DİM dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanının AA, AB, AC, BA, BB qrupları üzrə mayın 8-də keçirilməsi planlaşdırılır.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat mayın 8-dəsaat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

LEGİON.AZ