“AAAF Park” sakinləri elə peşman edib ki... istirahət də pulludur - Detallar
“AAAF Park” Yaşayış Kompleksindən ev alanlar peşman olublar. İndi də kompleks ərazisində parka gələnlərdən 5 manat tələb olunur

FİA.Az-a verilən xəbərdə bildirilir ki, bu məqsədlə "AAAF Park"-ın giriş hissələrinə ödəniş aparatları da yerləşdirilib.

Xəbəri ilk yayan qlobal.az yazıb ki, burada daha çox sosial vəziyyəti ağır olan ailələrin rahatlıqla istirahəti gözlənirdi. 
Kompleks sahibinin imanlı şəxs olması da deyilənlərə ümidi artırmışdı. Di gəl, hər şey pula hesablanır. 

Qiymətlərin bahalığından və parkda skamyaların, içməli suyun olmadığını qeyd edən şikayətçilər daha sonra yazırlar: 

“Parkın girişində “Mülk Allaha məxsusdur” adlı loqo da yapışdırıblar. Əgər doğrudan da mülk Allaha məxsusdursa bəs, o zaman niyə Allahın mülkünün girişinə ödəniş aparatı qoyurlar? 

Yoxsa bu söz yalnız insanları aldatmaq üçün adi görüntüdür? 

Parkda hər bir ağacın dibində bir çayxana fəaliyyət göstərir. Burada əgər oturmaq və yaxud da su içmək istəsən mütləq həmin çayxanalara üz tutmalısan”. 

AAAF Park yaşayış kompleksinin sakinlərinin dərdi bitmir. Qaz məsələsi isə böyük bir problem olub, aylardır həll oluna bilmir. 
Ən son o vəziyyətə gəlib ki, sayğac almağa pulumuz yoxdur deyirlər. Kommunal sayğaclar üçün hər bir ev sahibindən 800 manat istənilir. 

FİA.Az xəbər verir ki, “AAAF Park” yaşayış kompleksində yaşayan sakinlərin bu və ya başqa məsələlərlə bağlı şikayətlərinin ardı-arası kəsilmir. 

Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gec tikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb. 

Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosial şəbəkələrin qınaq obyektinə çevirib. 

“AAAF Park” təmsilçiləri ortaya çıxan şikayətləri obyektiv səbəblərlə əlaqələndirərək, sadalanan problemin həll olunacağını bildirsələr də, sakinlərin narazılığı azalmır.

Sakinlər işıq, qaz və suya smartkart sayğacların quraşdırılması üçün nə az, nə çox 798 manat ödəməlidir. Hər mənzildən təqribən 800 manat tələb olunması şirkətlə vətəndaşları üzbəüz qoyub. 

Əksəriyyəti kreditlə mənzil alan vətəndaşlar hər üç dövlət qurumunun tələbini qanunsuzluq adlandırır. 

Onlar qeyd edirlər ki, sayğacların quraşdırılması dövlət strukturlarının işidir və hər yerdə bu təchizat təmin olunur. 

"AAAF Park” yaşayış kompleksi sakinləri isə üç qurumun pulunu çatdırmasa, bu binalarda yaşamaq mümkün deyil. 

Sözügedən tikinti şirkəti Xırdalanda yerləşir və onlarla binalar, həyət evləri tikib. Hər evdən 800 manat alınması milyonlarla manatın dövriyyədə olması deməkdir.

Vətəndaşlar şirkətə müraciət etdikdə onların nəzərinə çatdırılıb ki, bu tələb onlar tərəfindən yox, "Azərişıq” ASC, "Azərsu” ASC və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən irəli sürülüb. 

Şirkətin bu qədər məbləği ödəmək imkanı yoxdur və hər ev sahibi deyilən pulu verməlidir. Payçılar nə 800 manatı ödəməyə imkan edir, nə də bu şəkildə gözləməyə vaxt var. 

Nəzərə alınmır ki, insanlar həm də evlərini təmir edirlər. Ümumiyyətlə, son vaxtlar tikinti firmalarından şikayətlər yenə də çoxalmaqdadır. 

Bakıda yeni tikilən binalardan mənzil alan vətəndaşlar o qədər problemlərlə üzləşiblər ki, indi "novostroyka”da ev almaq istəyənlər xeyli tərəddüd yaşayırlar. 

Bəzi binaların çox keyfiyyətsiz tikilməsi, bəzilərində qiymətlərin bahalığı, bəzilərində isə mənzil alan müştərilərə verilən vədlərin yerinə yetirilməməsi mənzil almaq istəyənlərin arzusunu ürəyində qoyur.

LEGİON.AZ