Süpürgəçilərə verilən işıqlı jiletləri kim “oğurladı”? – VİDEO
Bu ilin mart ayında süpürgəçinin iş başında olarkən maşınla vurulduqdan sonra ölməsi əks-səda doğurdu. Onun qan içərisində olan cəsədini əks etdirən fotonun geniş yayılması məsələni bir qədər şişirtdi.
Bundan sonra nəqliyyatın instensiv hərəkət edən  yolların texnikalar vasitəsilə təmizlənməsi təklifi gündəmə gəldi. Çox keçmədi, xadiməçilərin və dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi süpürgəçilərə xüsusi işıqlı jiletlər təqdim etdi. Bu addım da müəyyən qədər insanlar tərəfindən tənqid edildi.
İctimaiyyət qarşısında təhlükəsizlik üçün paylanılan jiletlərdən təmizlikçilər həqiqətənmi istifadə edə bilirmi?
Minval.info əməkdaşı deyilənlərin əksinin şahidi olub və bunu lentə alıb. Belə ki, gecə saatlarında Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yaşlı xadimə maşın yolunda təmizlik işi ilə məşğul olub. Xadimənin 23:30-dan 00:30-dək yolun həm qaranlıq, həm də qismən işıqlı hissəsində yolu süpürdüyünün şahidi olduq. Özündən bu barədə soruşduqda isə “bizim idarə jilet vermir” cavabını aldıq.
Qeyd edək ki, ölkəmizdə asfalt örtüyünün yaxşı vəziyyətdə olduğu yollarda nəqliyyat vasitələrinin sürətlə hərəkət etdiyindən xəbərdarıq. Əgər həmin yolda “MMX” radarı yoxdursa, təbii ki, buradan şütüyən avtomobillərin sürücülərinin əksəriyyəti sürət həddinə diqqət etmirlər. Bu səbəbdən hansısa süpürgəçinin belə yollarda həyatı ilə vidalaşması an məsələsidir.

LEGİON.AZ