Cavid Qurbanovun qardaşı iflic olub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qəmbər oğlu Qurbanov həm də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşıdır.
LEGİON.AZ saytına daxil olan məlumata görə İlqar Qurbanov iki ay bundan əvvəl iflic olub. Təcili Almaniyaya aparılan İlqar Qurbanov orada müalicə aldıqdan sonra ölkəyə qayıdaraq Qəbələ rayonundakı villasında ev şəraitində müalicəsini davam etdirir.

Əldə etdiyimiz məlumata görə həkimlərin son diaqnozundan bəlli olub ki, İlqar Qurbanovun səhhətində müsbət dəyişiklik yoxdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu diaqnozdan məlumatlıdır. Belə olan halda oxuculara İlqar Qurbanovu vəzifəsində kimin əvəzləyəcəyini bilmək maraqlı ola bilər.

Redaksiyamıza daxil olan bu məlumat bizə də maraqlı gəldiyindən İlqar Qurbanovun fəaliyyəti ilə bağlı ölkə mətbuatında yazılanlara nəzər yetirdik.

Məsələn, bir müddət əvvəl mətbuat orqanlarının birində bu şəxsin qaranlıq keçmişi və fəaliyyəti araşdırılıb: “İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-10-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarətdir.

Rəsmi məlumatlarda göründüyü kimi, Əhalinin Əmək və Sosial müdafiəsi nazirliyi yanında yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əllilliyin müəyyən olunmasında önəmli rol oynayır.

Lakin təəssüflər olsun ki, İlqar Qurbanovun rəhbərliyi altında xidmətin uğurlarından deyil, qanunsuz fəaliyyətindən eşitdiklərimiz qulaq batırır.

Qeyd edək ki, İlqar Qurbanovun yeni yaradılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi vəzifəsinə təyin olunmasından sonra, bu sahədə ciddi narazılıqlar baş qaldırdı. Xidmətin tabeçiliyində olan Tibbi Sosial Ekspert Komissiyalarının bölgələrdə vətəndaşlardan kütləvi şəkildə rüşvət tələb etmələri nazir Səlim Müslümovu da narahat etdi. Lakin «özünün qazdığı quyu»ya özü düşən nazir yerli TSEK-lərin səlahiyyətlərini əlindən alıb İ.Qurbanova verdi. Çoxdan gözlədiyini əldə edən İ.Qurbanov qısa müddət ərzində bu sahədə dözülməz vəziyyət yaratdı. Lakin Cavid Qurbanovun qardaşının qanunsuz tələbləri daha böyük dairələrdə bilinsə də, hamı qardaşına görə, onun əməllərinə göz yummaq məcburiyyətində qalıb. Qəribəsi odur ki, Səlim Müslümovun da söz keçirə bilmədiyi İlqar Qurbanovun fəaliyyətindəki narazılıqlara biganə münasibəti davam edir.

İlqar Qurbanovun daha bir vəzifəsi də var ki, o da qardaşı C.Qurbanovun mətbu orqanlarını idarə etmək və maliyyələşdirməkdən ibarətdir.

Cavid Qurbanovun nəzarətində olan və hakimiyyət qüvvələrini daim tənqid və şantaj edən mətbu orqanlara maddi yardımları həyata keçirən xidmət rəisinin xəstə insanların hüquqlarını pozması görünür, aidiyyati qurumları narahat etmir. Qurbanovların təzyiqindən qorxanlar əlillik dərəcəsini almaq istəyənlərin narazılıqlarını eşitmir, əksinə baş alıb gedən qanunsuzluğa daha böyük meydan verməkdədirlər.

Yazıda qeyd olunan faktlarla bağlı İlqar Qurbanovun münasibətini öyrənməyə çalışdıq. Lakin xidmətdən bizə bildirdilər ki, sorğumuza ancaq İlqar müəllim cavab verə bilər, onu da iş yerində heç nazir Səlim Müslümov da tapa bilmir. … azerinfo.az”.

İlqar Qurbanovun səhhəti ilə bağlı problem belə düşünməyə əsas verir ki, o, daha Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ətrafında baş verən proseslərə müdaxilə edə bilməyəcək, həmçinin qardaşı - «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun mətbu orqanlarını idarə edə və maliyyələşdirə bilməyəcək.

Murad İbrahimli

LEGİON.AZ