Məzahir Pənahov: “Seçicilərə heç kim təzyiq edə bilməz”
Aprelin 11-də səhər saat 8.00-da Azərbaycan Respublikasının prezidenti seçkiləri başlayıb.
Modern.a
z xəbər verir ki, bu münasibətlə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.
MSK sədri bildirib ki, 125 seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində normal səs vermək üçün Seçki Məcəlləsinin tələblərinə uyğun hər cür şərait yaradılıb. Prezident seçkilərində 5 milyon 300 mindən çox seçici 5 min 641 məntəqədə səs verəcək. Onlardan 41-i Azərbaycanın hüdudlarından kənardadır. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
"Bu gün biz gözləməliyik ki, Azərbaycan seçicisi öz hüququndan istifadə etməklə səsvermədə iştirak etsin. Bütün seçki məntəqələrində seçicilərin azad şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb".
M.Pənahov bildirib ki, seçki böyük bir prosesdir: “Müxtəlif fikirli insanlar var və biz çalışmalıyıq ki, hər bir tərəf üçün şərait yaradaq və heç bir tərəf narazı qalmasın. Bütün seçicilər azad və sərbəst şəkildə səs vermək hüququndan istifadə etməlidir”.
MSK sədri bildirib ki, seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz: “Sonuncu seçici məntəqəni tərk etdikdən sonra saat 19:00-da seçki məntəqələri bağlanır. Artıq bundan sonra heç kim məntəqəyə daxil ola bilməz və heç bir müşahidəçi və ya KİV nümayəndəsindən məntəqəni tərk etməyi tələb etmək olmaz”.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.
Gün ərzində beş dəfə “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin MSK-nın internet səhifələrində yerləşdiriləcək.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə ümumi məntəqələrin 18 faizi deməkdir. Seçki prosesinin gedişini minə yaxın beynəlxalq müşahidəçi bütün məntəqələrdə maneəsiz izləyəcək. Yerli müşahidəçilərin ümumi sayı isə 58 mindən artıqdır. Çoxsaylı xarici kütləvi informasiya vasitəsi də seçkilərin işıqlandırılmasında iştirak edir.
Səsvermə saat 19:00-da başa çatacaq.

LEGİON.AZ