Prokurorluq təcavüzə məruz qalan azyaşlı şagirdlə bağlı ictimaiyyəti niyə məlumatlandırmır?
Məlumat üçün bildirək ki, bir müddət əvvəl 365info saytı Etibar Əliyev adına 162 saylı tam orta məktəbin azyaşlı qız şagirdinin məktəb direktorunun yaxını sayılan Amid Qəmbərli adlı şəxs tərəfindən təcavüzəməruz qaldığı üçün, sonuncunun barəsində Səbail rayon prokurorluğunda cinayət işi başlanmışdır.

Xatırladaq ki, 365info saytının əldə etdiyi məlumata görə 14 yaşlı şagirdin adı orta məktəbdə getsə də, o, məktəbə gəlib dərslərə qatılmayıb. Keçən yazımızda bildirmişdik ki, baş verən hadisədən bərk narahat olan məktəbin direktoru Sevinc Abbasova vəziyyətdən çıxış yolu axtarır.

Həmçinin yazıda qeyd edilirdi ki, sözügedən hadisə ilə əlaqədar 365info saytı olaraq məktəb direktoru ilə bağlı araşdırmalar apardıqda məktəbdə çoxsaylı neqativ halların mövcud olması aşkar edilib. ”Ölkə mətbuatının yazdığına görə, 1936-cı ildə əsası qoyulan, Etibar Əliyev adına 162 saylı tam orta məktəbin fəaliyyəti bu təhsil ocağında yaşananlar şagirdlərin və onların valideynlərinin kəskin etirazına və ciddi narazılığına səbəb olmuşdur. Məlumatlı şəxsin paylaşdığı bilgidə qeyd olunur ki, direktor Sevinc Abbasova hər dərs ilinin əvvəlində bütün müəllim və pedeqoji işçilərin hər birindən “fond pulu” adıyla 30 manat, həmçinin sinif komplektlərini tənzimləmək üçün “yuxarılara veriləcək” adı ilə 100-150 manat pul toplayır.

365info saytına daxil olan yeni məlumata görə 14 yaşlı məktəb şagirdinə təcavüz olunması hadisəsi Səbail rayon prokurorluğu tərəfindən araşdırılır.

Bildirilir ki, hadisə ilə bağlı barəsində prokurorluq orqanlarına şikayət olunan şəxs Amid Qəmbərlidir və o, 162 saylı məktəb direktoru Sevinc Abbasovanın yaxın adamı sayılır. Daxil olan digər məlumata əsasən məktəb direktoru prokurorluğun araşdırmasına müdaxilə etməyə cəhd etsə də, hələ ki, heç bir müsbət nəticə əldə edə bilməyib”, – yazıda qeyd olunurdu.

Daha bir məlumata görə isə bu iş Səbail prokurorluğundan Bakı şəhər prokurorluğuna göndərilib. Ancaq buna baxmayaraq prokurorluq baş verən hadisə ilə bağlı hələ də ictimaiyyətə heç bir məlumat verməyib.

Görünür Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun başı digər daha vacib işlərə qarışıbdır.

Şamil Həsənbəyli