Bakıda məmurların ağackəsmə yarışı
Yaxud, niyə bəzi məmurlar Prezidentin paytaxtın yaşıllıqlarına qayğı göstərilməsi tapşırığına əməl etmək istəmirlər?

...Bakı şəhərinin ekoloji durumu ən azı bu şəhərin daimi sakinlərinə bəllidir. Quru və isti, küləkli iqlimi, çoxsaylı sənaye müəssisələri olan, ölkə əhalisinin təxminən 25 faizinin məskunlaşdığı şəhərin ekoloji durumunun sağlamlaşdırılmasında yaşıllığın böyük və müstəsna əhəmiyyəti vardır. Təbii ki, bütün bunları nəzərə alan görkəmli dövlət xadimi, sabiq Prezident Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu illərdə Bakının yaşıllaşdırılmasına və mövcud yaşıllığın qorunub saxlanmasına böyük önəm vermişdir...

Niyə Bakıda ağac əkmək asan olsa da, əkilənləri qoruyub saxlamaq çox çətindir?

Bakının yaşıllaşdırılmasına hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılır, yeni parklar, bağlar salınır. Bu o dərəcədə diqqətdə saxlanılır ki, hətta Azərbaycanın 1 vitse-prezidenti Mehriban xanım Əliyeva bir müddət əvvəl Azərbaycanda “Ekologiya ili”nin qeyd olunmasını bəyan etmişdi. H.Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Abşeron yarımadasıda, xüsusən də Xəzər rayonunun Qala, Türkan, Buzovna və s. qəsəbələrində yeni zeytun və badam bağlarının salınmasına təşəbbüs göstərdi, ötən ilin payızında qeyd olunan ərazilərdə yüz minlərlə ağac əkilərək bağlar salındı...

***

Bəli, göründüyü kimi, Bakının yaşıllıqlarının artırılması və mövcud olan yaşıllığın qorunub saxlanılması ən yüksək səviyyələrdə vacib məqsəd kimi qayrşıya qoyulub. Bu məqsəd Azərbaycanın bütün bölgələrində diqqətdə saxlanılır. Etiraf edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da bu sahədə böyük əmək sərf edir, qanunsuz ağac kəsmə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görürlər.

Prezident qanunsuz ağac kəsiminə qarşı sərt mövqedə, məmurlar isə...

Bəli, təəssüflə deməliyik ki, həm bölgələrdə, həm də paytaxt Bakıda bir tərəfdən yaşıllıqlar salınsa da, bəzi hallarda məmurların hərəkətsizliyi üzündən vaxtilə əkilmiş qiymətli ağaclar hansısa kommersiya maraqlarına qurban verilir. Təsəvvür edin ki, son 10-15 il ərzində Bakıda bu qanunsuz əməl Milli Məclisi ona məcbur etdi ki, qanunvericilikdə ciddi dəyişiklik edilsin və qanunsuz ağac kəsiminə görə cərimələr və digər inzibati cəzalar sərtləşdirilsin. Bu məqsədlə Milli Məclis 2016-cı ildə Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirən qanuna dəyişiklikləri təsdiqlədi. Beləliklə, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər məbləğdə cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Amma yenə də, xüsusən də ekologiyası narahatlıq doğuran Bakıda yaşıllıqlara qənim kəsilənlər vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bu istiqamətdə bütün səylərinə baxmayaraq yüksək çinli məmurların qanunsuz hərəkətinin qarşısı o dərəcədə alınmaz olmuşdur ki, nəhayət, Prezident İlham Əliyev sərt mövqe sərgiləməli oldu. Məsələn, ötən Yasamal rayonunda çoxillik şam ağaclarının kəsilərək yerində çoxmərtəbəli bina tikintisinə icazə verdiyinə görə Yasamal rayon İH-nin başçısı İ.Mehdiyev vəzifəsindən çıxarıldı, bu işdə günahkar olan digər MTK sədri və qurumun əməkdaşları sərt cəzalandırıldı.
Vəziyyət isə hələki narahatlıq doğuran səviyyədədir. Hansı ki, ölkə başçısı bu sahənin daim diqqətdə saxlanılması üçün aidiyyəti üzrə tapşırıqlar verib, belə faktlar olarsa, kimliyindən asılı olmayaraq sərt münasibət bildirib. Diqqətli oxucular xatırlayar ki, Prezident İlham Əliyevin ağac kəsimi ilə bağlı 13 aprel 2014-cü ildə, Nazirlər Kabinetinin iclasındakı çıxışı belə məmurlara sərt çağırışdır. Prezidentin məlum iclasdakı çıxışından sitat: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır... Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

***

Yəqin yerinə düşər ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıda yaşıllıqların qorunması ilə bağlı narahatlıq dolu tarixi çıxışını xatırlayaq: “Bakıda bir ağacı əkib böyütmək bir il bir övladı böyütməyə bərabərdir. Çünki Bakıda ağac əkmək çətindir. Vaxtilə Bakıda ağaclar yox idi. İyirminci illərdə Bakıya gələn Maksim Qorkinin,Vladimir Mayakovskinin sözlərini yadınıza salın: “Bakıda cəmisi iki-üç dənə ağac gördüm”. Amma biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları, o cümlədən, Bakıxanov, Badamdar qəsəbəsini Bakıdan hava limanına gedən yolu yaşıllaşdırdıq. “Xalqlar Dostluğu” parkını, oradakı ağacları nə əziyyətlə saldıq. Biz iməciliklər keçirirdik, hər həftədə o ağaclar iki dəfə suvarılırdı. Bu Bakı üçündür, xalq üçündür, təbiət üçündür, Bakının iqlimi üçündür. Bəs bu ağacları kəsib onları baqqalxanaya keçirənlər bu ölkəyə xəyanət etməyiblərmi? O kəsilən ağacları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər. Orda gəlib baqqal dükanları salanlar, özlərinə xüsusi mülklər salanların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır”.

Bakının Nəsimi və Nizami rayonlarında ticarət və digər maraqlara qurban gedən ekologiyamız...

Bəli, Bakıda minbir əziyyətlə əkilmiş ağacların kəsilməsinə heç cürə ad vermək mümkün deyil. Yuxarıda rəsmi çıxışından sitatlar təqdim etdiyimiz Azərbaycanın hər iki rəhbərinin ürək ağrısı ilə söylədikləri bu adın təzahürüdür, paytaxtın ekologiyasına ürək ağrısıdır... Lakin çox təəssüflər olsun ki, günü bu gün Bakının mərkəzi rayonlarında belə, Prezident İlham Əliyevin təbirincə desək, gecə ikən gəlib ağacları kəsib yerində ticarətxanalar quraşdıranlar vardır... Ən pisi odur ki, heç kim bu ticarət və ya iaşə obyektlərini boş ərazilərdə deyil, onsuz da tıxaclarla yüklənmiş Bakının əsas yollarının düz kənarında, olan yaşıllıqları məhv edərək tikir-qururlar... Və redaksiyaya daxil olmuş konkret ünvanlarla bağlı şikayətləri araşdırarkən isə dəhşətli mənzərə ilə rastlaşdıq.

Gəlin hər şeyi öz adı ilə çağıraq. Niyə Prezident İlham Əliyev məmu4rları sərt tənqid etdiyi halda, KİV-lər onların əməllərini öz adı ilə çağırmaqdan çəkinməlidir? Faktdır ki, Bakıda böyük ərazilərdə 30-40 ilin bəzək kolları, küknar və Eldar şamları, qovaqlar kəsilərək hansısa kommersantın gələcək nəsli üçün qazanc maraqlarına qurban verilir. Amma o, bu günkü nəslin taleyini, Bakının ekoloji durumunu qətiyyən düşünmür. Bunları fotokameramızın yaddaşına köçürərək təqdim edirik. Dəhşətli olan budur ki, fotolarla təqdim etdiyimiz bu “yaşıl soyqırım” 10 gün əvvəl Nəsimi rayonunun, iki gün əvvəl isə Nizami rayonunun ərazisinndə, ictimaiyyətin gözü qarşısında baş verib, tikinti və ağacməhvetmə isə bu gün də davam edir...
Bakıda məmurların ağackəsmə yarışı

Nəsiminin İcra başçısı niyə yaşıllığın məhvinə göz yumur?

Beləliklə, Nəsimi rayonu 4-cü mkr. Əliisgəndər İsgəndərov küçəsində yerləşən binaların bir qrup sakinləri: “Gəlin öz gözlərinizlə görün 40-50 ilin ağaclarını necə qırıb tökürlər? Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar”.

Deyilən ünvanda olanda gördük ki, doğrudan da hər tərəfi binalarla əhatə olunmuş ərazidə iri texnika işləyir. İri gövdəli ağaclar qırılıb ağır yük maşınları ilə harasa daşınır, yaşıllıq və istirahət yeri olan ərazi artıq tikinti meydançasına çevrilib. Ə.İsgəndərov küçəsinin 1, 3/1, 7, 5, 3, 1a binanın sakinləri professor Asəf İsgəndərov, 76 yaşlı ağsaqqal Mübariz Mirzəyev, İlham Məmmədov, Asif Məmmədov, Mahmud Cəfərov və digər sakinlər gördüklərindən dəhşətə gəlmiş və yana-yana bunları söylədilər:

- Dərdimizi kimə deyək bilmirik. Bu ərazi 70-ci illərdə böyük bir zibilxana idi. Sakinlərin əməyi sayəsində bura abadlaşdırıldı, çoxsaylı Eldar şamları, Küknar ağacları əkildi. Sonradan bu əraziyə 150 ədəd meyvə ağacları əkdik. Uşaqlarımızın istirahət və gəzintisi məhz bu ərazidə olurdu. Birdən-birə o boyda yaşıllığı darmadağın etdilər. Ağacları qıranlar isə bizə dedilər ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun qardaşı burada ev tikir... Bu deyilənlərə ona görə inanırıq ki, dəfələrlə icra hakimiyyətinə, “JEK”ə bildirsək də, tədbir görən olmadı.

Məlum oldu ki, sakinlərin şikayətinə reaksiya verən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov əraziyə gəlib və sakinlərə belə bir söz verib: “Sizə kim deyib ki, burada yaşayış binası tikiləcək? Yanlış məlumatdır. Belə bir şey olsa, qorxmadan deyirəm: burada park salınacaq. Bunu tam səmimiyyətimlə deyirəm”. Ancaq sonrakı gedişat göstərib ki, icra başçısı düz deməyib... Yalnız, ekologiya əməkdaşları əraziyə baxış keçirib, ağac kəsənləri cərimələyib. Vəssalam!

Bakının Nizami rayonunda 40 ilin ağaclarını kəsib yerində yüzlərlə ticarət obyekti tikən kimdir?

Növbəti şikayət Bakının Nizami rayonundan, Q.Qarayev prospektində baş verən qanunsuz ağac kəsimi ilə bağlı idi. Rayonun 8 km. qəsəbə sakinlərindən daxil olan şikayətlə bağlı deyilən ünvanda olduq. Həqiqətən də acı mənzərə idi. Metronun “Neftçilər” stansiyasından “Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun solunda, Nizami RİH-nin inzibati binasının düz qarşısında, dağın sinəsində yaşı 40-50 il olan küknar ağaclarının arasında ticarət obyektləri tikilirdi. Təsəvvür edin ki, bu obyektin uzunluğu metronun yanından 8 km. Bazarınadək uzanıb gedir, hazırda da tikinti və ağacqırma davam etməkdədir.

Bu azmış kimi, ötən həftə sakinlər yenidən şikayət etdilər, məlum oldu ki, Nizami RİH rəhbərliyinin razılığı ilə bu dəfə isə yolun sağ tərəfində-8 km. Bazarının qarşı hissəsindəki yaşıllıq ərazi tikinti altına verilib. Yenə də sakinlərin çağırışına səs verərək ərazidə olduq... Baş verənlər acı təəssüf hissi doğururdu. Ağacların necə kəsilib ticarət mərkəzinin altına verilməsini isə fotokameranın yaddaşına köçürərək aidiyyəti qurumların diqqətinə çatdırmağı jurnalist borcu hesab edirik.

Prezidentin sərt tənqidlərindən nəticə çıxarmamaq məsuliyyətsizliyi...

Mən Bakının iki rayonundan daxil olan şikayətlərin araşdırma nəticəsini təqdim etdim. İkisi də acı təəssüf doğurur. Yuxarıda dedim, Bakının ekologiyası elədir ki, nəinki hər bir vətəndaş, eləcə də hər bir məmur yaşıllıqları qorumaq üçün özünün vətəndaşlıq və məmur borcunu vicdanla yerinə yetirməlidir. Paytaxtın yaşıllıqlarını ticarət və iaşə maraqlarına qurban verən məmurların cəzası niyə də sərt olmasın! Deməli, kimlərdəsə ölkə başçısının ağacların kəsilməsi ilə bağlı sərt tənqidlərinə məsuliyyətsiz yanaşma adətkarlığı var. İnanırıq ki, bu məsuliyyətsizliyə tezliklə son veriləcək... Tezadlar.az

LEGİON.AZ