SOCAR-ı ailə podratına çevirən Şirəliyev haqda şok: qardaşı adına küçə, özü...
Bir neçə gün əvvəl işdən qovulan Neftçala Rayon Elektrik Şəbəkəsinin rəisi Vurğun Şirəliyev və qardaşları haqda yeni məlumatlar əldə etmişik

FİA.Az-a rayondan sızan xəbərə görə, V.Şirəliyevin qardaşı SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevdir. 

Bir qardaşı isə İmanbaxış Şirəlidir. O, motosikletlə qəza edərək dünyasını dəyişib və Neftçalada adına küçə verilib. 

Bu fakt redaksiyamıza ünvanlanıb. Şəkildən görünür ki, Neftçalada İ.Şirəli 5 küçəsi var. Rayonda tanınmış ictimai-siyasi xadim olmayan, məmur və ya tarixi şəxsiyyət olmayan birinin yol qəzasında ölümündən sonra küçəyə adının verilməsi analoqsuz hadisədir. 

Təbii ki, mərhuma rəhmət diləyirik və onunla bağlı mənfi bir münasibət yoxdur. Sadəcə, Şirəliyevlər vəzifədə olmasından istifadə edərək mərhum qardaşlarının adını küçəyə veriblər. 

Neftçalanın 100-dən yuxarı şəhidi ola-ola qardaşının adına küçə olması doğurdan da birmənalı qarşılanmayıb. Məlumata görə, İ.Şıxəli rayonda şahmat məktəbinin direktoru olub.

Məlumatda o da deyilir ki, SOCAR-da vəzifə tutan İ.Şirəliyev cəbhəçi olub və Elçibəyin qaynı Seyidin yanında gəzirmiş. 

O, Qum adasında qazma idarəsində mühəndis idi. Cəbhəçi olduğu üçün peşəkar rəisi çıxarıb, onu rəis təyin ediblər və ardınca YAP-a qoşulub. 

Onu da deyək ki, Neftçala 157 şəhid verib. Təbii ki, hamısının adını əbədiləşdirmək mümkün deyil. Amma Neftçalada İmanbaxış Şirəli adına da küçə var. 

FİA.Az-ın media üzərindən yaydığı digər xəbərə görə, enerji və qaz sahəsində çalışan Şirəliyev qardaşlarından birinin fəaliyyətinin araşdırılmasına başlanılıb. 

Vurğun Şirəliyev abonentlərə əsassız cərimə yazılmasında, dövlət vəsaitinin səmərəsiz xərclənməsində ittiham olunur. 

Bununla belə, onun işdən çıxarılmasına səbəb kimi narazı şəhid ailələrinin prezident İlham Əliyevə müraciəti göstərilir.

İsgəndər Şirəliyev idarə rəisi təyin ediləndən sonra yaxın qohumlarını SOCAR-da işə düzəltdiyi deyilir. Meydan TV eyni yerdə çalışan qohumların siyahısını əldə edib:

- Trestin Loqastik bölümünün baş mühəndisi İ.Şirəliyevin bacısının həyat yoldaşı Ramiz Ağayevdi. R.Ağayev əmək fəaliyyətinə traktor sürücüsü kimi başlayıb.

- Trestin ekologiya şöbəsinin rəisi Zaur Qarayev isə Şirəliyevin kürəkənidir.

- Trestin mərkəzi mühəndis xidmətinin rəisi Anar Məmmədov da yaxın qohumdur.

- Qazma Departamentinin rəis müavini İsa Məmmədov Şirəliyevin qardaşı qızının həyat yoldaşıdır.

- 2585 saylı özülün təhlükəsizlik texnikasının mühəndisi olan Elvin adlı şəxs isə rəisin qardaşının kürəkənidir.

- Loqistika bölümündə İstehsalat Xidmət Bazasının rəis müavini Anar adlı şəxs Şirəliyevin dayısı oğludur.

- Neft Daşları bölümündə platformada qazma rəisi Aslan Əhədov yaxın qohumu, mərkəzi mühəndis xidmətinin rəisi Anar Məmmədovun bibisi oğludur.

- Nəliyyatda mühəndis Elton Əhədov qazma rəisi Aslan Əhədovun qardaşıdır.

- Şirəliyevin qudası isə Əli Əmirov adına Neft -Qazçıxarma idarəsinin rəis müavini vəzifəsindədir.

- Şirəliyev tələbə yoldaşı, yaxın dostu Umavir Bədəllini Abşeron İstehsalat Bölümünün rəisi təyin edib. Onun oğlu Vüsal Bədəlli isə trestin baş metroloqudur.

- Umavir Bədəllinin qardaşı Bədirxan Bədəllı təhlükəsizlik şöbəsinin rəisi işləyir. Umavir Bədəllinin bacısı oğlu Anar trestdə texnoloqdur. Ramiz adlı şəxs İsgəndər Şirəlinin qohumudur, Ələt istehsalat bölümünün rəisidir.

- Qohumlardan biri, Mirələkbər Əliyev müşavir, İ.Şirəliyevin tələbə yoldaşı Hikmət Həsənov isə Loqistika bölümünün rəisidir.

- Trestin Qazma Departamentinin rəhbəri Əli İsayevin də Şirəliyevin tələbə yoldaşı olduğu bildirilir. Digər tələbə yoldaşı Fazil Ramazanov isə trestin baş mühəndisidir.

- İ.Şirəliyevin qızına məxsus şirkətin isə neftçiləri yeməklə təmin etdiyi bildirilir.

İ.Şirəliyevin əmri ilə vəzifəyə təyin edilən qohumlarının əksəriyyəti neft sahəsi üzrə kadr deyil. Trestdə çalışan mühəndislər arasında rus dili müəllimi və ixtisasca baytar olanlar da var. 

İşdən çıxarılan Vurğun Şirəliyevin də trestə bölmələrin birinə rəis gətiriləcəyi xəbərləri səsləndirilir.

Trestdən isə bildirilib ki, onlar bu məsələdə heç bir qəbahət görmürlər: “Bizdə belə bir siyahı yoxdur. 

Kim kimin qohumudur, məlumatsızıq. Əgər qohumdularsa belə, hər kəs qabiliyyətinə, peşəsinə görə seçilib. Burada qəbahət yoxdur”.

"Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7.1 maddəsində deyilir: “Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib ki, SOCAR-ın əksər idarə və müəssisələrində peşəkar mütəxəssislər deyil, rəisin qohumları işə götürülür. 

“Məsələn, "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovla Neft Daşları NQÇİ-nin rəisi yaxın qohum, yeznə-qayındılar. 

Neftqaztikinti Trestinin rəisi də İsgəndərovun qudasıdır. Ümumiyyətlə, İsgəndərovun qohumlarının əksəriyyəti neft sahəsində çalışır.

Bundan başqa, "Azəriqaz” İstehsalar Birliyinin Əkbər Hacıyevin müavini Ruslan Əliyevin xeyli qohumu qaz sahəsində işləyir. 

Məhz qohumluq əlaqələrinə görə neft sahəsində qeyri-peşəkarlıq var. Nəticədə hasilat azalır, qəzalar baş verir”,-deyə bildirib. 

Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq.

LEGİON.AZ