Gömrük polkovnikində 405 min dollar hardandır?
Keçən yazımızda Dövlət Gömrük Komitəsinin əməkdaşı Şadiyə Salehli ilə şair və bəstəkar Tural Bayraməliyev arasında yaranan problemdən yazmışdıq.

Xatırladaq ki, Ş.Salehli mətbuata açıqlamasında T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadaraq 405 min ABŞ dollar məbləğində pulunu almasını iddia edib.

Bu iddianı əsassız sayan və ona iftira atıldığını deyən Tural Bayraməliyev isə şərikini məhkəməyə verdiyini bildirmişdi.

“Qafqaz Xəbər”
 qəzetinin məsələ ilə bağlı apardığı araşdırmalardan məlum olmuşdur ki, gömrük polkovniki Şadiyə Salehli DGK-nin sədri Aydın Əliyevin baldızıdır.

Ötən yazımızda həmçinin bildirilirdi ki, “Qafqaz Xəbər” qəzetinin Türkiyədəki xüsusi müxbirinin verdiyi məlumata görə Tural Bayraməliyev hüquq mühafizə orqanları tərəfindən 8 gün əvvəl saxlanılıb.
 
Başqa vaxt DGK-nin mətbuat xidməti onlar barədə ölkə mətbuatında neqativ bir yazı çıxan kimi, çıxıb bəyanat verirlər ki, “bu yalandır”. Ancaq bu dəfə nəsə heç bir bəyanat verən olmadı…
 
Əldə etdiyimiz məlumata görə DGK-nin mətbuat xidmətinin rəisi Natiq Axundov da nehrəmlidir .. .Və onun bu vəzifəyə təyin olunmasında Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun böyük əməyi olub.

Məlumat üçün bildirək ki, Vüsal Novruzov da əslən Nehrəmdəndir. Və Aydın Əliyevin baldızı, DGK-nin polkovniki Şadiyə Salehliyə 405 min dollar “atan” bəstəkar Tural Bayraməliyev də əslən nehrəmlidir.
 
Yaxşı , əgər bu şəxslərin üçü də Nehrəmlidirsə maraqlıdır , onda bəs niyə Natiq Axundov çıxıb öz həmkəndlisi, bəstəkar Tural Bayraməliyev və gömrük polkovniki Şadiyə Salehli arasında yaşanan 405 min dollarlıq problem barədə ölkə mətbuatına bir açıqlama vermir.

Natiq Axundov bu barədə məlumat verməsə də biz bu barədə ictimaiyyətə məlumat verəcəyik.
 
Bu yazıdan bizi izləməyə başlayan oxuculara məlumat vermək istəyirik ki, keçən yazımızda bəstəkar Tural Bayraməliyevin Türkiyədə həbs olunaraq ölkəyə gətirilməsi barədə məlumat vermişdik.

Hətta Tural Bayraməliyevin “Quska” ləqəbli, MM-in keçmiş deputatı Hüseyn Abdullayevin dayısı oğlu və Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzovun yaxın qohumu olduğunu xüsusi vurğulamışdıq.
 
Yazı ölkə ictimaiyyətində böyük rezonans doğurduğu və yazının qəhrəmanları sosial şəbəkə istifadəçiləri tərəfindən də qınaq obyektinə çevrildiyi üçün bu mövzunu davam etməyi özümüzə borc bildik.
 
İlk yazıdan sonra bəstəkar Tural Bayraməliyevin anası Reyhanə xanım Nağıyeva “Qafqaz Xəbər” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb. Onun haqlı sözlərini oxuculara olduğu kimi çatdırırıq. “Bir soruşan yoxdur ki, bu 405 min dollar gömrük polkovniki Şadiyə Salehlidə hardandır?! Bu xanım məmurdur, görəsən işlədiyi Gömrük Komitəsindən aldığı əmək haqqı ilə bu pulları necə əldə edib?”
 
Və sonra Reyhanə xanım bizə bildirdi ki, bu işdə bir çox qaranlıq məqamlar var:”Qoy məhkəmə başlasın, mən özüm bu haqda mətbuata məlumat verəcəm. Mənim oğlumun heç bir günahı yoxdur, o sadəcə bəzi “işbazların” toruna düşərək onların güdazına gedib.”
 
Sonda Reyhanə xanım əlavə edərək bildirdi ki, Vüsal Novruzovun atası onların nəslinin ağsaqqalıdır və gərək biz jurnalistlər nə Hüseyn Abdullayevin, nə də Vüsal Novruzovun adını bu məsələdə hallandırmayardıq. Biz də öz növbəmizdə Reyhanə xanıma cavab olaraq bildirdik ki, Hüseyn Abdullayev, Vüsal Novruzov və elə onun oğlu Tural Bayraməliyev də ölkə mətbuatında tanınmış sima olduqları üçün biz oxuculara ətraflı məlumat verməyi özümüzə borc bildik.
 
Üstəlik qarşı tərəfi -Aydın Əliyev və onun baldızı Şadiyə Salehlini də yaddan çıxartmadıq……
 
Sənan Məmmədli