Özünü “yetim-yesir anası” adlandıran qızıl alverçisi pula görə bir çoxlarını məhkəməyə çəkib…
Bir müddət əvvəl 365info saytında Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun və onun oğlu – Sumqayıt şəhər 4-cü Polis bölməsinin rəisi Ruslan Hüseynovun Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Tahirova Vüsalə Tahir qızına havadarlıq etmələri barədə “Sumqayıt şəhər Məhkəməsinin sədri ilə polis rəisi olan oğlu əlbir olub nə işlərlə məşğuldurlar?” adlı yazı dərc olunmuşdu.
365info-ya daxil olan ilginc məlumata görə Ruslan Hüseynov Sumqayıt şəhərində Tahirova Vüsalə Tahir qızına “krışalıq” edir. Və Vüsalə Tahirova da bundan istifadə edərək lazım olanda Sumqayıt sakinlərinə hədə-qorxu gələrək onları Ruslan Hüseynovla qorxuzur. Məlumatda həmçinin bildirilir ki, Vüsalə Tahirova Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində Zeyqəm və Ruslan Hüseynovların pullarını dövr etdirərək qızıl-zinət əşyalarının alveri ilə məşğuldur, lazım olanda isə sələmə pul da verir. Sələmə pul verdiyi insanlar sələmi qaytarmağın vaxtını gecikdirəndə Ruslan Hüseynovun 4-cü polis bölməsinin əməkdaşları “qış yuxusundan” ayılaraq Vüsalədən sələmə pul götürən binəvaların başının üstünü kəsdirib onları həbs etməklə hədələyirlər. Vüsalə Tahirova da bununla həmin sumqayıtlılara öz gücünü nümayiş etdirərək sübut etməyə çalışır ki, onun arxasında Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov və onun oğlu – 4-cü polis bölməsinin rəisi Ruslan Hüseynov dayanır” – həmin yazıda bildirilirdi.

Bu yazı böyük rezonansa səbəb olmuşdur. Məsələ ilə bağlı hətta Qafqaz Xəbər qəzeti ilə əlaqə saxlayan özünü Vüsalə Tahirovanın yaxın qohumu kimi təqdim edən Əli Qarayev adlı şəxs bildirmişdir ki, yazıda çox ciddi ittihamlar səslənib və o, yazı müəllifi ilə görüşərək ondan bu materialları haradan, kimdən götürməsini, bu yazını yazmaqda əsasının olub-olmamasını öyrənmək üçün onunla söhbət etmək istəyir.

“Qafqaz Xəbər”
 qəzetindən isə Əli Qarayevə bildirilib ki, həmin yazı onlarda dərc olunmasa da 365info saytında dərc olunan yazıda adı keçən hər bir şəxsin mövqeyini dərc etməyə hazırdırlar.

Əli Qarayevlə söhbətin sonunda isə Vüsalə Tahirovanın özünün redaksiyaya zəng etməsi razılığına gəlinib. Və bundan sonra “Qafqaz Xəbər” qəzeti ilə əlaqə saxlayan Tahirova Vüsalə Tahir qızı ilk olaraq bildirib ki, onun barəsində həmin yazıda səslənən ittihamlar hamısı cəfəngiyatdır.

“Qafqaz Xəbər” 
onun mövqeyini əks etdirən fikirləri olduğu kimi dərc edib: “Mən saytlarla maraqlanmıram, ancaq mənim haqqımda gedən yazıdan məlumatım oldu. Yazıda göstərilənlərlə bağlı onu qeyd edim ki, Ruslan Hüseynovu şəxsən tanımıram, sadəcə o, mən yaşadığım ərazinin polis bölmə rəisidir. Atası Zeyqəm Hüseynov haqda isə yalnız Sumqayıtda əksəriyyətin bildiyi adi bir şeyi – onun Sumqayıt şəhər Məhkəməsinin sədri olmasını bilirəm. Sadəcə şəhərimizin məhkəməsinin sədri kimi tanıyıram. Onu da deyim ki, onların hər ikisi əslində gözəl insanlardır, amma mənim onlarla heç bir şəxsi tanışlığım, dostluğum yoxdur. Mənim barəmdə o yazıda əks olunanlar həqiqəti əks etdirmir. Bəli, mən “Karvan” Ticarət Mərkəzində işləyirəm, ancaq sələmə heç kimə pul vermirəm. Ümumiyyətlə o yazıda mənim ünvanıma səsləndirilən ittihamlar cəfəngiyatdır. Düzdür, müəyyən mənada mən fəxr edirəm ki, mənim haqqımda saytlarda yazılar gedir; demək mən o yazını yazdıranlar üçün əlçatmazam… Demək mən yaşayıram, varam ki, məndən danışırlar, yazırlar. Mən sadəcə bu yazını yazanı və yazdıranı üzə çıxartmaq istəyirəm. Görüm kimdir məndən belə yanan ki, saytda məndən belə yazılar yazdırır. Ondan sonra mən bununla bağlı lazım olan tədbir görəcəm. Yox, əgər yazı müəllifi həmin adamı üzə çıxartmasa, onda mən onun özünü diz çökdürəcəm. Həmin adamın adını gizlətsə o diz çökəcək, məhv ediləcək(?!), vəssalam. Mən Milli Qəhrəman ailəsindənəm, dağlar qızıyam. Siz Sumqayıta gəlin və soruşun ki, belə bir qadın var burada o, necə adamdır? Görün mənim haqqımda nə deyəcəklər. Mən bu gün ticarət mərkəzində fəaliyyət göstərirəm, ticarətlə məşğul olub halal zəhmətimlə pul qazanıram, dolanıram. Mən elə bil qadınam ki, heç zaman heç kimin kölgəsində yaşamamışam. Mən heç kimin qarşısında əyilməmişəm, mənim keçmişimi bilənlər bilir ki, mənim necə keşməkeşli həyatım olub. Mən öz zəhmətimlə bu səviyyəyə çatmışam. O yazıdakı fikirlər mənə pis təsir etdi, çünki bu bir qədər təvəzökarlıq olmasa da bildirim ki, mən hal-hazırda neçə imkansız ailəyə kömək edirəm, milyonçu olmasam da mən yetim-yesir anasıyam. Özüm 3 uşaqla kirayədə qalsam da imkansız insanlara yardım etməyi özümə borc bilirəm” – deyə Vüsalə Tahirova “Qafqaz Xəbər”ə bildirmişdi.

Biz Vüsalə Tahirovanın bu açıqlamasından sonra səslənən ittihamların müəyyən mənada öz təsdiqini tapmadığı üçün jurnalist obyektivliyini əsas götürərək, onunla bağlı mövzunu demək olar ki, qapatmaq istəyirdik… Amma internetdə təsadüfən Vüsalə Tahirova ilə bağlı məhkəmə işləri ilə bağlı rəsmi məlumatlara rast gəlməsəydik…

Rastımıza çıxan məhkəmə işlərini oxuyanda açığı Vüsalə Tahirovanın özü haqqında yaratdığı xeyriyyəçi, gözəl qəlbli insan, mələk obrazı darmadağın oldu…

Məlum oldu ki, Vüsalə Tahirova müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı, məhkəmələrdə pul tələbi iddiaları qaldırmışdır. Bu məhkəmə işlərinin gedişatını izləyəndə götürdükləri qızılların pulunu verə bilməyən insanlara qarşı onun necə rəhimsiz davranmasını sezmək olur.

Bundan başqa Vüsalə Tahirova Sumqayıt şəhər Məhkəməsinin sədrini tanımadığını desə də, nəyə görəsə hər məhkəmə işində məhz bu məhkəmə instansiyasında bir qayda olaraq onun xeyrinə qərarlar çıxarılıb ki, bu da onun dediyinin əksinə olaraq Zeyqəm Hüseynovu yaxşı tanımasını düşünməyə əsas verir.

Vüsalə Tahirova deyir ki, “Mən Milli Qəhrəman ailəsindənəm, dağlar qızıyam. Siz Sumqayıta gəlin və soruşun ki, belə bir qadın var burada, o, necə adamdır? Görün mənim haqqımda nə deyəcəklər. Mən hal-hazırda neçə imkansız ailəyə kömək edirəm, milyonçu olmasam da mən yetim-yesir anasıyam.”

Amma məsələn, 3.100 manat borcu ödəyə bilmədiyinə, yaxud ödəmədiyinə görə Leyla Həsənovanı 1.000 manat cərimə etməyi “iki ayağını bir başmağa dirəyib” məhkəmədən tələb etməsi barədə materilaları oxuyanda Vüsalə Tahirovaya “yetim-yesir anası” demək olmur…

Hətta sələmə pul vermiş olmasa belə, ondan qızıl-zinət əşyaları alanlara qarşı münasibəti mənəvi baxımdan heç də sələmçinin amansız münasibətindən fərqli deyil.

Əlbəttə hər bir iş adamı öz pulunun qədrini bilməlidir və biznesdə iş gördüyü adam onun pulunu mənimsəyərsə, bunu sivil qaydada məhkəməyə müraciət edərək ondan tələb edə bilər və bu onun hüququdur.

Amma hər bir halda ədalət deyilən bir məhfum var və məhkəməyə verilən insana da qarşı həddən-ziyadə amansız bir mövqe tutmaq, onu nəyin bahasına olursa-olsun cəzalandırmaq, Vüsalənin özünün sözləri ilə desək “diz çökdürüb, məhv etmək” heç də bəyənilən niyyət deyil.

Ələlxüsus “imkansız ailəyə kömək edirəm, yetim-yesir anasıyam” deyib sinəsinə döyən qadın üçün…

Oxucuların marağına səbəb ola biləcək həmin işlərin təfsilatı belədir: 08.04.2016-cı il tarixdə Tahirova Vüsalə Sumqayıt şəhər Məhkəməsində Ülviyyə Əsədovaya qarşı pul tələbi barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, Əsədova Ülviyyə ilə Sumqayıt şəhərində 2008-ci ildə tanış olmuş, qonşudurlar. Ülviyyə qızıl alveri etmək məqsədi ilə 2015-ci ilin yanvar-mart aylarından ondan bir neçə dəfə qızıl-zinət əşyaları götürüb sataraq pulunu qaytarmışdır. Ülviyyə ondan, ümumilikdə, 24.700 manatlıq qızıl-zinət əşyaları götürüb satdıqdan sonra pulunu 1 ay müddətinə qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə aldığı malın pulunu verməmişdir. Ülviyyə Əsədovaya verdiyi qızıl-zinət əşyalarının pulunu ala bilmədiyindən yaşayış yeri üzrə sahə müvəkkilinə və işlədiyi mərkəzi bazarın sahə müvəkkilinə şikayətlər etmişdir. İş materiallarında olan 4-cü PB-nin təhqiqatçısının 19.12.2015-ci il tarixli qərarında Əsədova Ülviyyənin izahatından görünür ki, qonşusu Vüsalə ilə arasında olan alqı-satqı əsasında onun Vüsaləyə qalıq borcu yaranmış və Vüsalənin buna görə onunla tez-tez münaqişə etdiyini göstərmişdir. Daha sonra isə Vüsalə Tahirova məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin hakimi Elman Məmmədov 23.06.2016-cı il tarixli, 2(060)-6165/2016 saylı qətnaməsi ilə Ülviyyə Əsədovadan 24.700 manat məbləğində pulun tutularaq Vüsalə Tahirovaya verilməsini qət etmişdir. Cavabdeh Əsədova Ülviyyə qanunsuz, əsassız və ədalətsiz hesab etdiyi qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən də o, iddiaçı Vüsalə Tahirovadan müxtəlif vaxtlarda qızıl zinət əşyaları alsa da, müxtəlif vaxtlarda həmin pulun müəyyən hissəsini Vüsaləyə ödəmişdir və hazırda 6.450 manat borcu qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 17.10.2016-cı il tarixli, 2(105)-2048/2016 saylı qətnaməsi ilə Əsədova Ülviyyənin apellyasiya şikayətini təmin etməmiş, Sumqayıt şəhər Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2(060)-6165/2016 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. Əsədova Ülviyyə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında vurğulanır ki, Məhkəmə qətnamə qət edərkən şahid qismində dindirilən Əliyev Məharət Əli oğlunıın söylədiyi fikirləri əsas tutmuşdur. Halbuki həmin şəxs iddiaçı Vüsalə Tahirova ilə cavabdeh Əsədova Ülviyyə arasında olan borc məsələsini şifahi şəkildə bilir, qızıl-zinət əşyalarının ona verilməsi prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Sumqayıt şəhər Məhkəməsi qətnamə qət edərkən mötəbər sübutlara əsaslanmamışdır. İddianı qismən, yəni cavabdehin etiraf etdiyi hissədə təmin etməli, qalan hissədə isə iddianı rədd etməli idi. Çünki iddiaçı Vüsalə Tahirova Sumqayıt məhkəməsində iddiasını sübuta yetirə bilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası 15.03.2017-ci il tarixli, 2(102)-1918/2017 saylı qərarı ilə cavabdeh Əsədova Ülviyyənin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2048/2016 nömrəli iş üzrə 17.10.2016-cı il tarixli qətnaməsi qismən, yəni 6450 manat pulun tutulmasından başqa, qalan hissədə ləğv etmişdir.

İkinci bir işdə isə, hakim Hüseyn Əmir oğlu Nəbiyevin sədrliyi ilə keçirilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-389 saylı 25.12.2017-ci il qərarında göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin Həsənova Leyla Adil qızının barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1 maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməsinə dair 10.10.2017-ci il tarixli qərarından zərərçəkmiş Tahirova Vüsalə tərəfindən verilmiş şikayətə baxılmışdır. Zərərçəkmiş Tahirova Vüsalə şikayət verərək Sumqayıt şəhər Məhkəməsinin Həsənova Leyla barəsində olan İXM 528.1 maddəsi ilə başlanmış 10.10.2017-ci il tarixli, 3(060)-3260/2017 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilərək Həsənova Leyla tətəfindən məhkəmə qətnaməsi ilə bağlı sənədi icra etmədiyinə görə İXM-nin 313-1.1 maddəsi ilə təqsirli bilinib barəsində 1.000 manat cərimə tətbiq edilməsini xahiş etmişdir. Vüsalə Tahirova şikayətini bununla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsi 05.10.2015-ci il tarixli, 2(060)-7428/2015 saylı qətnaməsi ilə ona borclu olan Həsənova Leyla və Yuliya Şişkinadan onun xeyrinə müştərək qaydada 6.200 manat məbləğində pulun tutulması icra olunması üçün Sumqayıt şəhər İcra İdarəsinə yönəldilmişdir. Leyla Həsənova uzun müddətdir ki, məhkəmə qərarını yerinə yetirmir, müxtəlif bəhanələrlə yayınır. Bununla da Həsənova Leyla barəsində 10.10.2017-ci il tarixdə icra məmuru Həsənov Emil Barat oğlu tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7428 saylı, 05.10.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Həsənova Leyla və Yuliya Şişkinadan birgə borclu kimi onun xeyrinə müştərək qaydada 6.200 manat məbləğində pul tutulmalıdır. Lakin bu günədək onun borcunu ödəməmişlər. Sumqayıt şəhər Məhkəməsi nəticəyə gəlmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmadığından hazırkı iş üzrə məhkəmə qərarı ləğv edilərək iş Sumqayıt şəhər məhkəməsinə göndərilməli, həmin qərardan zərərçəkmiş şəxs Tahirova Vüsalə tərəfindən verilmiş şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməli, şikayət qalan hissədə təmin edilmədən saxlanılmalıdır.

Belə ki, zərərçəkmiş şəxs Vüsalə Tahirova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Leyla Həsənovaya 6.200 manat məbləğində borc pul deyil, həmin məbləğdə qızıl-zinət əşyaları vermişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən işin bu faktı araşdırılmamış, Leyla Həsənova tərəfindən hansı səbəblərə görə zərərçəkmiş şəxs Vüsalə Tahirovadan aldığı 6.200 manat məbləğində qızıl-zinət əşyalarını və yaxud dəyəri olan 6.200 pulu bu günədək zərərçəkmiş şəxsə hansı səbəbdən qaytarmamasını araşdırmadan əsassız qərar qəbul edərək işə xitam vermişdir.

Vüsalə Tahirovanın qızıl-zınət, borc-sələm sərgüzəştləri bununla bitmir.

Belə ki, onun Əliyeva İradə İbiş qızına da qarşı pul tələbi iddiası ilə işə hakim Aqil Abbasovun sədrliyi ilə Sumqayıt şəhər Məhkəməsində 2(105)-2353/2016 saylı işə baxılmışdır.

Hal-hazırda isə, Vüsalə Tahirovanın Məhərrəmova Günay Malik qızına qarşı pul tələbi iddiası ilə yenə hakim Aqıl Abbasovun sədrliyi ilə Sumqayıt şəhər Məhkəməsində 2(105)-349/2018 saylı iş 28.03.2018-ci ildən davam etdirilir.

Bütün bunlar onu deməyə əsas verir ki,Vüsalə Tahirova özünü heç də əslində olduğu kimi göstərmir və təqdim etdiyimiz , məhkəmə işlərinin təfərrrüatları da vicdanlı oxucuda onun haqqında aydın təsəvvür yaratmağa imkan verir.

Bu yerdə böyük türk şairi və filosofu Mövlana Cəlaləddin Rumidən sitat gətirmək yerinə düşər: “Ya olduğun kimi görün, ya da göründüyü kimi ol”

Tamerlan Zeynallı

“Qafqaz Xəbər” qəzeti