Kərəm Həsənovun idarə rəisi Sumqayıtda bazar açıb?
ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt 2 saylı ərazi idarəsinin rəisi Rövşən Əhmədov barədə 365info saytına ilginc məlumat daxil olub.
Məlumata görə R.Əhmədov “Yaşma” bağ massivində 6 sot torpaq sahəsinə verilən çıxarışın “qiyməti”ni 2 min manata qaldırıb.

Jurnalistimizin apardığı araşdırmalara görə iki ay əvvəl Rövşən Əhmədov özü də “Yaşma” adlanan bağlar massivində yarım hektar torpaq sahəsi əldə edib. Və həmin ərazinin dəniz kənarında yerləşdiyini biləndən sonra 6 sot torpaq sahəsinin çıxarışının “qiyməti”ni 500 manatdan 2 min manata qaldırıb. R.Əhmədova bu işdə yardımçı olan onun işçisi, idarənin şöbə rəisi İsmayıl Mehdiyevdir. Zahiri görünüşündən ziyalı bir insana oxşayan İsmayıl Mehdiyevlə görüşən vətəndaşlar çıxarışın “qiyməti”ni 2 min manata qaldırıldığını eşidəndən sonra məcbur olub mətbuata üz tuturlar. 2 min manatı verə bilməyən vətəndaşlara İsmayıl Mehdiyev tərəfindən “nağıl oxumağa” başlanılır ki, guya onların torpaq sahəsinin sənədləri tam tərtib olunmayıb. Ancaq 2 min manatı verən vətəndaşların tam tərtib olunmayan sənədləri yəqin ki, sonradan R.Əhmədova məruzə olunaraq İsmayıl Mehdiyev tərəfindən tərtib olunur.

Yazı dərcə hazırlanarkən təsadüfən redaksiyamıza qonaq gələn juralistlərdən biri də bu cür qanunsuzluqla üzləşdiyini bildirib. Ancaq jurnalist araşdırmalarını davam etdirdiyi üçün bizim sayta açıqlama vermədi.

Əldə etdiyimiz məlumata görə R.Əhmədov özü də “Yaşma” bağ massivində villa tikməyə start verib. Görünür villanın tikintisinə start veriləndən sonra çıxarışların qiyməti 500 manatdan 2 min manata qalxıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin nümayəndəsi, demək olar ki, hər gün televizya və radio verlişlərində çıxış edərək bildirir ki, vətəndaşların çıxarışı asan yolla əldə etmələri üçün ƏMDK tərəfindən bütün şərait yaradılıb. Ancaq komitənin mətbuat xidmətinin bu çıxışları deyəsən sadəcə ölkə ictimaiyyətinin gözünə kül üfürməkdən başqa bir şey deyil.

Bu məlumatla bağlı dəfələrlə R.Əhmədovun qəbuluna gedərək, onun və şöbə rəisi İsmayıl Mehdiyevin məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq, ancaq təəssüflər olsun ki, idarənin girişində dayanan polis əməkdaşı bildirdi ki, nə R.Əhmədov nə də ki, İ.Mehdiyev iş yerində yoxdurlar və onların nə vaxt iş yerinə gələcəkləri məlum deyil.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla da əlaqə yaratmağa çalışdıq, ancaq əfsuslar olsun ki, onu da tapa bilmədik.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Əfəndi

365İNFO.AZ