Prezident Xızıya gedib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.  

Lent.az-ın xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Bu yolun tikintisi Prezident İlham Əliyevin 2018-ci ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır. Yolun yenidən qurulması zamanı genişmiqyaslı torpaq və asfalt-beton işləri görülüb. Yol boyunca 226 metr müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib. Bu yolun istifadəyə verilməsi Fındığan kənd sakinlərinin Giləzi-Xızı avtomobil yoluna və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomagistralına çıxışını təmin edir. Bu yolun yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

13:30

Prezident İlham Əliyev Xızı rayonuna səfərə gedib.

Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. 

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib. 

LEGİON.AZ