"Azəriqaz" minlərlə abonenti bir gündə cərimələdi, yenə cərimələyəcək: 350-500 MANAT
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə kütləvi şəkildə qeyri-qanuni cərimə yazmaqda ittiham edilir. Belə ki, martda “plombun qırılması” adı ilə (itron tipli sayğaclarda) Bakı və Abşeronda 5400 abonentə cərimə tətbiq olunub. Bu gün-aprelin son günündə isə axşama qədər 20 min abonentin cərimə olunacağı gözlənilir. Bununla bağlı rayon qaz idarələrinə tapşırıqlar verilib.

BiG.AZ
 xəbər verir ki, bu barədə virtualaz.org saytını Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumatlandırıb. Təşkilat rəhbəri cərimə olunmuş abonentlərin siyahısını da sayta təqdim edib. Aktların hamısı martın 30-da tərtib olunub. Siyahıya əsasən cərimələnən abonentlər cəmi 26 milyon kubmetr qaz “oğurlayıb”. Hər abonentə yazılan cərimənin miqdarı isə 350-500 manat arasındadır.

Qəhrəmanlının sözlərinə görə, hazırda bu tip cərimələr ölkənin bütün rayonlarında davam edir.


“Martın son günündə Abşeronda 2135, Binəqədidə 758, Sabunçuda 918, Xəzərdə 591, Səbaildə 338, Nəsimidə 130 abonent cərimə olunub. Digər rayonlar üzə cərimə edilən abonentlərin sayı 100-300 arasındadır”, -o əlavə edib.


Abonentlərə yazılan cərimələr AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) proqramında yerləşdirilir və 30 gün müddətində GAZREPORT smart proqramına atılır. Qəhrəmanlı bildirir ki, bu halda abonent öz borcunu görə bilmir və hər ödədiyi məbləğin 50 faizi cəriməyə ödəniş kimi düşür, abonent isə bundan xəbərsiz olur.


Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları ( Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sayğaсa vurduğu plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar istehlakçı tərəfindən aradan qaldırıldıqdan sonra, qazın verilməsi bərpa edilir. Dövlət yoxlamasından zavod istehsalı olan qüsur rəyi gələrsə, abonentdən heç bir məbləğ tələb olunmur.


İstismara yararsız hesab edilmiş (müdaxilə faktı aşkar olunmamış) və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara “Azəriqaz”ın nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar (bildirişlər və rəylər) tərtib edilərək, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən 7 iş günü müddətində (sayğacların qəbulundan sonra) “Azəriqaz” İstehsalat Birliyinə təqdim edilir. Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir.


Mirvari Qəhrəmanlı deyib: “Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanarsa o halda orta sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır. Sərfiyyat hesablanarkən itirilmiş təbii qazın dəyəri SOCAR və “Neftqazelmitədqiqat” İnstitutu tərəfindən hazırlanmış, SOCAR-ın vitse-prezidenti Qurbanov tərəfindən təsdiqlənmiş, 16 dekabr 2017-ci il tarixli qərarla hesablanmalıdır. Amma müşahidələr göstərir ki, cərimə tədbiq olunarkən sayğaclar dövlət yoxlamasından keçirilmir. Sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması ilə bağlı cərimə tədbiq olunmamalıdır, amma bu halda da cərimə yazılır. Daha dəqiq ifadə etsək, cərimələr əsasən “Azəriqaz” tərəfindən yivli birləşmələrə vurulmuş plombların qırılması ilə əlaqədar olur. Plombların qırılması ilə əlaqədar tərtib olunmuş aktlar kompüterdə doldurulub, halbuki əllə doldurulmalıdır. Həmin aktlar abonentə təqdim olunmayıb, aktlara abonent əvəzindən qol çəkilib”.

Qəhrəmanlı onu da qeyd edib ki, “Azəriqaz” “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələrin” 1.4.1 bəndinə zidd olaraq itirilmiş təbii qazın miqdarı 90 gün üçün deyil,180 gün (ikiqat) hesablanır.



“Hesab edirik ki, əhaliyə tətbiq olunan qeyri- qanuni cərimələr “Azəriqaz”ın yol verdiyi böyük miqdarda qaz itgisini ört basdır etmək məqsədilə tətbiq olunur”-o bildirib.

Qəhrəmanlı deyir ki, müxtəlif mənbələrdən məlumat alırlar, plastik plombların (sayğacın yivli birləşməsinə vurulmuş plomb) qırılması ilə bağlı 8 Regional Qaz İstismar İdarəsinə hər abonentə 4000 m.3 qaz həcmində, 800 manat dəyərində olmaqla 12500 abonentə cərimə yazılacağı ilə bağlı məlumat da var. Həmin abonentlər son 4 ayda plombları təzələnmiş abonentlərdir.


“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev isə deyib ki, qaz itkisini ort-basdır etmək üçün abonentlərin cərimələnməsi haqda deyilənlər yalandır. Digər ittihamlara isə yalnız İstehsalat Birliyinin rəhbərliyinə ünvanlanan rəsmi müraciətdən sonra cavab verilə bilər.

LEGİON.AZ