“Avtoritet”in dəstəsi jurnalistləri təhdid edir…
Şəmkirdə yeni “avtoritet” peyda olub?
 
Həyatda elə insanlar var ki, səhvən düşünürlər ki, əgər onlar kimin, yaxud nəyinsə hesabına vəzifə kreslosuna oturublarsa, demək onlar üçün artıq qanun şah yox, şah qanundur.
 
Belələrindən biri də Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Aynur Abdullayevadır.
 
Xatırladaq ki, redaksiyamıza daxil olmuş məlumat əsasında yazılarımızda biz Novruz Bayramı günlərində Dubayda istirahət edən Aynur Abdullayevanın istirahət yerindən fotolarını “İnstagram” səhifəsində paylaşmasından bəhs etmişdik.
 
Məsələnin təfsilatı belədir: Məlumatı göndərən şəxs bu hərəkətinə görə Aynur Abdullayevanı qınayaraq sual verir ki: “Gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur? Şəkildə gördüyünüz qız Şəmkir İcra hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində, hər kəsin seçkiyə hazırlaşdığı vaxtda bu qız Dubaya gedir, orada qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdə paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə, heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin.”
Aynur xanımın bu maraqlı fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmadı və jurnalistlər də bu mövzuda silsilə məqalələr yazmışdılar. Birinci yazıdan sonra, martın 24-ü “Qafqaz Xəbər”ə zəng edib özünü Aynur Abdullayevanın “dayısı oğlu” kimi təqdim edən şəxs məlumatla bağlı “kömək” istəyərək xahiş edib ki: “Sizdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva haqda yazı gedib. Mən Aynur xanımın dayısı oğluyam. Aynur xanım xahiş elədi ki, sizə deyim ki, o yazını silək”. Əməkdaşımız bildirib ki, yazı silinmir, sadəcə olaraq yazı ilə bağlı hər kəsin öz fikrini, mövqeyini bildirmək hüququ var. Aynur Abdullayevanın “dayısı oğlu” isə öz bibisi qızının adından bildirdi ki, “O, qeyri-iş günü olduğundan istirahətə gedib və bazar günü Azərbaycana qayıdacaq”.

Əməkdaşımızın: “Əgər belədirsə, yaxşı olardı ki, Aynur xanım özü danışardı, yaxud Şəmkir rayon İcra hakimiyyətinin mətbuatla bağlı məsul işçisi açıqlama verərdi” – fikrinə isə Aynur Abdullayevanın “dayısı oğlu” bildirdi ki, məsələ ilə bağlı icra hakimiyyətində olub, lakin qeyri-iş günü olduğundan orada heç kim yoxdur hamı istirahətdədir. Aynur Abdullayevanın seçki qabağı Dubayda istirahət etməsi haqda bizə daxil olan məlumatı onun “dayısı oğlu” da təsdiq etdi.
 
Bundan başqa, biz araşdırma apararaq Dubay şəhərinə sorğu edib müəyyən etdik ki, Aynur xanımın istirahət etdiyi məkan “Süni palma adaları”nın sağ qolunda yerləşən 5 ulduzlu “Rixos The Palm Dubai” otelidir.
Bizə maraqlıdır ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun trolları niyə xarici ölkələrə qaçıb ordan Azərbaycan hökumətini, dövlətdə yüksək vəzifə tutan mötəbər şəxsləri təhqir edənlərin cavablarını verib dövlətin,dövlətçilyin müdafiəsinə qalxmırlar?!

Ancaq ən əcaibi odur ki, “dayıoğlu”nun reaksiyasından, trolların sayta hücumundan sonra, Aynur Abdullayevanın qardaşı – FHN-nin əməkdaşı Kənan Abdullayev “Qafqaz Xəbər Agentliyi”nin feysbuk səhifəsinin inboksuna “hikkəsini boşaldaraq” jurnalistləri təhqir edib, onlara qarşı ədəbsiz ifadələr işlədib.
 
Aynur Abdullayevanın qardaşı bizi yazını araşdırmadan yazmaqda ittiham edir, yazılanların əsassız olmasını deyir, məsləhət görür ki, sabiq Vergilər naziri Fazil Məmmədovun adını çəkməyək, onun bacısı vəzifəyə öz hesabına gedib çıxıb və sairə…
Amma, Kənan Abdullayevin nəzərinə bir daha çatdırırıq ki, yazılar redaksiyaya daxil olan və öz təsdiqini tapmış məlumat əsasında dərc olunub. Yəni, biz həqiqəti yazdığımıza görə o, bizi düşmən sayır, təhqir edir. Jurnalistin məmuru tənqid etməyində qeyri-adi bir şey yoxdur. Mətbuatın işi təkcə cəmiyyəti maarifləndirmək deyil, həm də neqativ halları üzə çıxarıb tənqid etmək, işıqlandıraraq ictimaiyyətin müzakirəsinə verməkdir. Elə bu yazılardan aydın oldu ki, şəmkirlilər Aynur Abdullayevadan ümumiyyətlə o qədər də məmnun deyillər. Onun haqqında deyilir ki, bu xanım vəzifəyə təyin olunanda şəmkirlilər elə bilirdilər ki, o, gənc və yerli bir kadr olduğundan rayon sakinlərinin sosial-məişət problemlərinin həllində yardımçı olacaq. Ancaq necə deyərlər, “sən saydığını say gör fələk nə sayır?”

Aynur Abdullayevanın vəzifəyə təyin olunmasından bir il keçib. Sual olunur ki, bu müddətdə o, rayonun hansısa ciddi bir problemini rəhbərlik səviyyəsində qaldıraraq həllinə nail ola bilibmi?

Əlbəttə ki, yox. O, nəinki belə bir problemin həllinə nail olub, heç onu qaldırmayıb da. Çünki, əksər şəmkirlilərin bildirdiyinə görə bu xanımı camaatın problemləri yox, öz maraqları düşündürür və onun müdafiəsini təşkil edən “avtoritet” qardaşı-onun dəstəsi maraqlandırır. Bu səbəbdən rayon tədbirlərində icra başçısının yanında maneken kimi gəzən bu xanım barədə kimsə mətbuatda yazıb onu tənqid etsə, dərhal “avtoritet” qardaş öz dəstəsi ilə işə müdaxilə edir ki, təki bacı tutduğu vəzifənin kreslosunda yerini möhkəm saxlasın.

Hətta Aynur Abdullayevanın “avtoritet” qardaşının dəstə üzvlərindən biri Facebook-da “şəmkirli Atilla” adı ilə səhifəmizdə şərh yazıb ki, guya biz “sarı mətbuat”ıq. Kimin “sarı”, yaxud “sarışın” olması, necə deyərlər göz qabağındadır.
 
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Aynur Abdullayevanın feysbuk profilində yerləşdirilən şərhlərə-yazılara “şəmkirli Atilla” adlı feysbuk istifadəçisi ağına-bozuna baxmadan “layk” qoyaraq tərif dolu şərhləri nizamla düzür. Bu da “şəmkirli Atilla”nın Aynur Abdullayevanın qardaşı “avtoritet” Kənan Abdullayevin dəstəsindən olması və çox güman elə onun göstərişi ilə Facebook-da trolluq etməsini düşünməyə əsas verir.
 
Bizim sonuncu yazımıza Aynur Abdullayevanın trolları nə yazsalar da, açığı, daha onun barəsində yazmaq fikrimiz yox idi. Əgər məsələ ilə bağlı Şəmkirdən qəfil bir zəng olmasaydı…
 
Belə ki, dünən redaksiyamıza telefon açan şəxs özünü Şəmkir rayon sakini, “Qərb bölgəsi press” qəzetinin təsisçisi və rəhbəri Bəxtiyar Əliyev kimi təqdim etdi və Aynur Abdullayeva barəsində yazıların şəmkirlilər tərəfindən razılıqla qarşılandığını bildirdi.

O, qeyd etdi ki, son yazımızdan sonra o da Aynur Abdullayeva barəsində bir yazını öz feysbuk səhifəsində yerləşdirib. Və əlavə etdi ki: “Bu paylaşımdan sonra Facebook-da mənə qarşı hücumlar başladı. “şəmkirli “Atilla” (maraqlıdır ki, bizə yazan həmin şəxs-red.) məni hədələyərək təhqir etdi və mesajında yazdı ki, məni rayonda harda tutsa cəzalandıracaq. Həmçinin təcili məni “razborkaya” çağırdı. Mən başa düşdüm ki, bu Aynur Abdullayevanın “avtoritet” qardaşı Kənan Abdullayevin işləridir və bu barədə hüquq mühafizə orqanlarına müraciət etdim” – deyə Bəxtiyar Əliyev müxbirimizə bildirdi.
 
Bəxtiyar Əliyevə “şəmkirli Atilla”nın yazdıqları etik normalara sığmadığından, biz onları oxuculara yarımçıq təqdim etdik.
 
Bəxtiyar Əliyevin bizə müraciətindən sonra onun da barəsində kiçik bir araşdırma apardıq.
 
Məlum oldu ki, Bəxtiyar Əliyev doğrudan da Şəmkir rayonunda yaşayır, jurnalistika fəaliyyəti ilə məşğuldur və qərb bölgəsində insanların sosial-məişət problemlərini mətbuatda: öz qəzetində, feysbuk səhifəsində, “Youtube”dakı “Qerb Bolgesi TV” adlı internet kanalında ictimailəşdirərək paylaşır.

Bəxtiyar Əliyev feysbuk səhifəsində paylaşdığı yazısında Aynur Abdullayevanın seçki qabağı Dubaya istirahət etməsi haqda yazdığımız faktları qeyd edərək təsdiqləyir: “11 Aprel 2018 ci il tarixdə Prezident seçkiləri qabağı vəzifə borcunu yerinə yetirərək seçki barədə təbliğat və təşkilat işlərində iştirak etməli və bir faydası olmalı halda, əksinə, gördüyünüz kimi Aynur Abdullayeva Dubayda bahalı hotellərin birində istirahət edir və bu azmış kimi istirahəti zamanı müxtəlif şəkillərini çəkərək paylaşır. Ən biabırçısı isə Aynur Abdullayevanın qaldığı hoteldəki otağın hamamında hamam şəraitinin şəkillərini çəkməsi və çəkdiyi şəkillərin arsızcasına sosial şəbəkələrin birində özünə məxsus səhifədə paylaşmasıdır. Hörmətli oxucular, görün Şəmkir rayonunun sosial və humanitar məsələləri kimə etibar edilib?! Bu cür hal Şəmkir üçün utancverici bir haldır. Şəkillərdən də gördüyünüz kimi Aynur Abdullayeva konkret olaraq öz həyatını yaşayır. Burda bir sual yaranır: Aynur Abdullayeva Dubayda bahalı otellərin birində istirahət etməsi üçün bu qədər pulu hardan tapır?”
 
Bəxtiyar Əliyev bu maraqlı suala belə cavab verir: “Əlbəttə ki, özünün və anası Şəmkir rayon Mərkəzi Xəstəxanasının qadın məsləhətxanasında mama-ginekoloq işləyən Nurlana Sadıqovanın aldığı rüşvətlərdir, xərcləyir. Nurlana Sadıqovaya məsləhətimiz var: Nurlana xanım Qadın məsləhətxanasında hamilə qadınlara hamiləlik haqda məsləhətlər verənə qədər, gedib öz evində bir az qızına, yəni Aynur Abdullayevaya tərbiyə versə idin daha yaxşı olardı. Atalarımız burda deyib: qızını döyməyən dizini döyər. Rüşvətxorluğun önündə gedən Aynur Abdullayeva və onun anası Nurlana Sadıqova axır vaxtlar yaman cızıqlarından çıxıblar; nə rayon rəhbərliyini sayırlar, nə də dövlət rəhbərliyini. Əziz və dəyərli oxucularmız, bu məsələ bizim diqqətimizdədir. Jurnalist araşdırması apararaq yeni məlumatları sizlərə çatdıracayıq, ardı gələn sayımızda. bizi izləməyə davam edin”. Bəxtiyar Əliyev. “Qərb Bölgəsi press” qəzetinin təsisçisi.”

Oxucu haqlı olaraq bizə sual verə bilər ki, jurnalistlər və ümumiyyətlə mətbuat belə məsələlərin üzərində niyə bu qədər durur?
 
Birincisi, hansısa məmurun neqativ fəaliyyəti barədə daxil olan müraciət əsasında araşdırma apararaq tənqid etmək jurnalistin vəzifə borcudur ki, bunu ölkə başçısı şəxsən bəyənir və dəstəkləyir.
 
İkincisi isə əgər bu gün bəzi məmurların fəaliyyəti tənqid olunmazsa və onların muzdlu müdafiəçilərinin, trollarının hədə-qorxusu, təzyiqi, təhqiri qarşısında mətbuat qorxub geri çəkilsə, bu cür məmurların qarşısı vaxtında alınmazsa bu arzuolunmaz vəziyyətə gətirib çıxara bilər; məmurların ayağı yer alar, onlar vətəndaşların haqqını çəkinmədən tapdalayar, daha da korrupsiyaya bulaşarlar, özbaşınalıq baş alıb gedər. Bu həm də cəzasızlıq mühitinin yaranmasına səbəb ola bilər.
 
Buna görə də cəmiyyət üçün bu aktual məsələlərdə jurnalistlərin təşəbbüs göstərmələri vacibdir.
 
Məsələ bundadır ki, əgər ictimaiyyət hansısa etinasız məmurdan, yaranmış məişət-sosial problemlərdən narazıdırsa, bir qayda olaraq bu haqda hüquq mühafizə orqanlarından savayı mətbuata da müarciət olunur. Mətbuat isə problemi işıqlandıraraq ictimailəşdirir və problemi hakimiyyət orqanlarının diqqətinə çatdırır ki, aidiyyəti vəzifəli şəxslər bununla bağlı daha operativ və düzgün tədbirlər görsünlər. Bu mexanizm bütün sivil ölkələrdə, o cümlədən ölkəmizdə də aktiv işləyir. Ona görə də, yaxşı olardı ki, qanunu pozan məmurlar hədə-qorxu gəlməklə jurnalisti susdurmağa, onu tənqidi yazı yazmaqdan çəkindirməyə çalışmaqdansa, öz əməlləri ilə dövlətə və millətə sədaqətlə xidmət etsələr daha yaxşı olar. Əks halda belələrinin özləri və onların jurnalistə hədə-qorxu gələn trolları ilə daimi mübarizə aparılacaq.
 
Tamerlan Zeynallı
 
“Qafqaz Xəbər” qəzeti