“Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib
“Azərsu”nu “Cəbrayılsu”ya çevirənlərə “dur” deyən tapılacaq?

“Azərsu” ASC və onun rəhbəri Qorxmaz Hüseynov barədə ölkə mətbuatında çoxsaylı tənqidi yazılara rast gəlmək olur. Ancaq bu yazılardan nə Qorxmaz Hüseynov nə də onun rəhbərlik etdiyi təşkilatın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bir nəticə çıxartmırlar. 

Özlərinə yaxın bəzi mətbu orqanları “aylığa otuzdurublar” və lazım gələndə onlara lüzumsuz və rabitəsiz cümlələrlə qısa açıqlama verirlər və bu açıqlamalarla yaranan problemlərin həllinə nail olduqlarını güman edirlər.
 

Bəzi adını yaza bilməyən baş redaktorlar, hansılar ki, vaxtı ilə “reket qəzet” olub, indi MŞ-nın üzvü seçiliblər, Anar Cəbrayıllıya məsləhətlər verərək ölkə mətbuatında onlar barədə gedən yazıların əhəmiyyətli olmamasını inandırmağa çalışırlar. Ancaq həmin “reket qəzetin” baş redaktoru özünə lazım olanda hətta nazirləri də şantaj edir.
 

Nə isə… bu başqa mövzunun yazısı olduğu üçün, keçək əsas məsələyə.
 

365İNFO.ORG-un redaksiyasına Səbail rayonu Badamdar qəsəbəsi 2-ci massiv, 3-cü döngənin sakinləri müraciət edərək “Azərsu”nun yarıtmaz fəaliyyətindən və onun korrupsioner əməkdaşlarından şikayət edirlər.
 

Sakinlər bildirirlər ki,ərazidəki küçədə vaxtı ilə köhnə su xətti olub. Sonra “Azərsu” gəlib küçəyə yeni su xətti çəkdi. İndi də kim pul versə yeni xətdən onun evinə “Azərsu” su çəkir, kimin pulu yoxdursa evinə su çəkilmir. Evinə su çəkilməyən sakinlər məcbur olub 365İNFO.ORG-un redaksiyasına şikayət ediblər.
 

Şikayətçi sakinlərin dediyinə görə “Azərsu”nun, onların küçəsində açdığı “bazarın” nümayəndəsi (pul yığanı) və digər əməkdaşları adıçəkilən əraziyə “Qəza Xidməti”nin 90 JZ 591 nömrəli- avtomaşını ilə gəliblər.
 

Ümid edirik ki, bu yazıdan sonra Qorxmaz Hüseynov “Azərsu”nu “Cəbraylsu”ya çevirənlərə “dur”deyəcək .
 

İNTİQAM MİNCİVANLI
 

365İNFO.ORG