“İşçini müdirin həyətində qul kimi işlədirlər” – “Ondansa rüşvəti birdəfəlik 2500 etsinlər”
"Pensiya yaşı çoxtan ötmüş 67 yaşlı Seyran Məmmədov tabeçiliyində olan fəhlələri öz həyətyanı sahəsində işlədir. Buna görə biz çox əziyyət çəkirik”.

PressClub.Az-a daxil olan müraciətdə bildirilir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan Kürdəmir 5 saylı Dəmiryolu Sahəsinin Bərgüşad Dəmir Yolu stansiyasının yol ustası Seyran Məmmədov işçilərə qan uddurur. Ucar rayonu Bərgüşad kənd sakinləri Ədilov Vasif Səməd oğlu, Məmmədov Qasım Mehdi oğlu, Namazov Vüqar Tahir oğlu deyirlər ki, pensiya yaşı ötmüş (67 yaş) Seyran Məmmədov tabeçiliyində olan fəhlələri öz həyətyanı sahəsində işlədir:

"İndi hansı zamandır ki, dövlət işçisi müdirin həyətində qul kimi işlədilsin”. Bundan savayı şikayət müəllifləri iddia edilər ki, tabe olduqları Kürdəmir 5-saylı Dəmiryolu Sahəsinin rəisi Şəmsəli Quliyev isə 2000 manat pul alıb, vətəndaşı işə götürür. Yeni işə qəbul edilmiş şəxsdən Seyran Məmmədov isə əlavə olaraq 500 manat pul alır: "Bu, çox qəribə haldır. Əgər rəis 2000 manat pul alıb işçi qəbul edirsə, yenidən yol ustası həmin rəisə vermək adı ilə işçidən əlavə 500 manat pul alır. Belədisə, bu rüşvətin məbləğini birdəfəmlik 2500 manat etsinlər”.

Şikayətçilər onu da vurğulayırlar ki, yol ustası Seyran Məmmədov işə gəlməmək üçün bir günə işçidən 30 manat pul alır: "Bura Dəmir yolu İdarəsi deyil dəmir qanunlarla idarə olunan gestapodur. Pensiya yaşı çoxdan ötmüş, amma Şəmsəli Quliyev kimi korrupsionerin himayəsi altında fəhlələri qul kimi istismar edən Seyran Məmmədovun qanunsuz əməlləri obyektiv araşdırılmalı və bu korrupsioner cütlüyün barəsində qanunu tədbirlər görülməlidir.

Mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya və Azərbaycan Dəir Yolları QSC-nin sədri Cavid Qurbanova müraciət edib xahiş edirik işçiləri qul kimi öz şəxsi işlərində işlədən rüşvətə qurşanmış Seyran Məmmədovun və onun rəisi Şəmsəli Quliyevin barəsində ciddi tədbirlər görəsiniz.

LEGİON.AZ