Milli Məclis təsdiqlədi: Yeni baş nazir çıxış etdi
2018.04.20
Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Bu barədə Axar.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, iclas saat 12:00-da başlayacaq.
A.Təvəkkül iclasda müzakirə olunacaq məsələ barədə danışmayıb.
Qeyd edək ki, Report iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyinin gözlənildiyi haqda məlumat yaymışdı.
***
Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə baş nazir haqqında təqdimatı müzakirə edilir.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün gündəlikdə yalnız bir məsələ var:
“Aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş hadisənin sevincini yaşayırıq. İlham Əliyevin yenidən prezident seçilməsi ona olan sonsuz inamın nəticəsidir. Hər biriniz adından cənab Prezidenti təbrik edib, ona işlərində uğur arzulayırıq. Prezident andiçmə mərasimini Milli Məclisdə keçirdi. Bu da Milli Məclisə olan etimadın nəticəsidir. Milli Məclis adından Prezidentə təbrik teleqramı göndəriləcək”.
Spiker Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun baş nazir vəzifəsinə təyin edilməsi barədə iclas iştirakçılarına məlumat verib. O.Əsədov Prezidentin yeni baş nazir təyinatı ilə bağlı təqdimat məktubunu oxuyub:
“Məktubda bildirilib ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Baş nazir vəzifəsinə təklif edilir”.
Hazırda millət vəkillərinin müzakirəsi davam edir.
***
YAP-çı millət vəkili Sitavuş Novruzov çıxış edərək, Novruz Məmmədovun dövlətçilik qarşısında xidmətlərini sadalayıb. O, Prezident, YAP sədri İlham Əliyevin təqdim etdiyi namizədi bütün YAP-çı millət vəkillərinin dəstəklədiyini açıqlayıb və YAP üzvü olmayan deputatlardan N.Məmmədovun namizədliyini dəstəkləməsini istəyib.
***
Millət vəkili, akademik İsa Həbibbəyli çıxışında Novruz Məmmədovun dəyərli alim olduğunu qeyd edib. Bildirib ki, N.Məmmədov sədaqətli, prinsipial və aydın mövqeli şəxsdir:
"O, bütün varlığı ilə Ulu öndər Heydər Əliyevin siyasətinə sədaqətlidir.
İ.Həbibbəyli də həmkarlarını N.Məmmədovu dəstəkləməyə çağırıb.
***
20 nəfərin çıxışa yazıldığını bildirən Oqtay Əsədov çıxışların kəsilməsini xahiş edib və N.Məmmədovun namizədliyini səsə qoyub.
***
Novruz Məmmədov 113 deputatın lehinə səs verməsi ilə baş nazir vəzifəsinə təqdiqlənib.
***
N.Məmmədov baş nazir kimi ilk çıxışını edir...
***
Novruz Məmmədov etimada görə Prezident İlham Əliyevə və millət vəkillərinə təşəkkür edib. O bildirib ki, üzərinə düşən bu ağır məsuliyyəti ləyaqətlə daşımaq üçün əlindən gələni edəcək.
N.Məmmədov məsuliyyətli işində həmkarları, xüsusilə Milli Məclislə sıx işləyəcəyini bildirib.
Bütün sahələrdə Azərbaycanın böyük uğurlar əldə etdiyini deyən yeni baş nazir vurğulayıb ki, son illərdə həyata keçirilən yeni transmilli layihələr ölkəmizin nüfuzunu artırıb, gələcəyini aydınlaşdırır:
"Bugünə qədər ölkəmizin əldə etdiyi uğurların daha da genişlənməsi üçün biz birlikdə çalışacağıq".

LEGİON.AZ