Növbəti hakim öz ölkəsini rüsvay etdi
Təxminən iki il əvvəl ölkə mətbuatı Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun absurd, sifarişli və hansısa maraqlar naminə çıxartdığı qərardaddan yazmışdı: “Avqustun 1-də Nəsimi rayon Məhkəməsində Rəşid Səmədovun sədrliyi altında “Qaynar Media” MMC, “Qaynar.info” və “Teref.info” saytlarına qarşı iddia ərizəsinə baxılıb. İddiaçı öz ərizəsində 7 iyun 2016-cı ildə teref.info saytında dərc olunan yazının həqiqətə uyğun olmayan hesab edilməsi, bu KİV-lərin təkzib dərc etməsi, eləcə də cavabdehlərdən 50 min manat tutularaq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh tərəflərin nümayəndələrinə bildiriş göndərildiyi halda məhkəmə iclasında iştirak etməyiblər. Məhkəmə hakimi qərardad çıxarıb ki, işin baxıldığı ərəfədə “Qaynar Media”, “Qaynar.info”, “Teref.info” və digər KİV-lərə iddiaçı barədə istənilən informasiyanı dərc etmək qadağan olunsun. Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 47-ci maddəsinə görə, Azərbaycanda hər bir vətəndaş söz və fikir azadlığı hüququna malikdir. “KİV haqqında”Qanunun 1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır”. 

Rəşid Səmədov çıxartdığı qərardada görə cəmiyyətin aktiv üzvlərinin, ekspertlərin, hüquq müdafiəçilərinin ictimai qınağına tuş gəldi. Hətta onu həmin qərardadla dünya ictimaiyətinin gözündə öz ölkəsini rüsvay etdiyini söylədilər. Lakin sonda Rəşid Səmədov məcbur olaraq öz qərardadını özü də ləğv elədi. Hakim Rəşid Səmədov çıxartdığı sifarişli qərardadla cavabdeh olan bir neçə mətbu orqana iddiaçı barədə yazı yazmağı qadağan etmişdi və iddiaçı barəsində həmin mətbu orqanların saytlarında yazılan yazıları dərhal çıxarılmasını tələb etmişdir. Və bu qərardad çox absurd, gülünc görsənirdi. Çünki qərardad çıxarılan kimi məhkəmə icraçılarına göndərilmişdi və onlar da cavabdehlərə zəng edərək iddiaçı barədə yazıları saytlardan çıxarmağı və iddiaçı barədə yazı yazmamağı tələb edirdilər.
 
365info.az saytının baş redaktoru Anar Asimoğlu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etmiş, onun saytında “joy.az” saytına istinadla dərc olunan yazıya görə Nəsimi rayon İcra şöbəsindən edilən təzyiqləri və məhkəmənin qərardadını haqsız hesab etdiyini bildirmişdi. Jurnalist öz müraciətində Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun bütün KİV-lərə iddiaçı barədə yazmağı qadağan edən qərarına etirazını bildirmişdi: “Lakin Anar Asimoğluya Nəsimi rayon Məhkəməsindən bildiriş gəlib və hakim Rəşid Səmədov 365info.az saytının da cavabdehlər sırasına cəlb olunduğunu bildirib. Məlumatın istinadla dərc olunduğunu, eyni zamanda Qaynar.info saytında dərc olunan təkzibin də 365info.az saytında yayımlandığını deyən baş redaktor hakim Rəşid Səmədovun sifarişlə müstəqil mətbuata təzyiqlər göstərdiyini vurğulayıb. Sentyabrın 19-da A.Asimoğlu ikinci dəfə Məhkəmə-Hüquq Şurasına müraciət etmişdi.
 
Qeyd edək ki, bu məsələni ilk olaraq gündəmə gətirən Legion.az saytında sözügedən qərardadın fotosurətləri paylaşılmış və ictimaiyyət nümayəndələrinin fikrinə yer verilmişdi.
 
Oktyabrın 1-də Legion.az-a məlumat daxil oldu ki, Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov 1 avqust 2016-cı il tarixli qərardadı ləğv edib və iddiaçının işini baxılmamış saxlayıb.
 
Bu məlumatı təsdiqləyən 365info.az-ın baş redaktoru Anar Asimoğlu bildirdi ki, bu hadisə müstəqil mətbuatın qələbəsidir. “Səsimizi eşitdiyinə görə, Məhkəmə Hüquq Şurasının sədri, nazir Fikrət Məmmədova təşəkkür edirəm. Nəhayət ki, bizim müraciətlərimiz cavabsız qalmadı. Hakim də anladı ki, o, müstəqil mətbuata “meydan oxumaqla”, səhv addım atıb. Bu, birbaşa senzura idi və dövlətimizin beynəlxalq arenadakı imicinə də zərbə mənasına gəlirdi”, - deyə baş redaktor A.Asimoğlu bildirib.
 
Necə deyərlər, sifarişin gücünə bax! Ancaq sonda bu məsələ dünya ictimaiyyətinin müzakirəsinə çıxandan sonra artıq deyildiyi kimi hakim özü öz qərardadını ləğv etdi və axırda iddiaçı cavabdehlərə barışıq elan etdi.
 
Bir sözlə, iddiaçı da gördü ki, “sən demə pul hər şeydə keçərli deyil”.
 
Nə isə, keçək indi də öz ölkəsini rüsvay edən ikinci hakimə - Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovaya.
Məlumat üçün bildirək ki, yeni yaradılan Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzovun “sağ əli” sayılan Abbasov Xaliq Nərman oğlu “Qafqaz Xəbər Agentliyi”-ni məhkəməyə verərək onun şərəf və ləyaqətinin alçaldılması ilə bağlı agentlikdən 100 min manat pul tələb edərək onun barəsində yazılan yazılarda təkzib verilməsini tələb edir. Və hətta Xaliq Abbasovun vəkili Şahin Rəfiyev əvvəlcədən hakim İlahə Abbasova ilə razılıq əldə edərək “Qafqaz Xəbər Agentliyi”-nin saytı olan qafqaznews.az saytında Abbasov Xaliq Nərman oğlu barədə yazı yazılmasını qadağan edilməsi (?!) barədə qərardad çıxarıb.
 
Bəzən kiminsə pulu çox olanda o elə bilir ki, hər şeyi pul həll edir. Ancaq Azərbaycan hüquqi dövlətdir və biz inanırıq ki, İlahə Abbasova tərəfindən çıxarılan bu sifarişli qərardad elə Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun çıxartdığı qərardad kimi ləğv olunacaq. Biz pulu çox olan Xaliq Abbasov barədə keçmişə ekskurs etdik.
 
Əldə etdiyimiz məlumata görə Xaliq Abbasov pulunun çoxluğuna güvənərək bir neçə il əvvəl evinə gələn doğma bacısının yeznəsinə qarşı cinayət işi açdıraraq onu həbs etdirmək istəyib.
Hətta Xaliq Abbasovun bacısı Quran kitabını götürüb Xaliq Abbasovun qapısına gedib, sonra həmin iş məhkəmədə barışıqla həll olunub.

Yeri gəlmişkən, araşdırma apararkən Xaliq Abbasovla Xətai rayon Məhkəməsinin hakimi İlahə Abbasovanı bağlayan bir “dəyər”ə - hər ikisinin öz yeznələrinə olan münasibətinin oxşar olması kimi maraqlı fakta rast gəldik. Özü də hər iki halda bu münasibət eyni olaraq məhkəməyə qədər gedib çıxıb.
 
Belə ki, bir neçə il əvvəl yerli mətbuatın yazdığına görə İlahə Abbasova öz yeznəsinə qarşı düşmən kəsilib: “Yasamal rayon Məhkəməsinin hakimi İlahə Abbasova deyir ki, mənə yalnız prezident göstəriş verə bilər. Bu qadın məni ailə düşmənçiliyi zəminində nəyin bahasına olursa-olsun tutdurmaq istəyir”. Bunu virtualaz.org saytının redaksiyasına müraciət edən Bakı şəhər sakini, riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Xəlilzadə deyib. Çingiz Xəlilzadənin sözlərinə görə, keçmiş həyat yoldaşının bacısı, hakim İlahə Abbasova dəfələrlə xəbər göndərib ki, onu bu ölkədən ya sürgün etdirəcək, ya da həbsxanalarda çürütdürəcək. Qəribədir, görəsən bu qədər kinin, aqressiyanın kökündə dayanan səbəb nədir?
 
Bu haqda bir qədər sonra...
Çingiz Xəlilzadənin dediklərindən belə məlum olur ki, həyat yoldaşı Röya Adıgözəlova ilə 2012-ci ilin may ayında rəsmi qaydada ayrılıblar. Boşanandan sonra R.Adıgözəlova birgə nikah dövründə əldə edilmiş əmlak və pul vəsaitinin bölünməsi tələbi ilə məhkəməyə müraciət edib.
 
Çingiz Xəlilzadənin özünün də dediyi kimi, qara günləri də məhz bundan sonra başlayıb: “Bununla da mənim sakit həyatım bitdi. Boşanmamışdan öncə “Park Panorama” yaşayış kompleksindən 220 min dollara mənzil almaq istəyirdim. Əvvəlcə 17 min dollar beh verdim, yerdə qalan hissəsini isə ipoteka yolu ilə ödəyəcəkdim. Amma boşanma məsələsi ortalığa çıxandan sonra mənzili alası olmadım, evi geri qaytardım, beh də batdı. Amma indi baxın görün nələr olur? Keçmiş həyat yoldaşım və onun hakim bacısı saxta sənədlər toplayırlar, həmin sənədlərin surətini çıxarırlar, başqa bir şəxsin müqaviləsini götürüb həmin şəxsin adını silir, mənim adımı yazırlar və mənim əvəzimdən imza atırlar ki, guya mən həmin evə görə 100 min manat almışam. Əgər mənzilə pul ödəməmişəmsə, bu pulu mənə necə qaytara bilərlər? Keçmiş həyat yoldaşım həmin saxta sənədə əsaslanıb məndən 50 min manat tələb edir və məhkəmələri də uda-uda gedirlər”. Ç.Xəlilzadə məsələ ilə bağlı baş prokurora, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Ali Məhkəmənin sədrinə və dövlət başçısına müraciət edərək ona köməklik göstərilməsi üçün imdad diləyib.

İndi də “Qafqaz Xəbər Agentliyi”ni susdura bilməyən Xaliq Abbasov, pulunun gücünə hakim İlahə Abbasovanın çıxartdığı qərardadla guya “Qafqaz Xəbər Agentliyi”ni öz fəaliyyətindən çəkindirmişdir. Və onun vəkili Şahin Rəfiyev müştərisinə yağlı vədlər verərək əsası olmayan qərardadla onun başının altına yastıq qoyub arxayın salıb ki, guya bununla da iş bitdi və onlar “Qafqaz Xəbər Agentliyi”nə qalib gəldilər. İddiaçı Abbasov Xaliq Nərman oğlu məhkəməyə müraciət etdiyi iddia ərizəsində göstərmişdir ki: ““Qafqaznews” az saytının rəhbəri Araz Məmmədov tərəfindən “Qafqaz Xəbər” Agentliyinin dörd nömrə saytında “Özünü “distribüter” adlandıran şirkət yalan danışır?”, “Xaliq Abbasov öz rəqiblərini sıxışdırmaq üçün Rəşad Əmircanov və Akif Çovdarov vasitəsilə onlara təzyiqlər edib”, “Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov rüsumdan yayınmaqla Xaliq Abbasova kömək edir?” və “Vəzir Həsənov Xaliq Abbasova bu ilin birinci rübündə 2,5 milyon ABŞ dollarını dövlətdən gizlətməyə yardım edib” başlıqlı yazılarda onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmişdir. Dəymiş 50.000 manat maddi zərərin və 50.000 manat mənəvi ziyanın cavabdehlərdən tutaraq Azərbaycan Respublikasının Müdafiə Fonduna ödənilməsi barədə qətnamə qəbul edəsiniz.”
 
Bundan əlavə, iddiaçı məhkəməyə mürciət edərək, iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi, “Qafqaz Xəbər Agentliyin”də (“Qafqaznews” az saytında) onun barəsində hər hansı yazının dərc edilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim İlahə Abbasova 07 mart 2018-ci il tarixdə qəbul etdiyi qərardadda göstərmişdir: ““Qafqaz Xəbər” Agentliyi tərəfindən (“Qafqaznews” az saytında iddiaçı Abbasov Xaliq Nərman oğlu barəsində hər hansısa yazının dərc edilməsi cavadehə və digər şəxslərə qadağan edilsin.”
 
Məsələ bundadır ki, özünü məhkəmə iclasında “çoxbilmiş vəkil” kimi təqdim etməyə cəhd göstərən Şahin Rəfiyev və hakim İlahə Abbasova cavabdeh qismində məhkəməyə cəlb etmək istədikləri “QAFQAZ XƏBƏR AGENTLİYİ” MMC-nin və QAFQAZNEWS.AZ saytının adlarını və digər atributlarını tərtib etdikləri rəsmi məhkəmə sənədlərində düzgün-dürüst göstərmədikləri halda, Xaliq Abbasov barəsində hər hansı bir yazının dərc edilməsini həmin agentliyə, onun saytına və DİGƏR ŞƏXSLƏRƏ qadağan edirlər.
 
Daha doğrusu iddiaçı Xaliq Abbasovun “hər şeyi bilən” vəkili Şahin Rəfiyev məhkəmədən tələb edir və hakim qərardad qəbul edir.
 
Maraqlıdır ki, “DİGƏR ŞƏXSLƏR” dedikdə onlar kimi nəzərdə tuturlar, görəsən bütün Azərbaycanın mediasını və daha kimləri?
Bir az əvvəl “...“Qafqaz Xəbər Agentliyi”ni susdura bilməyən Xaliq Abbasov, pulunun gücünə hakim İlahə Abbasovanın çıxartdığı qərardadla...” yazılmasına istehza ilə yanaşan oxuculara sual vermək istərdik ki, iddia ərizəsini qanunun tələblərinə uyğun tərtib edə bilməyən (yazıların dərc edildiyi il, ay, gün, saat göstərilməyib) və 28 mart tarixdəki məhkəmə iclasında “hər şeyi bilən” vəkil Şahin Rəfiyevin iddia tələbi irəli sürdüyü mətbuat orqanının adını dəfələrlə “QAFQAZİNFORMAZ” deyib təkrarladığı halda, görəsən hakimi nə vadar etmişdi ki, işi mahiyyəti üzrə araşdırmadan “iddianı təmin etmə tədbiri haqqında qərardad” qəbul edirdi?!
 
Xaliq Abbasovun iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında onun vəkili Şahin Rəfiyevin müdafiə etdiyi daha bir tələb: “cavabdehlər tərəfindən mənə dəymiş 50.000 (əlli min) manat maddi zərərin və 50.000 (əlli min) manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Müdafiə Fonduna ödənilməsi barədə qətnamə qəbul edəsiniz.”Məhkəmə ərəfəsində patriotçuluq hissi baş qaldırmış Xaliq Abbasovdan soruşaq ki, “necə olur ki, dövlət vergisindən milyonları gizləyirsən, amma jurnalistdən üst-üstə 100 min manat pul tələb edib Müdafiə Fonduna köçürürsən?”
 
Burada adamın yadına “Öldürülməmiş ayının dərisini bölmək” rus məsəli düşür.
Vəkil Şahin Rəfiyevlə bağlı gələn yazımızda ətraflı açıqlama verəcəyik. Hələlik isə onu bildirək ki, vəkil Şahin Rəfiyev 1 saylı hüquq məsləhətxanasının vəkilidir.
 
Bizdə olan məlumata görə qafqazxeber.az saytında 1 saylı hüquq məsləhətxanasının müdiri Sümbülə Əliyeva ilə bağlı yazılar dərc olunmuşdu.
 
Ancaq bütün bunlar barədə biz gələn yazımızda geniş açıqlama verəcəyik.
 
Şamil Əfəndi
 
365İNFO.AZ