Meliorasiya və su təsərrüfatı ASC-dən daha bir şikayət – Cəlilabadda sakinlər susuzluqdan əziyyət çəkir
Bu günlərdə “Qafqaz Xəbər” qəzetinə Sumqayıt şəhər Yaşma bağ massivi sakinləri tərəfindən şikayət daxil olmuşdu.
Şikayətdə bildirilirdi ki, 15-20 gün qabaq Samur-Abşeron kanalında baş verən problemə görə Yaşma bağ massivi sakinləri susuz qalıb. Sakinlər bildirir ki, ərazidə iş getməsinə baxmayaraq problem hələ də aradan qaldırılmayıb və problemin nə vaxt aradan qaldırılacağını da aidiyyati şəxslər demirlər. “Artıq 15-20 gündür ki, susuz qalmışıq, bilmirik problem nə vaxt həll olunacaq, nə vaxt su veriləcək”,- sakinlər giley edirdilər.
Bu gün isə “Qafqaz Xəbər” qəzetinə daha bir şikayət Cəlilabad rayonundan, bir qrup sakin (Hacıyev Mahir, Aslanov Fərmail, Babayev Eynulla, Abiyev Müslüm, Əsədov Rahib, Hacıyev Asif, Əsədov Ramin ) tərəfindən daxil olub.
Şikayətçi vətəndaşlar rayonun Əliqasımlı və Ocaqlı kənd sakinləridir. Şikayətçilər susuzluqdan əziyyət çəkdiklərini qeyd edərək bildirirlər ki, su verilmir deyə onların təsərrüfatı batır.
“Sakinlər hələ də sahələrini sulaya bilmir. Bir müddət bundan əvvəl kanalda su dayandırılıb. Nasosları qoyublar, amma işləmir. Suyu Biləsuvar rayon ərazisindən vururlar, ancaq bizim kəndlərə gəlib çatmır. Suyu başqa yerlərə verirlər. İdarənin baş mühəndisi Arif adlı şəxs telefon zənglərimizə cavab vermir, gizlənir. Dünən o və idarənin digər əməkdaşı Gülağa gəlib camaatla görüşdü, söz verdilər ki, su veriləcək, amma verilmədi. Nazirliyə də şikayət etmişik. Mən 25 hektar yer əkmişəm, mənimlə bərabər yüzlərlə insan bu vəziyətdədir. Sahəyə 80 min manat pul qoymuşam, amma məhsul məhv olur. İdarənin nümayəndələri pulumuzu alırlar, ancaq su vermirlər. Dünən biri gəlmişdi idarədən, hərədən 50-100 AZN yığıb verdik ki, su versinlər, amma yenə də vermədilər. Suyu kimə satırlar bilmirik. Halbuki 1000 manata yaxın pul yığıb vermişik” ,-deyə vətəndaş Aslanov Fərmail Ağayar oğlu müxbirimizə bildirdi.
Biz “Qafqaz Xəbər” qəzeti olaraq Meliorasiya və su təsərrüfatı ASC-nin Cəlilabad rayonu üzrə idarəsinin adı çəkilən Arif adlı əməkdaşı ilə əlaqə saxladıq.
“Yalandır, Əliqasımlıda su var, Ocaqlının da müəyyən hissəsi suvarılıb, axır tərəfinə su çatmır, orada da sabah su olacaq. Əkin çox olduğundan hal-hazırda vətəndaşların yanındayıq. Heç bir problem yoxdur, sabaha nizamlanacaq, gəlib özünüz də yerində baxıb görə bilərsiniz ki, hal-hazırda su var həmin ərazidə ”, -deyə idarənin Arif adlı əməkdaşı bildirdi.
Müxbirimizin “Onda belə çıxır bu qədər vətəndaşın hamısı yalan danışır”sualına həmin əməkdaş “Yox ,vətəndaş yalan danışmır, Ocaqlının müəyyən hissəsində su yoxdur”,-deyə cavab verdi.
Sakinlərin “Pul yığıb verimişik, pulu alıblar amma su vermirlər” iddiasına isə Arif adlı əməkdaş bildirdi ki,“Heç kimdən pul yığılmayıb, hələ bundan sonra yığılacaq”.
Biz adı çəkilən Gülağa adlı digər əməkdaşla da əlaqə saxladıq. “Su verilir, aşağıda bir neçə vətəndaş var, onlara çatmayıb sadəcə. İmkan dərəcəsində verilir hamısına. Sabah su olacaq, kanalda olan suyun səviyyəsi odur, neynəmək olar ki?!”,- deyə əməkdaş bildirdi.
Müxbirimizin “Sakinlər pul da yığıb vermişik deyirlər, nə qədər pul veriblər”sualına Gülağa adlı əməkdaş cavab verdi ki:“Mənə verilməyib, idarəyə verilib, nə qədər verilib, onu Həbib bilir, bizə də suyu onlar verməlidir, Həbib “Betonkanal”ın rəisidir”.
Biz “Qafqaz Xəbər” qəzeti olaraq vətəndaşların şikayəti ilə bağlı Meliorasiya və su təsərrüfatı ASC-nin də fikrini öyrənmək üçün suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovla əlaqə saxladıq.
“Məlumatımız var, biz də onunla məşğuluq. Araz çayından götürdüyümüz suyun Saatlı, Sabirabad, İmişli Biləsuvar, Cəlilabad rayonları arasında bölüşdürürük, bəzi hallarda su hansısa əraziyə gec çatır, amma bu bizim nəzarətimizdədir, vətəndaşlarda heç bir problem yaranmayacaq, bir-iki gün gecikmə olur, o da problem yaratmır. Araz çayında nə qədər su varsa hamısı kəndlərə bölünür. Daha çox su olsaydı artıqlaması ilə vermək olardı, nə qədər su var, hamısı götürülür. Naxçıvandakı “Araz” su anbarından su artırılıb, bir günə gəlib çatacaq. Tək orda deyil, Saatlıdan Sabirabaddan da müraciət edənlər var. Biz məsələdən məlumatlıyıq”,- deyə Əjdər Cavadov bildirdi.
Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti