Gömrük generalları kimləri dinləyiblər?
Mediada gömrük generalları barədə bir çox tənqidi yazılara rast gəlmək olur. Ancaq ən maraqlısı odur ki, neçə illər ərzində mətbuatda gedən yazılara baxmayaraq onlar barəsində tədbir görülmürdü.

365info.az saytına daxil olan məlumata görə bu yaxınlarda hüquq mühafizə orqanları DGK-nin bir neçə generalı ilə bağlı əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı Gömrük İdarəsinin müavinlərindən biri barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq bizə də maraqlıdır ki, görəsən, gömrük generalları barədə keçirilən tədbirin mahiyyəti nədən ibarətdir?

Redaksiyamıza daxil olan məlumata görə bir neçə gömrük generalı və Bakı Baş Gömrük İdarəsinin rəis müavinlərindən biri xüsusi qurğu vasitəsi ilə mötəbər şəxslərin telefon danışıqlarını dinləyiblər.

Bu məsələdən agah olan həmin mötəbər şəxslər isə hüquq mühafizə orqanlarına tapşırıq veriblər ki, generallar nəzarətə götürülsün. Və generalların dinləmələrinin sonu, bir qrup şəxsin gömrükçülərlə əlbir olub ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretə qarşı tədbir ilə başlayaraq, hüquq mühafizə orqanlarının onlar barəsində görülən tədbirlə yekunlaşıb.

Məlum olub ki, mötəbər şəxslərin telefon danışıqlarını, adı bizə məlum olan MM-in deputatının sahibi olduğu “təhlükəsizlik xidməti” şirkətində quraşdırılan xüsusi avadanlıqdan dinləyiblər. Həmin deputatın qardaşının da Gömrük Komitəsinin generalı olması bildirilir.

Redaksiyaya daxil olan məlumata görə generalların yığışdığı əsas yer Xətai rayonu ərazisində yerləşən “Həyat çay evi” olub.

Mənbənin verdiyi məlumata görə “Həyat çay evi”ndə də xüsusi avadanlıq quraşdırılıb. Çay evinin kabinetlərində quraşdırılan dinləmə aparatları vasitəsilə çay evinə gələn müştərilərin danışıqları generallar tərəfindən dinlənilib.

Verilən məlumata görə generallar və deputat barəsində həbs qətimkan tədbiri seçilməsə də istintaq zamanı onların ölkədən çıxışına qadağa qoyulub.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli

365İNFO.AZ