Paytaxtda qəza: 30-a yaxın ev su içində qalıb
Bakının Binəqədi rayonunda su borusunun partlaması nəticəsində 30-a yaxın ev su altında qalıb.
“Report” xəbər verir ki, hadisə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Həmidə Məmmədquluzadə küçəsində qeydə alınıb.
Sakinlərin sözlərinə görə, ərazidən keçən 1000 mm diamerlik boru kəmərinin partlamasından cəmi 10 dəqiqə sonra bütün küçəni su basıb. Ev və mənzillərdəki məişət əşyaları yararsız vəziyyətə düşüb. Həmçinin yaxınlıqda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxananın birinci mərtəbəsindəki mənzillər su altında qaldığından, həmin evin sakinləri yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olublar. Eyni zamanda sözügedən küçədə olan avtomobillər hərəkətsiz vəziyyətdə qalıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov və "Azərsu" ASC-nin rəsmi şəxsləri əraziyə baxış keçirib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər su basmış evlərdə qalan sakinləri təxliyyə ediblər. Ərazidə elektrik enerjisinin verilişi müvvəqəti olaraq dayandırılıb.
Binəqədi Rayon Sukanal Departamentinin rəisi Elnur Əliyev "Report"a bildirib ki, diametri 1000 mm olan boru Binəqədi rayonunu içməli su ilə təmin edir.
"Ehtimal edilir ki, həmin boru güclü su təzyiqi nəticəsində partlayıb. Borunun dəqiq nə səbəbdən partlaması isə qazıntı işləri yekunlaşdıqdan sonra bilinəcək", - deyə o bildirib.
Daha sonra "Azərsu" ASC-nin əməkdaşları xüsusi texnika ilə qazıntı işləri aparıb. Məlum olub ki, su borusunun yerin altından keçən hissəsi partlayıb.
Rayon İcra Hakimiyyətinin rəsmiləri evlərini su basmış sakinlərlə danışıqlar aparıb. Onlara dəymiş zərərin tezliklə aradan qaldırılmasına söz verilib.

LEGİON.AZ