“Məgər “Sumqayıt Nəqliyyat” avtobuslardakı qanunsuz əlavə oturacaqları görmür ?!”- Sumqayıt Avtovağzalından şikayət
Sumqayıtdan işləyən avtobuslardakı qanunsuz oturacaqlar təhlükə yaradır 

“Son zamanlar Sumqayıt şəhərinə müasir standartlara cavab verən xeyli sayda sərnişin avtobusları gətirilib. Marşrut xətlərindəki bir çox köhnə avtobuslar iritutumlu və komfortlu avtobuslarla əvəzlənib.
 
Bunun nəticəsində şəhərdaxili sərninişindaşımada müəyyən irəliləyişlər olsa da, Sumqayıt Avtovağzalından Bakıya və Yarmarka (Sədərək TM və Binə TM) istiqamətində və əksinə hərəkət edən 509 saylı marşrut avtobusları sərnişinlərin həyatı üçün təhlükə mənbəyi olaraq qalır”.
 
Bu barədə “Qafqaz Xəbər” qəzetinə Sumqayıt sakini məlumat verib.
 
Onun sözlərinə görə, “Sumqayıt Nəqliyyat” MMC-in rəhbəri Xannı Rüstəmov mətbuata açıqlamalarında tez-tez deyir ki, onların nəqliyyat müfəttişləri yoxlamalar keçirir, avtobuslara nəzarət edir:
“Amma sözügedən marşrut xəttindəki avtobusların əksəriyyəti standartlara uyğun gəlmir. Bu, bir yana qalsın, adıçəkilən avtobusların demək olar ki, hamısında daha çox sərnişin yığmaq üçün qanunsuz olaraq kustar üsulla əlavə oturacaqlar quraşdırılıb ki, bu da sərnişinlərin həyatını riskə atır. Çünki bunlar yol-nəqliyyat qəzaları zamanı faciənin fəsadlarını artırır, belə olan halda ölüm hallarının, yaralıların sayı artır. Bu həm də nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması deməkdir. Bu marşrut xəttlərində hər gün 100-lərlə avtobus işləyir və onların əksəriyyətinin salonunda konstruksiya dəyişikliyi edilib.Ya ortaya əlavə oturacaqlar quraşdırılıb, ya oturacaqlar sıxlaşdırılır ki, daha çox adam mindirmək mümkün olsun və qazanc çox götürülsün. Əlavə oturacaqlar təkcə ortada yox, əsas oturacaqlar olan hissədə, arxada da qoyulub deyə bu avtobuslarda heç tərpənmək belə olmur, bir qayda olaraq nəzərdə tutulduğundan çox insan daşınır”.
 
Şikayətçi onu da diqqətə çatdırıb ki, təhlükəsizliyin təmin edilməməsi bir yana, belə avtobuslarda yol getmək çox sıxıcıdır və sərnişinlərdə narahatlıq doğurur:
 
“Burada komfortdan söhbət belə gedə bilməz. Bu marşrutdakı avtobuslarda ayaqları belə rahat yerləşdirmək olmur, arxa oruracaqdan kimsə yolda düşmək istəyəndə mütləq qabağındakı əlavə oturacaqlarda oturanlar bir-bir durmalıdır ki, bu həm vaxt aparır, narazılıq doğurur həm də sərnişinlər yolboyu sıxıla-sıxıla otururlar.
 
Məgər “Sumqayıt Nəqliyyat” bunları görmür?! Bunun üçün reyd keçirməyə ehtiyac yoxdur. Ola bilməz ki, bu biabırçı haldan nəqliyyat sahəsinə məsul, aidiyyatı şəxslərin xəbəri olmasın. Sadəcə olaraq çox güman ki, ortada “haqq” məsələsi var ki, məhz ona görə də, bu qanunsuzluğa göz yumulur. Əgər həqiqətən görmürlərsə gəlib avtobusların içinə baxıb görə bilərlər ki, onun sürücüləri tərəfindən orada avtobusların konstruksiyalarının başına nə oyunlar açılıb.
 
Tez-tez eşidirik ki, Sumqayıtda filan yerdə qanunsuz sərnişindaşınma ilə məşğul olan filan təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitəsi xəttdən çıxarılıb, cərimə olunub, avtobus ya mikroavtobus cərimə meydançasına aparılıb, salonunda olan əlavə oturacaqlar yerində sökülüb, sürücülər barəsində protokol tərtib edilib, nə bilim nə..
 
Ancaq Sumqayıt Avtovağzalındakı adıçəkilən bu avtobuslar qeyri-qanuni işləmir, avtovağzaldan tam qanuni şəkildə icazə ilə reysə çıxır.
 
Bəs niyə bu avtobuslar dəyişdirilmir, əgər dəyişdiriləcəksə, niyə göz yumulur tədbir görülümür bu qanunsuzluğa?!
 
Bildiyimiz kimi “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindədir. Buna görə ümid edirik heç olmasa, Sumayıt icra hakimiyyəti, icra başçısı Zakir Fərəcov bu məsələyə əncam çəksin.
 
Sürücülərin və nəqliyyata məsul şəxslərin bu cür yolla çox qazanc götürmək istəyi çoxlu sayda insanın həyatının itirməsinə səbəb olur.
 
Buna ən bariz nümunə keçən ilin martında Abşeron rayonunda baş vermiş faciə ilə sonunclanmış yol qəzasını göstərmək olur.
 
Xatırladım ki, o zaman Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
 
Həmişə belə dəhşətli yol-nəqliyyat qəzası olandan sonra reydlər olur və bir-iki gün hansısa tədbirlər görülür qanunsuzluqlarla bağlı,amma sonra yenə hər şey öz köhnə-qanunsuz qaydasında davam edir. Görünür buna maraqlı qüvvələr var”.
 
Şikayətçi vətəndaş həmçinin qeyd edir ki, bu avtobusların fəaliyyət göstərdiyi Sumqayıt Avtovağzalının da yenilənməsinə ehtiyac var:
“Çünki bu Avtovağzal müasir standartlara cavab vermir, keçən əsrin 70-ci illərin sovet avtovağzallarını xatırladır. Burada xidmət, komfort sıfır səviyyəsindən də aşağıdır, formal xarakter daşıyan kassa olsa da bilet sistemi ümumiyyətlə yoxdur, xaos, cəngəllik, dərəbəylik hökm sürür Sumqayıtın Avtovağzalında. Halbuki şəhərə gələn turistlər şəhərin giriş qapısı sayılan avtovağzallara görə şəhər haqda mühakimə yürüdür. Hətta, indi ən ucqar rayonlar var ki, onların avtovağzalları ölkənin əhalisinə görə 2-ci böyük şəhərdəkindən yaxşıdır. Hər halda hörmətli Zakir müəllim bunu nəzəratə götürüb bir tədbir görsəydi pis olmazdı”.
 
Qarşı tərəfi də dinləməyə hazırıq.
 
“Qafqaz Xəbər”qəzeti