Nəsimi RİH-in başçısı Asif Əsgərovdan Mehriban Əliyevaya şikayət edildi
Nəsimi rayonu B.Bağırova küçəsi ev 35-də qeydiyyatda olan, lakin qapılarda yaşamağa məcbur qalan 81 yaşlı Səyyarə Məcidovanın dağıdılmış 3 otaqlı mənzilinə niyə kompensasiya verilmir?

“Təzadlar” qəzetinin və saytının ötən saylarında Nəsimi rayonu B.Bağırova küçəsi ev 35-də qeydiyyatda olan, lakin evi dağıdıldığından 10 aydan çoxdur qapılarda qalan 81 yaşlı Məcidova Səyyarə Hidayət qızının problemini işıqlandırmışdıq. Problem də ondan ibarətdir ki, “ARCH-CO” şirkəti tərəfindən ananın evi dağıdılıb və heç bir kompensasiya ödənilməyib. Bu azmış kimi, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 81 yaşlı ağbirçək xanımı evindən çıxartmaq üçün məhkəməyə verib.

Səyyarə Məcidova evi dağıdıldığından 10 aydan çoxdur qapılarda qalıb və şirkət xanıma pul ödəmək istəmir. Adlarını da belə qoyublar ki, pilot layihə olduğundan heç kəsə pul verilmir. Bununla belə, şirkət Səyyarə xanıma 2 otaqlı mənzil və 70 min manat pul təklif edib. Bu isə Səyyarə xanımın 3 otaqlı mənzilinin 1 kvm. 700 manata başa gəlməsi deməkdir. Halbuki şəhərin mərkəzində belə mənzillərə ən azı 1 kvm. 1500 manatdan verirlər. Əslində isə həmin ərazidə evlərin 1 kvm. 2500-3000 manatdır. Mənzilinin 1 kvm. 700 manata başa gəldiyi səbəbindən həmin təkliflə razılaşmayan Səyyarə xanımın evini söküblər, özünü isə Nəsimi RİH başçısı məhkəməyə verib.

Biz yazımızda qeyd etmişdik ki, bununla bağlı Səyyarə Məcidovanın Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyevaya müraciətini təqdim edəcəyik:

Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım!

Sizə müraciət etmək üçün çox tərəddüd etdim. Nəhayət, fikirləşdim ki, mənim iş fəaliyyətim də vaxtilə bir növ Sizin fəaliyyətinizin bir hissəsi ilə uyğundur.

Hamıya məlum olduğu kimi Siz kimsəsiz uşaqlara maddi və mənəvi dayaq olaraq, onlara analıq edirsiniz. Mən də Nizami rayonunda yerləşən 1 saylı Uşaq evinin uzun müddət direktoru işləmişəm. İşlədiyim müddətdə hər bir uşağa öz balam kimi yanaşmışam. Sizin də uşaq evlərində olarkən kimsəsiz uşaqlara öz balanız kimi yanaşmağınızı görəndə həmişə kövrəlmişəm. Hazırda təqaüddəyəm və 81 yaşım var. Özüm də bir çox xəstəlikdən əziyyət çəkirəm. Mən həm onkoloji, həm də şəkər xəstəsiyəm. Eyni zamanda qan təzyiqim də var və bir böyrəyim də yoxdur. Mən heç kəsə ağız açmadan öz müalicəmi özüm həyata keçirirəm. Bundan ötrü indiyə qədər 85 min manata qədər borc eləmişəm. Arxayın olmuşam ki, şəhərin mərkəzindəki 3 otaqlı evimi satıb, həm borclarımı ödəyərəm, həm də müalicəmi davam etdirərəm.

Hörmətli Mehriban xanım!

Mənim bu arzumun həyata keçməsinə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, “ARCHİ-Co” MMC-nin direktoru Musa Musayev və Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayev mane oldular. Hörmətli Prezidentimiz İlham Əliyevin etimad göstərib, rayona başçı təyin etdiyi Asif Əsgərov, açıq demək olar ki, prezidentim etimadını doğrultmur. Əgər araşdırma aparılsa, məlum olar ki, ən çox şikayət olunan icra başçılarından biri də Asif Əsgərovdur. Hörmətli Prezidentimiz cənab İlham Əliyev məmurlarla hər görüşündə bildirir ki, onlar xalqa xidmət eləməlidir. Ancaq mənim kimi 81 yaşlı ziyalı, çoxsaylı xəstəliklərdən əziyyət çəkən bir xanıma Asif Əsgərov olmazın problemlər yaradırsa, onda burada xalqa xidmət etməkdən söhbət belə gedə bilməz. Asif Əsgərov şirkətin rəhbərliyi ilə birləşərək mənim 3 otaqlı mənzilimi söküb, yerlə bir edibdir. Ancaq hələ də mənə kompensasiya vermək istəmirlər ki, pul verilməsi pilot layihədə nəzərdə tutulmayıb. Onlar istəyirlər ki, evimin yerində tikiləcək binadan mənə mənzil versinələr. Mən isə bununla razılaşmıram. Axı mənim 81 yaşım var, özüm də göstərdiyim kimi bir çox xəstəlikdən əziyyət çəkirəm ki, onlardan da biri onkoloji xəstəlikdir. Mənə bir kimsə təminat verə bilməz ki, həmin ünvanda bina tikilib hazır olana qədər mən yaşayacağam. Bu səbəbdən istəyirəm ki, qaydalara uyğun olaraq, mənim mənzilimin pulunu versinlər, mən də həmin pulla özümə bir, ya iki otaqlı mənzil alım ki, öləndə məni özgənin qapısından götürməsinlər. Mənim mənzilimin təxminən 200 min manata yaxın olan məbləğin verilməsi “ARCHİ-Co” şirkəti və Nəsimi Rayon

İcra Hakimiyyəti üçün heç bir problem yaratmır. Sadəcə bir istək olmalıdır ki, 81 yaşlı, ziyalı bir xanımı qapılarda qoymasınlar. Onlar yəqinki onu nəzərdə tuturlar ki, həmin bina tikilənədək mən həyatda olmayacağam və...

Hörmətli Mehriban xanım!

Mən inanıram ki, hamıya xeyirxahlıq göstərən bir insan kimi, mənim bu müraciətimi də nəzərə alacaqsınız. Məhz Sizin müdaxilənizdən sonra, ümidvar olduğumu bildirmək istəyirəm ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident seçkiləri ərəfəsi vətəndaşlara problem yaratmağa son qoyacaq. “ARCHİ-Co” şirkəti isə nəhayət insafa gəlib, yaşlı bir ananın göz yaşlarına son qoyaraq, mənim mənzilimə uyğun pulu ödəyəcək. Onu da diqqətə çatdırım ki, “ARCHİ-Co” şirkəti “Təzadlar” qəzetinin və saytının mənim barəmdəki yazısından sonra nümayəndə göndərərək, mənə 10 aylıq kirayə pulunu verməyi təklif etdilər. Bu isə o deməkdir ki, mən onların təklifləri ilə razılaşmalıyam. Yəni bu yaşlı vaxtımda onların müqaviləsinə qol çəkib, neçə iləsə tikiləcək evi gözləməliyəm. Mənim isə buna ömrüm yetməyəcək. Odur ki, Sizdən yaşlı bir azərbaycanlı ana kimi xahiş edirəm, bu insanlara təsir göstərin ki, qanunla mənə çatacaq pulu versinlər. Mən də həmin pulun bir hissəsini ömrümün qalan bu az hissəsinə həsr edim, həm də qohum-əqraba qapılarında qalmaqdan canım qurtarsın.

Əvvəlcədən sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə:
S.H.Məcidova