Baş baytar həbs oluna bilər
Əgər Azər Süleymanovun damazlıq heyvan maxinasiyası cinayət dosyesinə toplanarsa….
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində yoxlamalar davam edir. Yoxlamalar zamanı ortaya çıxan faktlar xidmət rəisi Azər Süleymanovun çox ciddi cəzalandırılmasına səbəb ola bilər. Ötən sayımızda bu haqda redaksiyamıza daxil olan məlumatları diqqətə çatdırmışdıq.
Bildirilirdi ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi Azər Süleymanovun rəhbərlik etdiyi xidmətin verdiyi sənədlərdə damazlıq adı ilə rəsmiləşdirilib. Kəsim üçün gətirilən heyvanların damazlıq adı ilə rəsmiləşdirilməsinin səbəbi isə gömrük rüsumundan azad olunmasına hesablanıb və baş tutub. Beləliklə, dövlət büdcəsinə rüsum ödənilmədən ölkəyə kəsim üçün xeyli mal-qara gətirilib. Bu maxinasiyalardan itirən tərəf dövlətdir, dövlət büdcəsidir. Qazanan tərəf də ortalıqdadır.
Ölkəyə ət idxalının həcmi haqda rəsmi məlumatlar isə belədir. Təkcə 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34  min ton ət idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu. Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb.
Bu artımda damazlıq adı ilə ölkəyə gətirlən mal-qaranın çəkisi göstərilmir. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, bu, o qədər də balaca rəqəm deyil. Az qala rəsmi statistik rəqəmlərə çatır. Bəs bunca saxtakarlıq təsdiqini taparsa, Azər Süleymanovu hansı cəza gözləyir. Müstəqil hüquqşünaslar deyirlər ki, ortada vəzifə saxtakarlığının olmasına dəlalət edən məlumatlar var. Bundan başqa, dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibi görünür. Müvafiq araşdrıma aparılsa və faktlar sübut və dəlillərlə bərkidilsə, Baytarlıq Xidmətinin rəisi bir neçə il müddətinə azadlıqdan məhrum edilə bilər.
Yada salaq ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Ölkəyə mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları müvafiq yoxlama-sənədləşdirmə işləri aparır, mal-qaranın damazlıq olub-olmadığına dair sənəd verirlər. Redaksiyamıza daxil olan xəbərdə deyilirdi ki, son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib. Bütün bunlar təsdiqini taparsa, Azər Süleymanovun damazlıq heyvan maxinasiyası cinayət dosyesinə toplanarsa, xidmət rəisi həbs edilə bilər.“Yeni Müsavat”

LEGİON.AZ