Fransa azərbaycanlıları anti-milli qüvvələrə etiraz edir
Avropadakı bəzi azərbaycanlı mühacirlərin sosial şəbəkələrdəki çıxışlarında Azərbaycan iqtidarına qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir.
Bunu Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib.
Rəhbərlik etdiyi təşkilatın adından etiraz bəyanatı ilə çıxış edən M.Fətəliyeva bildirib ki, müəyyən qruplara xidmət göstərən həmin insanların məqsədi ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə vurmaq və seçkiöncəsi Azərbaycandakı sabitliyin pozulmasına cəhd göstərməkdir.
Diaspor rəhbəri hesab edir ki, dünyada mövcud olan gərgin geosiyasi atmosfer, baş verən münaqişə və müharibələr fonunda Azərbaycanın yerləşdiyi mürəkkəb regionda sabitliyin qorunub saxlandığı bir ölkə olaraq mövqeyini qoruması olduqca vacib məqamdır:
“Bu baxımdan, düşünürük ki, Azərbaycanda keçirilən seçkilər təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edir. Əfsuslar olsun ki, bəzi qüvvələr Azərbaycanda yaradılan demokratik şəraiti pozmağa və təxribat törətməyə çalışırlar. Bununla da həmin qüvvələr Azərbaycan dövlətinin milli maraqlarına zərər vururlar. Biz, Fransa azərbaycanlıları belə qüvvələrin təxribat xarakterli fəaliyyətini kəskin şəkildə qınayırıq. Bildiririk ki, siyasi mübarizəni və siyasəti əxlaq normaları çərçivəsində aparmaq lazımdır. Əks təqdirdə, həmin qüvvələr, ilk növbədə Azərbaycan xalqını, cəmiyyətini və dövlətçiliyini təhqir etmiş olurlar. Bu cür hərəkətlərlə onlar Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edirlər”.
M.Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb. O bildirib ki, Azərbaycan diasporu olaraq ölkəmizin daha da qüdrətlənməsi yolunda onların üzərlərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışacaqlar. (trend)

LEGİON.AZ