Goranboyda görünməmiş saxtakarlıq: vətəndaşlar “işləyir”, maaşı icra başçısı alır (FOTOLAR)
Mətbuatda barəsində ən çox neqativ xəbərlər yazılan rayonlardan biri Goranboydur. Məmur özbaşınalığı, icra başçısı Nizaməddin Quliyevin  qanundankənar əməlləri barədə az qala hər gün yeni xəbərlər çıxır. Lakin başçı və digər məmurlar nəinki yazılanlardan dərs çıxartmır, əksinə qanunsuz əməllərinin sayını günü-gündən artırırlar.

Bu gün Qaynarinfo-ya Goranboyla bağlı daha bir məlumat daxil olub. Bu dəfəki informasiya rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlarla bağlıdır.

Redaksiyamıza konkret faktlar təqdim edən mənbə bildirir ki, Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirib. Mənbənin sözlərinə görə, bu qanunsuzluqlar birbaşa Nizaməddin Quliyevin tapşırığı ilə aparılır. Adlarına iş yerləri rəsmiləşdirilmiş vətəndaşların əksəriyyəti bu işdən xəbərsizdir, onların maaş kartları başçı və adamlarının əlindədir. Hər ay maaşlar alınır və bu şəxslər tərəfindən bölüşdürülür.

Faktları redaksiyamıza təqdim edən mənbə aşağıdakı siyahıda adı göstərilən şəxslərdən çox az hissəsinin – təxminən 30-40 nəfərinin normal şəkildə işlə təmin olunduğunu bildirir. Böyük əksəriyyət isə Nizaməddin Quliyevin cibinə “işləyir”.

16:15

SÖZ ARDI:  Yazı dərc olunandan bir neçə saat sonra aldığımız növbəti bilgiyə görə, siyahıda adıkeçən şəxslərin bir qisminin kartları tələm-tələsik özlərinə paylanmağa başlayıb. Uzun müddətdir mövcudluğundan belə xəbərsiz olduqları bu kartların sahiblərinə çatmasına səbəb olduğumuz üçün redaksiyamıza təşəkkür edənlər də oldu. Bununla belə aidiyyatı qurumların bu faktı ciddi şəkildə araşdıracaqlarına ümid edirik.

LEGİON.AZ