Xaləddin İsgəndərov icra başçısı vəzifəsindən azad edildi
Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
Modern.az
-a daxil olan məlumata görə, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir.
Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər.
Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

X.İsgəndərov daha əvvəl - 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 


Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

LEGİON.AZ