“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı, vətəndaş nazirə şikayət etdi
Son zamanlar istehlakçıların bir sıra yerli istehsalçılardan şikayətləri çoxalıb.Tez-tez mətbuatda oxumaq olur ki, hanısa ərzaq məhsulundan nəsə yad bir cisim çıxdı, ya da tarixi keçdiyindən filan məhsulu kif basır, pis qoxu gəlir və sairə neqativ hallar. 

“Konfirom” MMC -nin istehsal etdiyi məhsullar da bu sarıdan istisna deyil. Belə ki, Ucar sakininin mağazadan aldığı “Konfirom” MMC -nin istehsalı olan şokoladın içindən dəmir parçası çıxıb.
 

Bu barədə “Qafqaz Xəbər” qəzetinə məlumat verən rayon sakini Kamil Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı artıq iqtisadiyyat naziri Şahin Mustafayevə məktub göndərib: “Başıma gələn hadisə ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayevin elektron poçtuna şikayət məktubu göndərmişəm. “Koniform” MMC-nin əməlləri barədə həmçinin bu gün nazirə məktubla Mərkəzi poçtdan da şikayət ərizəsi göndərmişəm. Mətbuat vasitəsi ilə də nazirə müraciət edirəm: “Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki, 23 mart 2018-ci il tarixdə çay içən zaman şokoladın içindən dəmir qırıntısı çıxdı.Bu şokoladı Bakı şəhəri ,Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC istehsal edir. Floriya Rossi adlı, içərisindən dəmir qırıntısı çıxan bu şokoladı və kağızını sübut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər var. Əgər diqqətli olmasaydım sağlamlığıma ciddi zərər dəyərdi. Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. “Darenka”, “Bəhri”, “Floriya” “Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhsullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsulları Azərbaycan bazarından çıxarılmalı və bu şirkətin, insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir.

Cənab Nazir! Sizdən xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunsuz fəaliyyətlə məşğul olan, insanların həyat və sağlamlıqlarını təhlükədə qoyan Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görəsiniz”.
 

Qeyd edək ki, “Konfirom” dan bundan əvvəl də digər vətəndaşlar tərəfindən şikayətlər olub.

Məsələn mətbuatda dərc olunan belə şikayətlərin birində bildirlir ki, bu şirkətin istehsal etdiyi “Darenka” şokolad məhsullarının üzərində istehsal tarixi və istifadə müddəti yoxdur. Bildirir ki, şokoladların nə zaman istehsal olunduğu, istifadə müddətinin keçib-keçmədiyi yazılmadığından, alıcılar bu südlü şokoladlara şübhə ilə yanaşmağa məcburdurlar: ““Darenka” şokoladlarının istehsalçısı “Konfirom” MMC-dən məsələ ilə bağlı bildirilib ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılmır: “Ticarətdə belə qayda-qanun yoxdur ki, kiloqramla satılan məhsulun üzərində istehsal tarixi yazılsın. Həmin kağızlar xaricdə sifariş olunur. Bükülüb yığıldıqdan sonra qutunun üzərinə istehsal tarixi vurulur. Mağazalarda da həmin qutular vitrinə qoyulmalıdır ki, alıcı məhsulu alanda istehsal tarixini görə bilsin. Lakin mağazalar buna əməl etmir”. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da qanunun mağazalar tərəfindən pozulduğunu bildirdi. Ekspertin sözlərinə görə, mağazalar istehlakçı hüquqlarına məhəl qoymur: “Kiloqramla satılan konfetlərin üzərində istehsal tarixinin olmaması qanunidir. Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, həmin məhsul mağazada satışa qoyularkən qutunun üzərindəki istehsal tarixi, saxlama müddəti və s. qeydlər mütləq sözügedən satış bölməsində göstərilməlidir. Bu qayda isə həm yerli, həm də xarici məhsulların satışı zamanı pozulur”. Xatırladaq ki, “Darenka” yerli məhsul olsa da, kifayət qədər məşhurdur və bahalı şokoladlardan sayılır”. (Axar.az ) 

“Qafqaz Xəbər” qəzeti olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Tamerlan Zeynallı

“Qafqaz Xəbər” qəzeti