Avro ilə aylıq faiz qazanan məmurların adı- Arif Əsgərovun oğlunun adının keçdiyi işdə sensasion faktlar
Arif Əsgərovun baldızı oğlunun məhkəməsi davam edir. O da dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları məhkəməyə təqdim edib.
Hakim bildirib ki, Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb.
Məlum olub ki, R.Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib.
Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub.
R.Hüseynovun vəkili qeyd edib ki, həmin kitablarda R.Hüseynov aldığı pullara görə həmin şəxslərə aylıq faizlər ödəyib: "Həmin məbləğlər də Elnar Əsgərovun adına iş görmək üçün verilib".
Hakim bildirib ki, Rahib Hüseynov gündəlik xərc üçün götürdüyü məbləği də həmin kitablarda qeyd edib.
R.Hüseynov kitabda Novxanıda iki bağın tikilməsi üçün də xərclərin ayrıldığını bildirib: "Bağ mənim xanımımın adına idi. Onu mən tikdirirdim. Birgə nigah dövründə tikilən bağdır. Amma mən həbs ediləndə əlimdən aldılar".
Məhkəmədə o da məlum olub ki, sözügedən kitablarda ən çox pul alan şəxslərdən biri də Rizvan İsmayılovdur.
R.İsmayılov Rahib Hüseynovun xalasının əridir və hazırda Azərbaycan Dəmiryolları QSC-də sədr müavini vəzifəsini tutur. R.İsmayılov verdiyi bir neçə milyonun qarşılığında 3-4 qat artıq qazanc əldə ediblər.
5 kitabda adı keçən daha bir şəxs Üsaməddin Məlikovdur. Məlikov da QSC-də yüksək vəzifə tutub. Onun 1 milyon 300 min avro verib, qarşılığında isə 4 milyon avrodan artıq qazanc aldığı məlum olub.
Hakim qeyd edib ki, 5 kitabda qeyd edilən məbləğlər 20-25 milyon civarındadır.
Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınmasına və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib.
R.Hüseynov ona aid olan məbləği ödəməyə razı olduğunu, amma əmlaklarınının hədə-qorxu ilə əlibdən alındığını söyləyib.
Hakim qeyd edib ki, növbəti məhkəmə iclasına Rizvan İsmayılov və Üsaməddin Məlikov dəvət ediləcək.
Növbəti məhkəmə iclası mayın 25-də davam etdiriləcək.
R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azaflıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.
Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.
Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir.

LEGİON.AZ