Milli Məclisin toplantısı başladı: Baş nazirin təsdiqi
2018.04.20
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə Axar.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, iclas saat 12:00-da başlayacaq.
A.Təvəkkül iclasda müzakirə olunacaq məsələ barədə danışmayıb.
Qeyd edək ki, Report iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyinin gözlənildiyi haqda məlumat yaymışdı.
***
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə baş nazir haqqında təqdimatı müzakirə edilir.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var:
“Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.
Spiker Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib. O.Əsədov Prezidentin yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub:
“Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilir”.
Hazırda millət vəkillərinin müzakirəsi davam edir.

LEGİON.AZ