Özəl klinikada əməliyyat olunan həkim komaya düşərək ölüb
Bakıda həkim əməliyyatdan sonra vəfat edib.
LEGİON.AZ
 “Report”a istinadən xəbərinə görə, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.
Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən “MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb. Yaxınları koma vəziyyətində olan xəstəni “MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib. O, uzun illər hərbi həkim olub. Ə.Bayramlı pasientləri və həmkarları arasında savadlı həkim kimi tanınıb.

LEGİON.AZ