Bakıda Qoşulmama Hərəkatı ölkələrinin nazirlər konfransı keçirilir
Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransı başlayıb.
"Report" xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, hazırda Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Montserrat, Azərbaycanın XİN başçısı Elmar MəmmədyarovBMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak iştirak edirlər.
İkigünlük konfrans zamanı Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar büynəlxalq sülh və təhlükəsizlik üzrə ən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.
Aprelin 6-da, XİN başçılarının iclasının yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.
Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. Azərbaycan Respublikası 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

LEGİON.AZ