Balababa Rzayevə “verilən” 750 milyon və Yaşma sakinlərinin ümid yeri olan “Asiya İnkişaf Bankı”
Bir neçə gün əvvəl “Qafqaz Region” İB-nin sədri Mahmud Rasimoğlunun Feysbuk səhifəsində yazdığı statusun əsasında 365İNFO saytının əməkdaşı Sumqayıt şəhəri Yaşma bağları ərazisinin “Polimer 120” ünvanına gedərək oradan reportaj hazırlayıb.

Xatırladaq ki, Mahmud Rasimoğlu yazdığı statusda qeyd edib ki, onun Sumqayıt şəhəri Yaşma bağları ərazisi, “Polimer” İMİ-2 B/Y 120 ünvanındakı bağ evində bir ildən çoxdur ki, işıq problemi yaşanır.
M.Rasimoğlu bildirib ki, dəfələrlə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-ə onun yaşadığı ünvana elektrik xəttinin çəkilməsi barədə müraciət etsə də, onun ərizəsinə imtina cavabı gəlib. Əraziyə baxış keçirən “Azərişıq” ASC-nin nümayəndəsi Nazim Yarıyev M.Rasimoğluya bildirib ki, bu problemin həlli ilə bağlı o, heç bir köməklik göstərə bilməz: ““Azərişıq” ASC Bakıda tender keçirir, tenderdə qalib gələn şirkətin pulu “Azərişıq” tərəfindən onun hesabına köçürülür, həmin şirkət də əraziyə elektrik xətti çəkərək təhvil verir “Azərişığa”. “Azərişıq” da öz növbəsində işi təhvil verir “ASAN xidmət”-ə və “ASAN xidmət” də elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edənləri müəyyən edir və bundan sonra həmin vətəndaşın evinə elektrik xətti çəkilir.”

Bağ evinə işığın çəkilməsi üçün “ASAN xidmət”ə 5 ay əvvəl müraciət edən M.Rasimoğlu isə öz növbəsində Nazim Yarıyeva sual verib ki, bəs onun yaşadığı ünvandan təxminən 30 metr məsafədə elektrik xəttinin keçdiyi halda niyə həmin xəttdən onun evinə işıq çəkilmir?

Nazim Yarıyev M.Rasimoğluya cavabında bildirib ki: “Tender qalibi olan şirkət Yaşma bağları ərazisində elektrik dirəklərini yerə basdırıb, elektrik xəttini isə elə çəkiblər ki, həmin xəttdən sizin evə olan məsafə 30 metr olsa da, elektrik xəttinin çəkilməsi üçün “Azərişıq”-a siz təxminən 3 min manatdan çox pul ödəməlisiz.”

“Belə çıxır ki, bundan sonra kim öz evinə elektrik xətti çəkdirmək istəyirsə, onu öz hesabına çəkdirməlidir”.

Biz də 365İNFO olaraq M.Rasimoğlunun feysbukda yazdığı statusdan sonra balaca araşdırma apardıq.

M.Rasimoğlu ilə telefon əlaqəsi yarada bilməsək də, Yaşma bağlarına yollandıq. Qeyd olunan ünvanda M.Rasimoğlunu tapa bilməsək də onunla qonşuluqda yaşayan bir Türkiyə vətəndaşının problemlə bağlı fikrini öyrəndik. Adının hələ ki, mətbuatda çəkilməməsini bizdən xahiş edən vətəndaş onu bildirdi ki, o özü də bu problemlə üzləşdiyi üçün “ASAN xidmət”i məhkəməyə verib. Yəni, bu ərazidə elektrik xəttinin sakinlərin evinə çəkilməməsindən əziyyət çəkən bir M.Rasimoğlu deyil: “Bu küçədə yüzlərlə sakinlər var ki, tender qalibi olan şirkət onlardan rüşvət istəyiblər və sakinlərdən rədd cavabı alandan sonra onların ünvanlarına elektrik xəttini çəkməyərək işi yarımçıq saxlayıblar”.

365İNFO olaraq biz də öz növbəmizdə sakinlərlə görüşdük və söhbət zamanı məlum oldu ki, həqiqətən də onlar şirkətə rüşvət vermədikləri üçün onların evlərinə elektrik xətti çəkilməyib.

Ancaq Baba Rzayevin tapşırığı ilə küçənin yuxarısında, qonşuluqda yaşayan prokurorların, polis rəislərinin, “Qaçqınkom”da yüksək vəzifə də olan şəxslərin evlərinə elektrik xətti çəkilib. Küçənin yuxarı hissəsindən aşağıya, təxminən 30 metr məsafədə elektrik xəttinin çəkilməsi üçün isə sakinlərdən külli miqdarda rüşvət istəyiblər. Təkcə M.Rasimoğludan çəkindikləri üçün “Azərişıq”-ın əməkdaşları çıxılmaz vəziyyətdə qalaraq onun evinə elektrik xəttini onun öz hesabına çəkməyi təklif ediblər. Ancaq M.Rasimoğlu da digər sakinlər kimi onların təklifini rədd edib.

“Azərişıq”-da olan etibarlı mənbənin 365İNFO-ya verdiyi məlumata görə Yaşma bağları istiqamətində elektrik xətti çəkilməsində Baba Rzayevin qardaşına məxsus şirkət keçirilmiş tenderin qalibi olub. Baba Rzayev onlardan böyük “OTKAT” aldığı üçün şirkət Yaşma bağlarında “Azərişıq”a müraciət edən sakinlərdən elektrik xəttinin evlərə çəkilməsi üçün külli miqdarda rüşvət istəyib.

Ümid edirik ki, bizim yazımızdan sonra hüquq mühafizə orqanları “Azərişıq” ASC-nin keçirdiyi tenderlərin qalibləri olan şirkətlərin fəaliyyətini araşdıracaq və Yaşma bağlarında “yeyilən” elektrik xəttləri və dirəkləri tapılacaq, “Azərişıq” ASC-nə müraciət edən Yaşma bağları sakinlərinin evinə də elektrik xətti çəkiləcək”, – mövzu ilə bağlı keçən dəfəki yazıda bildirilir.

Oxucularımıza təqdim etdiyimiz yazıdan sonra “Azərişıq” və “Asan Xidmət”in əməkdaşları çalışdılar ki, Yaşma bağları sakinlərinin müraciətinin həllinə nail olsunlar. Bununla əlaqədar biz yenidən Yaşma bağları ərazisinə yollandıq və nəhayət ki, Mahmud Rasimoğlunu orda tapa bildik.

Bizimlə söhbətdə Mahmud Rasimoğlu “Azərişıq”ın Sənan adlı əməkdaşının onunla danışığı zamanı səsləndirdiyi fikirlərə çox təəcübləndiyini bildirdi.

Belə ki, Mahmud Rasimoğlu ərazidə yaşayan daha bir neçə sakinin işıq xəttinin çəkilməsi üçün “ASAN xidmət”də qeydiyyatdan keçməsini “Azərişıq”ın əməkdaşına bildirib və məsələnin nə yerdə qalması ilə maraqlanıb. “Azərişıq”ın əməkdaşı isə bildirib ki, “narahat olmayın, onların işçiləri gəlib müraciət edən sakinlərin evlərinə uyğun ölçmələr aparacaqlar.” Problemin gec həll olunmasını isə o, Azərbaycanın dövlət büdcəsindən Yaşma bağlarına elektrik xəttinin çəkilməsinə vəsait ayrılmaması ilə əlaqələndirib: “Özünüz bilirsiniz ki, “Azərişıq” bu işləri “Asiya İnkişaf Bankı”nın ayırdığı kredit hesabına görür. Azərbaycanın büdcəsi bu işləri görməyə bəs etmir. Ona görə siz də bizi nəzərə almalısız. Yəni bu təkcə bizdən asılı olan məsələ deyil. Bunun üçün maliyyə ayrılmalıdır. Maliyyə də hissə-hissə ayrılır. Biz də çalışırıq ki, sizin məsələyə baxaq. Bir az səbirli olun, həll olunacaq.”

“Sənan adlı “Azərişıq”ın əməkdaşının sözündən belə çıxır ki, “Asiya İnkişaf Bankı” nə zaman yeni kredit ayırsa (2016-cı ildə Asiya İnkişaf Bankı “Azərişıq” ASC-nə 750 milyon dollarlıq kreditin ayrılması haqda qərar verib-red) Yaşma bağları camaatının evlərinə də elektrik xətti o zaman çəkiləcək.

Mən başa düşə bilmirəm ki , “Azərişıq”da oturanlara dövlət əleyhinə bu cür təbliğat aparmağa kim icazə verib?

Məgər Azərbaycanın büdcəsində lazımi qədər vəsait yoxdur ki, öz vətəndaşlarının yaşadığı evə işıq çəksin? Bu nə sözdür düşüb onların dilinə? Bu nə danışıqdır? Bu fikirləri vətəndaşlara cavab olaraq səsləndirməyə Sənan adlı əməkdaşı kim vadar edib; Balababa Rzayev, yoxsa “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayev? Deməli belə çıxır ki, “Azərişıq” biz vətəndaşların evlərinə 30 metr məsafədən işıq xətti çəkmək üçün Azərbaycan büdcəsini bəhanə gətirir. Bunlar elə bil ki, bizim dövlətin düşmənləridir. Yəqin ki, Avropada oturub bizim ölkəmizi tənqid edənlərə də bu cür məlumatlar Balababa Rzayevin dəstəsi tərəfindən ötürülür. Ayıb olsun sizə! Bir daha təkrar edirəm: ayıb olsun! Biz işıqsız qalmağa da razıyıq, ancaq dövlətimizin günü-gündən artan nüfuzuna kölgə salınması ilə heç zaman razılaşmarıq. Buna görə də istərdik ki, rəsmi orqanlar “Azərişıq” ASC-nin sözçülərinin Azərbaycan dövlətinə qarşı vətəndaşlara dediyi sözlərə aydınlıq gətirsin. Cəmiyyətin aktiv bir üzvü kimi mənə bu çox maraqlıdır ki, bu sözlərlə Balababa Rzayevin dəstəsi nə demək istəyir və bununla kimlərə mesaj göndərirlər?” – deyə Mahmud Rasimoğlu müxbirimizə bildirdi.

Lalə Akifqızı