Azərbaycanda prezident seçkiləri keçirilir
Bu gün səhər saat 8.00-dan Azərbaycanda prezident seçkilərində səsverməyə start verilib. 
Modern.az
 xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini açıq elan edib.
O bildirib ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).



Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü beş dəfə - saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.azwww.cec.gov.azwww.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.
Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir.
Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da başa çatacaq.

LEGİON.AZ