50 bal toplayanlar ali məktəbə qəbul üçün müsabiqəyə buraxılacaq - EKSPERT
Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il martın 29-dan aprelin 30-dək Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu elan edilib. 12 gün ərzində ali məktəblərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 30 mini keçib.
Təhsil eksperti Kamran Əsədov isə Publika.az-a açıqlamasında bu rəqəmin çox az olduğunu deyib. Onun sözlərinə görə, bundan sonrakı günlərdə 100 faiz artım olsa belə, yenə də sənəd verənlərin sayı əvvəlki illərdən az olacaq:
“Geridə qoyduğumuz 12 gün ərzində ali məktəbə qəbul olmaq üçün 30900 nəfərə qədər abituriyent qeydiyyatdan keçib. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə ciddi şəkildə azalma deməkdir. Nəzərə alsaq ki, geridə 21 gün vaxt qalıb və bundan sonra qeydiyyatdan keçənlər maksimum 100 faiz artsa, bu da böyük rəqəm etmir. Nəzərə alsaq ki, ali məktəblərə azı 43 min plan yeri ayrılır və qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplamır, bu o deməkdir ki, universitetlərdə plan yerləri boş qala bilər.
Son illərdə məzunların sayında kəskin azalma olmasa da, ali məktəblərə sənəd təqdim edənlərin sayında kəskin azalma var. Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün 110 min abituriyent sənəd təqdim etmişdisə, 2017-ci ildə bu rəqəm 79 min olmuşdu. Cari ildə isə bu rəqəmin daha da az olması qaçılmazdır”.
Ekspert qəbul imtahanlarından sonra müsabiqə şərtinin daha da yumşalacağını düşünür:
“Abituriyentlərin ərizə qəbulunda sayının azalamsına təsir göstərən üç amil var. Onlardan birincisi qəbul imtahanları üçün tələb olunan xidmət haqqının çox olmasıdır. Bildiyiniz kimi, bir ixtisas qrupu üzrə 1 imtahan üçün 40 manat ödəniş tələb olunur. Digər səbəb elektron ərizə qəbulu prosedurunun qəliz olmasıdır. Çünki bəzən abituriyentlər kənar dəstək olmadan bunu demək olar ki, edə bilmir. İkinci səbəb Azərbaycanda ali məktəblərin təhsil haqlarının Türkiyə və digər ölkələrdə daha yüksək olmasıdır. Həmin ölkələrdə ucuz və keyfiyyətli təhsil daha əlçatımlıdır. Artıq ali məktəblərə qəbul qaydaları elan olunub. Bu il ilk dəfə olaraq necə deyərlər “ağ bayraq” qaldırılıb. İmtahanlar keçirilməmişdən keçid balı 200, bəzi ixtisaslar üzrə hətta 100 və 150 bal olan və ixtisas qrupuna daxil olan fənlərdən birindən 0 bal toplayan müsabiqəyə buraxılır. Belə başlanılıbsa, düşünürəm ki, qəbul imtahanından sonra balı 50-dən yuxarı və 4 fəndən 0 bal toplayanlar müsabiqəyə buraxılacaq”.
Xatırladaq ki, bu il qəbul imtahanları keçən il olduğu kimi iki dəfə yaz (may ayında) və yay (İyul ayında) keçriləcək.

LEGİON.AZ