Qafqazxeber.az və Legion.az saytlarına kiber hücumlar davam etdirilir
365İNFO saytının məlumatına görə Qafqazxeber.az və Legion.az saytları iki həftədən çoxdur ki, kiber hücumlara məruz qalıblar və saytlara giriş məhdudlaşıb.
Məsələ ilə bağlı 365İNFO whatsapp vasitəsi ilə “Qafqaz Xəbər Agentliyi” MMC-nin baş direktoru Araz Məmmədovla əlaqə yaradıb. A.Məmmədov suallara cavab olaraq bildirib ki, qafqazxeber.az saytına kiber hücumlar SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevlə bağlı saytlarda gedən yazılardan sonra baş verib.
Xatırladaq ki, saytımızda Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dolların dondurulması haqda yazı getmişdi. Həmin yazıda bildirilir ki, Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Azərbaycanın müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir. Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan dövlətinə qaytarmağa borcludur.
Saytlarda gedən yazılarla əlaqədar, SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin adamları tərəfindən bizə müraciətlər olundu, hətta saytda reklam yerləşdirilmək də təklif olundu. Əvəzində isə xəbəri saytdan çıxartmaqla razılığa gəlmək tələb olundu. Ancaq rədd cavabı alandan sonra, sayt kiber hücumlara məruz qaldı və bu günəcən də hücumlar səngimədən davam edir.
Legion.az-dan da 365İNFO saytına bildirdilər ki, Vaqif Əliyevin adamları saytdan xəbəri çıxartmaq üçün onlarla da razılıq əldə edə bilmədikləri üçün sayt bu günəcən də davamlı kiber hücumlara məruz qaldığından sayta giriş məhdudlaşıb. Görünür Vaqif Əliyevin adamları saytlara təklif etdikləri reklam pullarını hakerlərə təklif edərək iki saytı onlara sifariş ediblər.
Güman edirik ki, hüquq mühafizə orqanları bu məlumatla tanış olandan sonra lazımi tədbir görəcəklər.
Lalə Akifqızı

365İNFO.ORG