Alimpaşa Məmmədovun trolları Aynur Abdullayevanın müdafiəsinə qalxdılar
Məlumat üçün bildirək ki, bir neçə gündür ki, “Qafqaz Xəbər” qəzetində Şəmkir icra hakimiyyətinin müavini Aynur Abdullayeva barədə yazılar dərc olunur.
Xatırladaq ki, redaksiyamıza daxil olmuş məlumat əsasında hazırlanan yazıda bildirilir ki, Şəmkir İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində Dubaya istirahətə gedib, şəxsi “İnstagram” səhifəsində orada çəkdiyi hamam şəkillərini və digər şəkilləri paylaşıb.
Məlumatı göndərən buna görə Aynur Abdullayevanı qınayır və sual verir ki, gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?: “Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Hər kəsin seçkiyə hazırlaşdığı vaxtda bu qız Dubaya gedir, orada qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdə paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir.
Bu qız özünü düşünmürsə, heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin.” Yuxarıda təqdim etdiyimiz yazı dərc olunandan sonra, “Qafqaz Xəbər”ə zəng edib özünü Aynur Abdullayevanın “dayısı oğlu” kimi təqdim edən şəxs gedən məlumatla bağlı “kömək” istəyərək deyib: “Sizdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva haqda yazı gedib. Mən Aynur xanımın dayısı oğluyam. Aynur xanım xahiş elədi ki, sizə deyim ki, o yazını silək”.
Əməkdaşımız həmin yazının silinməsi ilə bağlı xahişə cavab verib ki, dərc olunan yazı silinmir, sadəcə olaraq dərc olunan yazı ilə bağlı hər kəsin öz fikrini, mövqeyini bildirmək hüququ var. Aynur Abdullayevanın “dayısı oğlu” isə öz bibisi qızının adından bildirdi ki, “O, qeyri-iş günü olduğundan istirahətə gedib və bazar günü Azərbaycana qayıdacaq”. Ancaq bu yazılardan sonra feysbuk sosial şəbəkəsində trollar bu yazını hazırlayan və paylaşan jurnalistləri təhqir edərək Aynur Abdullayevanın əməlinə bəraət qazandırmaq istəyirlər. Əldə etdiyimiz məlumata görə bu trolların “xozeyni” Şəmkir icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. Bizə maraqlıdır ki, Alimpaşa Məmmədovun trolları, xarici ölkələrə qaçıb ordan Azərbaycan hökumətini, dövlətdə yüksək vəzifə tutan mötəbər şəxsləri təhqir edənlərin niyə cavablarını verib hökümətin müdafiəsinə qalxmırlar?!
Ancaq jurnalistlər Alimpaşa Məmmədovun kadrı olan Aynur Abdullayevadan haqlı tənqid yazan kimi kimi, trollar başçının özünün şəxsən etimad göstərib vəzifəyə təyin etdiyi kadrına qahmar çıxırlar. Bizim fikrimizcə Alimpaşa Məmmədov özü keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı olduğu üçün, bu gün ona sərf eləmir ki, onun muzdlu trolları hökümətin müdafiəsinə qalxsınlar. Necə deyərlər, onlar bu gün başda eks-nazir Fazil Məmmədov olmaqla hökumətdən küskündürlər.
Alimpaşa Məmmədov haqda bu məlumat bizdə maraq doğurduğu üçün onun karyera tarixinə ekskurs etdik və məlum oldu ki, Alimpaşa Məmmədovu bu zirvəyə gətirib çıxardan Fazil Məmmədovdan əvvəl onun “xozeyni” keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qudası, MM-in deputatı Əliağa Hüseynov olub. Hətta bir neçə il əvvəl Alimpaşa Məmmədov barəsində Salyanla əlaqəli prokurorluq orqanlarında cinayət işi qaldırılsa da sonradan Əliağa Hüseynov böyük səy göstərərək həmin cinayət işinə xitam verilməsinə nail olub. İndi Alimpaşa Məmmədovun trollarının feysbukda jurnalistləri təhqir etməsi heç də təəccüblü deyil. Çünki necə deyərlər, trolların “xozeyni” Alimpaşa Məmmədov çox yaxşı bilir ki, Aynur Abdullayevadan sonra növbə onun ola bilər. Üstəlik sonuncu yazıda bayram günlərində Şəmkir icra hakimiyyətinin qapılarının bağlı olmasını etiraf edən Aynur Abdullayevanın dayısı oğlu, Alimpaşa Məmmədovu çıxılmaz vəziyyətdə qoyub.
P.S. Maraqlıdır ki, bizim Aynur Abdullayeva ilə bağlı birinci yazı 24 mart 00:01-də dərc olunub və bizim yazımızdan sonra Aynur Abdullayevanın yadına düşüb ki, qarşıdan prezident seçkiləri gəlir və o öz feysbuk səhifəsində 24 mart saat 17:21- də 11 aprel seçkilər günü ilə bağlı paylaşıma edib. Yaxşı ki, mətbuat var və bəzi məmurları silkələyib qış yuxusundan oyadır.
Tamerlan Zeynallı

“Qafqaz Xəbər” qəzeti

Şəmkir icra başçısının xanım müavini seçki təbliğatının qızğın çağında Dubayda istirahət edir-FOTOLAR