Mahmud Rasimoğlu: “Vətəndaş cəmiyyətini yaradanlara dəstək verməliyik”- MÜSAHİBƏ
“Qafqaz Xəbər” qəzetinin bugünki qonağı “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasim oğlu Tağıyevdir .
– Mahmud müəllim, Sizi bizim redaksiyada xoş gördük. İlk öncə bilmək istərdik ki, ictimai fəaliyyətinizlə bağlı işlər necə inkişaf edir?

– İctimai fəaliyyətimiz öz axarınca normal davam edir, necə deyərlər, həmişəki kimi. Biz radikal deyilik və ən əsas da hansısa məsələni ictimaiyyət qarşısında qaldıranda çalışırıq ki, həmin məsələ faktlara söykənsin. Ən vacibi isə qaldırdığımız məsələnin sonda öz qanuni həllini tapmasıdır.

– ”Biz radikal deyilik deyəndə” Siz nəyi nəzərdə tutursunuz?

– Demək istəyirəm ki, biz xarici təşkilatlar tərəfindən maliyyələşmirik və ən əsası da xarici dövlətlərin hər hansısa bir təşkilatı qarşısında heç bir öhdəliyimiz yoxdur. Mənim fikrimcə radikallıq bəzən öhdəçilikdən irəli gəlir. Ola bilsin ki, bu günləri də bəzi radikal müxalifətçilərin xarici xüsusi xidmət orqanlarının qarşısında öhdəlikləri olduğu üçün onları məcbur edirlər ki, radikallığa əl atsınlar. Mənim bu sözlərimdən sonra müxalifət düşərgəsində olanların bəziləri məni tənqid atəşinə də tuta bilər. Ancaq əvvəlcədən mən onlara bildirmək istəyirəm ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm və təsis etdiyim İctimai birlik 6 il ərzində ancaq insanların sosial problemlərinin qanuni yolla həllini tapması ilə məşğul olub. Qaldırılan məsələlər günün bir çox tələbləri ilə əlaqəli olur və onların  cəmiyyət üçün də aktual olduğunu nəzərə alaraq zəruri hallarda bu barədə ictimaiyyəti də məlumatlandırmışıq.

– Mahmud müəllim, bildiyimizə görə Sizin təsis etdiyiniz ictimai birlik 6 il fəaliyyət göstərməsinə baxmayaraq hələ də Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Bununla bağlı nə deyə bilərsiniz?
– Bir çox insanlar ictimai birliyin qeydiyyatdan keçməyini bir az başqa cür başa düşürlər. Hətta elələri də var ki, gedib hazır qeydiyyatdan keçmiş ictimai birlikləri pulla alırlar ki, nə var,nə var, əllərinə birliyin möhürü keçsin. İctimai birliyi dövlət illərlə qeydiyyatdan keçirməyə bilər, ancaq bu o demək deyil ki, oturub illərlə birliyin qeydiyyatdan keçməyini gözləmək lazımdır. Birliyi təsis etmisənsə, təsis olunma haqqında da lazımi sənədləri toplayıb Ədliyyə Nazirliyinə göndərmisənsə, öz işini və tutduğun yolu davam etmək lazımdır. Mənə hətta bir neçə yaxın yoldaş  sual verdi ki, bəs birdən sizdən savayı başqa bir şəxs də bu adda ictimai birliyi qeydiyyatdan keçirmək istədi və Ədliyyə Nazirliyinə müraciət edərək qeydiyyatdan keçdi,onda necə olacaq?! Əlbəttə ki, həmin suala cavabım özünü çox gözlətmədi. Mən yoldaşlara izah etdim ki, həmin adla “Qafqaz Region” MMC və elə Ədliyyə Nazirliyində “Qafqaz Region” adlı ictimai siyasi qəzet də təsis etmişəm. Yəqin ki, bu qeydiyyatlardan keçməyimi nəzərə alan Ədliyyə Nazirliyi 6 il heç bir səbəb göstərmədən birliyi qeydiyyatdan keçirməməsinə baxmayaraq mənə qarşı belə bir ədalətsiz addım atmaz.
– Mahmud müəllim gələcək planlarınızı bilmək maraqlı olardı

– Gələcək planlarımda birinci növbədə “Qafqaz Region” İB-nin fəaliyyətini genişləndirmək durur. İB-nin əməkdaşlarının ştatını artırmaq niyyətindəyik. Əsas işimiz yenə də, təkrarçılıq olmasın, bəzi məmurların qapısında öz probleminin həllinə nail ola bilməyən vətəndaşlara, problemlərinin həllinə kömək etməkdən ibarət olacaq. Çünki məsələn, vətəndaş üz tutur “Qafqaz Region” İB-ə və bizim də əsas işimiz onun problemini ictimaiyyət qarşısında qaldıraraq həmin problemin həllinə nail olanacan ona dəstək olmaqdır. Ancaq ölkədə siyasi gərginlik yaratmaq və digər, dövlətçilik əleyhinə olan mənfi işlər, bu 6 ildə bizim missiyamıza tamamilə  uyğun olmayan gəlməyən və heç vaxt da uyğun gəlməyəcək işlərdir. Biz həmişə dövlətçiliyə qarşı yönələn meylləri pisləmişik və onlara qarşı çıxırıq. Bilirsiz, mən vaxtı ilə dövlət qulluğunda çalışmışam. Hər bir müsbət irəliləyişə mübarizə ilə nail olmaq olar, ancaq mübarizəni gərək elə aparasan ki, qarşı tərəf də başa düşsün ki, sən bu problemi siyasiləşdirmədən həllinə nail olmaq istəyirsən, haqlısan və bu məsələ ictimai qınağa çevrilməyərək öz həllini tapmalıdır. Yoxsa ki, xaricdən dövlət əleyhinə çıxışlar etmək, nə bilim ağlına gələnləri yazıb danışmaq yolverilməzdir. Bilirsiz, belə olmaz, bu normal mübarizə taktikası deyil və mən onların bu cür hərəkətlərini heç cür anlaya bilmirəm. Neçə illər bir neçə mətbu orqanın inkişafı üçün onlara məsləhətlər vermişəm və həmin mətbu orqanlarda qaldırdığım problemlər işıqlanıb. Hərdən bu neçə illər ərzində qaldırdığımız problemləri gözümün qarşısından keçirirəm, özüm-özümə düşünürəm ki, əlbət mən bu problemləri işıqlandırarkən şir ürəyi yemişəm. Düzdür, mən o mübarizələrdə tək olmamışam, mənim yanımda komandam olub. Bu yolu seçən insanların öz komandası olmalıdır. Mənim də öz komandam var. Komanda üzvlərini hərdən təzələyirəm, ancaq mübarizəmi davam etdirirəm və komandanın yeni üzvləri də bizim mübarizəyə baxıb heyran qalırlar. Ola bilər ki, kimsə mənimlə bağlı 6 il əvvəl Ədliyyə Nazirliyində neqativ fikir yaradıb ki, bizi qeydiyyatdan keçirmirlər. Ancaq görün bu 6 ildə biz nə qədər işlər görmüşük, nə qədər insana kömək etmişik. Saymaqla qurtarmaz. Mən bu gün fəxr edirəm ki, bu ölkədə ictimai fəaliyyətlə məşğul oluram. Özü də mənə başqaları ilə müqayisədə bir az da asandır. Çünki mən hüquq mühafizə orqanlarından bu sahəyə gəlmişəm və demək olar ki, ölkə ərazisində əməliyyat mövqeyim güclüdür. Ətrafımda yığılan komandamın əksəriyyəti hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarıdır. Dünyanın ən güclü silahı qələmdir, hüquq mühafizə orqanlarında xidmətimi başa vurduqdan sonra tapançamı qələmə dəyişmişəm və bununla da fəxr edirəm.

– Mahmud müəllim, müsahibəyə razılıq verməyinizin əsas səbəbi nədir?
– Bilirsiniz, qarşıda prezident seçkiləri gəlir və düşünürəm ki, biz vətəndaş cəmiyyətini yaradanlara dəstək verməliyik. Vətəndaş cəmiyyətini də qeyri-stabil şəraitdə olan ölkədə yaratmaq olmaz. Biz çalışmalıyıq ki, ölkədə stabillik olsun, siyası gərginlik olmasın. General Şarl de Qoll öz ölkəsi Fransada vətəndaş cəmiyyəti yaratdı, ancaq xarici qüvvələrin dediyi ilə oturub – durmadı və sonda prezident postundan istefa verdi. Ancaq lap sonda nə oldu?! Şarl de Qoll bu gün  bütün fransızların ürəyində elə böyük insan, xilaskar general kimi də qalıb, iz qoyub. Sadəcə o vaxt xarici kəşfiyyat orqanları bəzi gəncləri radikallığa məcbur etdilər, onlar da küçələrə axışıb Şarl de Qollun istefasını tələb etdilər. İndi isə onun müasirləri olan həmin fransızlar yaşlaşıblar və de Qolldan yaxşı mənada ağız dolusu danışırlar. Elə bil ki, o vaxt küçələrə çıxıb onun istefasını tələb edən həmin gənclər olmayıblar. Mənim müsahibə vermək fikrim yox idi , ancaq görürəm ki, cəmiyyətin aktiv üzvləri nədənsə susur. Bir- iki gənc çıxıb fikirlərini söyləyirlər. Ancaq cəmiyyətin aktiv üzvləri, ictimaiyyətin gündəmini dəyişə bilən fikir sahibləri elə bil ki, qış yuxusuna gediblər. Onların belə biganəliyi, müşahidəçilik mövqeləri məndə təəccübdən çox təəsüf hissi yaratdı və düşündüm ki, öz münasibətimi və ən əsası, vətəndaş mövqeyimi bildirmək zamanıdır. Məni tanıyanlar tanıyır və bir çoxları məni çox çətin, ağır işlərin öhdəsindən gəlməyimin şahidi olublar. Mənim üçün fərq etməz; istər sıravi vətəndaş, istərsə də məmur, əsas odur ki, haqq-ədalət onun tərəfində olsun və onu müdafiə edib dəstək vermək lazımdırsa, axırıncı nəfəsiməcən ona dəstək verib həmin insanın yanında olacam. Hələ özümlə öz komandamı da aparıb onlara izah etməyi bacaracam ki, bu insana dəstək olub onu müdafiə etmək lazımdır. Yalnız həmin insan sonda bizim özümüzə, daha doğrusu öz probleminə xəyanət eləməsin. Xəyanət oldusa, özümdən asılı deyil, həmin işdən əlim soyuyur, özüm-özümü bağışlaya bilmirəm ki, mən bu işə niyə qoşuldum. Mənim kimi xəyanətlə üzləşənlər məni daha yaxşı başa düşərlər. Belə bir deyim var: “Xəyanət edənin, bunu bir də etməyəcəyinə zəmanət yoxdur”. Ona görə də xəyanət bağışlanılmaz əməldir. Bir az əvvəl qeyd etdim ki, Prezident seçkisi ərəfəsindəyik. Ölkənin gələcəyi, vətəndaşların müqəddəratı üçün vacib bir zaman kəsiyindəyik. Öz vətənini sevən, dövlətinə sədaqətli olan, dövlətçiliyi qoruyan hər kəs özünün demokratik, dünyəvi və hüquqi dövlət olan Azərbaycan Respublikasının vətəndaşı olduğunu sübut etməyə borcludur və apardığı mübarizə sivil qaydada olmalıdır. Mən başqa yol tanımıram.
Araz Məmmədov

“Qafqaz Xəbər” qəzeti