul edirlər.

Bununla bağlı “Qafqaz Xəbər” qəzetindən liseyin rəhbərliyinə və Təhsil Nazirliyinə dəfələrlə müraciət olunsa da problemlə bağlı heç bir tədbir görülməyib. Əksinə, hələ bu müraciətdən sonra redaksiyanın həyətində liseyin şagirdlərinin göstərdikləri “şou-proqram” genişlənib, şikayətlərdən sonra məhəllənin həyətində dərsdən qaçan şagirdlərin sayı daha da çoxalıb. Elə bil ki, liseyin şagirdləri barələrində edilən şikayətdən sonra jurnalistlərdən qisas almaq qərarına gəliblər. Və bunun da nəticəsi olaraq bu “şouların” axırı pis qurtarıb; redaksiyanın həyətindən oğurluq olub.

Onu da qeyd edək ümumiyyətlə adıçəkilən lisey haqqında, orda baş verən özbaşınalıqla bağlı ölkə mətbuatında dəfələrlə tənqidi yazılar dərc olunub.

Məsələn, çoxsaylı belə yazıların birində Məhərrəmova Sevinc Azay qızının işlədiyi Heydər Əliyev adına liseyin rəhbərliyindən narazılıq əks olunub. Sevinc Məhərrəmova bildirir ki : “...Liseydə korrupsiya və özbaşınalıq baş alıb gedir.”(afn.az)

Baş vermiş oğurluqlarla bağlı biz DİN-in 102 xidmətinə müraciət etdik, hətta liseyin şagirdlərinin redaksiyanın həyətində “şou göstərdiklərini” də xüsusi olaraq vurğuladıq.

Ancaq bu müraciət heç bir nəticə vermədi. Sonuncu yazıdan sonra “Qafqaz Xəbər Agentliyi”-nin baş direktoru Araz Məmmədov Bakı şəhər BPİ-ə çağırılaraq İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi, polkovnik Vüqar Əliyev tərəfindən qəbul olunub.


Bütün bu söz-söhbətlərdən sonra jurnalistlərimiz redaksiyanın həyətində əşyaları oğurlanan sakinlərlə görüşüblər. Onlardan bir çoxu şəhərciyin ərazisindəki binaların arasında “Valeh” adlı bir BOMJ-un (daimi yaşayış yeri olmayan, avara-tüfeyli adam) gəzdiyini vurğulayıbar. Deyilir ki, həmin “BOMJ” gündüzlər şəhərcikdəki binaların, obyektlərin, o cümlədən redaksiyanın da həyətində gəzərək guya dilənçilik edir, zibil yeşiklərində yemək axtarır. Ancaq gecə yarıdan keçəndən sonra , həyətdən əl-ayaq yığışan kimi, əlinə keçən nə varsa aparır və çox güman ki, oğurluq əşyaları alan dəstələrə dəyər-dəyməzinə satır.

Bax belə, indi oxucu özü bu istehzalı olayla tanış olanda bilmirəm kimə VALEH olacaq; oğruya, yoxsa sahə inspektoru olan polisə?!.... Amma fakt faktlığında qalır: redaksiyanın iş otaqlarını qızdıran kondisonerlərin mühərriklərinin oğurluğu bu günə qədər açılmamışdır.

Murad İbrahimli

LEGİON.AZ

Qafqaz Xəbər Agentliyi yenidən oğurluğa məruz qalıb - polis bir tədbir görəcəkmi?

“Qafqaz Xəbər” qəzetinin redaksiyasında oğurluq baş verib-(FOTO+VİDEO)