Ağalar Vəliyevin “Kristal Abşeron”unda özbaşınalıq
“Kristal Abşeron” ətrafında söz-söhbət səngimək bilmir.
Yenicag.az xəbər verir ki, 2016-cı ildə Babayeva Kürsüm Fəxrəddin qızı ev almaq üçün sözügedən şirkətə üz tutub.
İlkin ödənişsiz əsaslarla müqavilə imzalayan vətəndaş, bəribaşdan 15 ayın krediti olan 9679,50 manatı Beynəlxalq Banka köçürüb.
Müqavilə şərtlərinə əsasən ev Kürsüm Babayevaya 2017-ci ilin mayında təhvil verilməli olsa da, MTK rəsmiləri müəyyən bəhanələr gətirərək məsuliyyətlərini yerinə yetirməyiblər. Sonda isə vətəndaşın pulu ödədiyi mənzil başqasına satılıb.
Məsələ tərəfimizdən ictimailəşdirildikdən sonra “Kristan Abşeron” rəsmiləri problemin guya həlli üçün Kürsüm Babayeva ilə əlaqə saxlayıblar. Onlar ötən həftənin şənbə günü üçün şirkətdə görüş təyin etsələr də, bu, baş tutmayıb.
Kürsüm Babayeva saytımıza açıqlamasında görüşün baş tutmamasının səbəbini belə izah edib:
“Şənbə günü şirkətdə görüşməli idik. Çətinliklə də olsa, işdən icazə alıb getdim. Yolda ikən əlaqə saxlayanda aldığım cavab məni şoka saldı. Dedilər ki, şirkətdə heç kim yoxdur, hamı toya gedib. Mən başa düşə bilmirəm, bu qədər qeyri-ciddilikmi olar? Necə yəni hər kəs toya gedir? Şirkətdə bir məsul şəxs yoxdur ki, problemin həlli üçün danışıqlar aparsın? Artıq “Kristal Abşeron”un adı gələndə, bu cür özbaşınalıqlara təəccüblənmirəm. Əslində, məsələni saytınız vasitəsi ilə ictimailəşidirildikdən sonra problemi həll edəcəklərini demişdilər. Amma görürəm ki, bu da əvvəlki vədlər kimi boşdur, yalandır. Amma əmin olsunlar ki, məsələni bu yerdə qoymayacam. Mən dövlətimi və onun qanunlarını sevirəm. Bilirəm ki, qanunlar da vətəndaşın tərəfindədir. Öz hüququmdan yararlanıb, şirkət rəhbərliyinin özbaşınalığı, vətəndaşın pulunun mənimsəməsi ilə bağlı “yuxarılar”a qədər gedib çıxacam”.
Məsələ ilə bağlı özünü “Kristal Abşeron”un mətbuat katibi kimi təqdim edən Rəşad bəylə əlaqə saxladıq. Əməkdaşımızla kobud şəkildə danışan şirkət rəsmisi sualları cavablandırmayacağını bildirdi.
Qeyd edək ki, “Kristal Abşeron” MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyevdir. Görünür, şirkət rəsmisi olan Rəşad bəy də millətin probleminə biganə qalmağı elə rəhbəri olan şəxsdən – Ağalar Vəliyevdən öyrənib.

LEGİON.AZ