Sarkisyanın son saatları: Rusiya Ermənistana ordu yeridir - Aprel döyüşçüləri MEYDANDA - CANLI YAYIM (YENİLƏNİR)
Ermənistanın Gümrü şəhərində Serj Sarkisyanın baş nazirliyinə qarşı təntənəli yürüş keçirilir.
“Şirak” informasiya mərkəzinin sədri Vaan Tumasyan şəhərdə ümumi tətilin elan edildiyini bildirib. Onun sözlərinə görə, bu gün erkən saatlarından qadınlar, uşaqlar, dövlət və özəl müəssisələrin əmək kollektivləri şəhərin kənarlarından “Serjik, rədd ol!” şüarı ilə Gümrünün Teatr meydanına hərəkət edirlər.
“Keçmiş günlərdən fərqli olaraq, mitinqlər yeni güc toplayır. Təsvir olunmayacaq səviyyədə ruh yüksəkliyi və birlik hökm sürür”, – Tumasyan deyib.
Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var. Burada həmçinin, MDB-nin hava hücumundan birləşmiş müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Etirak aksiyalarının genişməsi Rusiya bazası üçün böyük təhlükə hesab olunur.
Kremldən verilən açıqlamaya görə, Moskva hazırda Ermənistandakı prosesləri diqqətlə izləyir və hazırda hansısa xüsusi planı yoxdur. Bu gün isə Dövlət Dumasının MDB işləri üzrə dövlət komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Rusiyanın Ermənistandakı proseslərə müdaxilə etmək planları yoxdur.
“Ermənistandakı daxili hadisələrə qarışaraq aktiv güc rolunda çıxış etmək Rusiyaya lazımdırmı? Mən hesab etmirəm ki, bunun üçün hansısa bir an yetişib”, - o deyib.
Zatulin vurğuladı ki, Ermənistan hakimiyyətinin resursları yaranmış ziddiyyətləri aradan qaldırmağa imkan verir.
Moskvadan səslənən bu tipli bəyanatlara baxmayaraq, Gümrüdəki hərbçilər üçün təhlükə yaranarsa, ümumilikdə onun heç bir əmrindən çıxmayan Sarkisyan rejiminin hakimiyyətdən uzaqlaşacağı ehtimalı yaranarsa, Rusiyanın hərbi müdaxiləsi qaçılmaz ola bilər.
***
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan ümid etdiyini bildirib ki, aksiyalarla əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiqinə ehtiyac olmayacaq.

“Mənim və bütün həmyerlilərimizin arzusu odur ki, fövqəladə vəziyyət rejiminin tətbiqinə ehtiyac qalmayacaq. Qanunvericilikdə yazılıb ki, buna ehtiyac yarana bilər. Amma biz ümid edirik ki, buna ehtiyac olmayacaq”, - Sarkisyan brifinqdə deyib.
O həmçinin qeyd edib ki, qanunvericilik belə vəziyyət zamanı silahlı qüvvələrin cəlb edilməsini nəzərdə tutur.
***
İrəvanda hərbçilərin bir qrupu nümayişçilərin tərəfinə keçib
.
Publika.az-ın xəbərinə görə, aksiya ilə bağlı verilən canlı yayımda hərbçilərin nümayişçilərlə birlikdə yürüşdə iştirak etdiyi görünür. Onların 2016-cı il aprelində dördgünlük döyüşlərinin iştirakçıları olduğu bildirilir.
Aksiyaya din xadimləri də qatılıb. Yürüşün önündə din xadimlərinin də hərəkət etdiyi görünür.
***

Nümayişçilərin iki böyük kolonu İrəvanın mərkəzində Sayat-Nova prospektində birləşib.

Bu kolonlardan biri İrəvan Dövlət Universitetinin əsas korpusundan təntənəli yürüşlə çatan tələbələr, digəri isə Xancyan küçəsindən gələn etirazçılardır.
Polislər etirazçıları Abovyan küçəsini tərk etməyə çağırıblar. Lakin polisin çağırışı yerinə yetirilməyib. Etirazçılar aydın şəkildə "Qoşulun!", "Polis bizimdir!" və "Tətil" kimi şüarlar səsləndirirlər.
Hazırda etiraz aksiyaları Ermənistan paytaxtının müxtəlif hissələrində keçirilir. Azadlıq meydanından müxalifətçilərin növbəti təntənəli yürüşü başlayıb.
***

İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları yenidən başlayıb.

Publika.az "news.am" saytına istinadən xəbər verir ki, bu gün İrəvan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyasına başlayıblar.
Onlar müəllimləri də aksiyaya qoşulmağa çağırıblar. Hazırda etiraz aksiyaları Ermənistan paytaxtının müxtəlif hissələrində, həmçinin Baqramyan prospekti və Orbeli küçəsində keçirilir. Nümayişçilərin bir qrupu isə Koryuna və Teryana küçələrinin dörd yolayrıcını kəsiblər.
Xatırladaq ki, “Yelk” müxalifət blokundan Ermənistanın parlamentinin üç deputatı – Serj Sarkisyanın baş nazirliyinə qarşı kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan, onun silahdaşları Ararat Mirzoyan və Sasun Mikayelyan saxlanılıb.
Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Etiraz aksiyaları aprelin 13-də başlayıb. Aprelin 17-də isə Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını bəyan edib.
Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb.

LEGİON.AZ