“STANDART İNSURANCE” SIĞORTA ŞİRKƏTİNİN FIRILDAĞINA GÖZ YUMULUR
Baş Prokurorluq və Maliyyə Nazirliyi vətəndaşın əmlakının talanmasına ögey münasibət bəsləyir?

İki il əvvəl öz təzə avtomobilini “Standart İnsurance” sığorta şirkətində sığortalayan vətəndaş Rövşanə Qafarlı həmin şirkət tərəfindən aldadılması ilə bağlı bu yaxınlarda “Qafqaz Region” İctimai Birliyinə müraciət edib.
Bu barədə Qafqaz Xəbər” qəzetinə “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu bildirib.

“Standart İnsurance” sığorta şirkətinin özbaşınalığına məruz qalan vətəndaş Qafarlı (müqavilə bağlanarkən Mehtiyeva) Rövşanə Daşqın qızı “Qafqaz Region” İctimai Birliyinə etdiyi müraciətdə bildirir ki, 21.08.2015-ci il tarixdə “Bank Standart” QSC KB-dan kreditə götürdüyü 31.200 ABŞ dolları məbləğində pula “Toyota Bakı Mərkəzi”ndən “Toyota Prado” markalı avtomaşın alıb.

22.08.2015-ci il tarixdə isə “Standart İnsurance” sığorta şirkəti Qafarlı Rövşanəyə şirkətin hesabına 2.547,88 manat pul ödətdirərək, onunla 3 il müddətinə həmin nəqliyyat vasitəsinin “Kasko sığortası müqaviləsi” bağlamış və ona ABFH-00058 №-li “Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsi” verib.

19.05.2016-cı il tarixdə Masallı rayonu ərazisində yol-nəqliyyat qəzası nəticəsində avtomaşına texniki ziyan dəyib. Həmin vaxt DYP əməkdaşları və “Standart İnsurance” sığorta şirkətinin sığorta mütəxəssisləri hadisə yerinə gələrək müvafiq qaydada sənədləşmə apardıqdan sonra, sığorta şirkətinin mütəxəssisləri qəzalı vəziyyətdə olan avtomaşını evakuatorla, özlərinin deməsinə görə, təmir etdirmək məqsədilə Bakı şəhərinə, “Toyota Bakı Mərkəzi”nə aparmışlar.

Lakin “Standart İnsurance” sığorta şirkəti bu günə qədər sığorta müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən, yəni avtomobili təmir etdirmək üçün pulu vətəndaşa ödəməkdən müxtəlif bəhanələrlə yayınır.

Dəfələrlə edilmiş sorğulara da qeyri-dəqiq cavablar verməklə yaxasını kənara çəkmək istəyən sığorta şirkəti, sonuncu dəfə – 08.12.2017-ci il tarixdə vətəndaşa bildirib ki: “Sığorta şəhadətnaməsinə əsasən fayda götürən şəxs QSC “Bank Standard” KB qeyd olunmuşdur. 29 iyul 2016-ci il tarixdə tərəfimizdən “Bank Standard”a 847 saylı məktub ünvanlanaraq sığorta ödənişinin kimə ödənilməsi ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur, lakin həmin müraciətə bu günə qədər cavab verilməmişdir. Vurulmuş zərərin dəyərini müəyyən etmək üçün avtomobilin qalıqlarına baxış keçirmək üçün şərait yaradılması xahiş olunur.”

Bu məktubdan sonra Qafarlı Rövşanəyə aydın olmuşdur ki, sığorta şirkəti ilk öncədən, yəni “sığorta müqaviləsi bağlamaq” adı ilə onu aldadaraq şirkətin hesabına 2.547,88 manat pulu ödətdirdikdən sonra, ona bildirmədən və gələcək hüquqi nəticələrini izah etmədən sığorta şəhadətnaməsində 3-cü tərəfi, yəni sığorta şirkətinin öz şəriki olan QSC “Bank Standard” KB-nı müqavilədə “fayda götürən şəxs” qismində göstərərək sığorta şəhadətnaməsini Qafarlı Rövşanəyə imzalatdırmışlar. Elə bu səbəbə də, sığorta şirkəti 2 ildir ki, sığorta pulunu ona ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır və adını da qoyur ki, “fayda götürən şəxsdən icazə ala bilmirik”.
Haqsızlığa düçar olmuş vətəndaşın müraciət etdiyi “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu məsələ ilə bağlı bildirib ki, faktiki olaraq sığorta şirkətinin əməkdaşları əvvəlcədən, məqsədyönlü olaraq Qafarlı Rövşanənin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə sığorta şirkətində şəhadətnaməni ona elə şərtlə imzlatdırıblar ki, gələcəkdə pulu vətəndaşa yox, öz banklarına ödəsinlər. Əgər Qafarlı Rövşanəyə izah edilsəydi ki, 2.547,88 manat məbləğində sığorta pulunu sığorta şirkətinə o, ödəmiş olsa da, gələcəkdə zərurət yarandıqda yəni, qəzaya uğramış avtomobili təmir etdirmək üçün sığorta pulunu Qafarlı Rövşanəyə yox, şəhadətnamədə göstərilən “fayda götürən şəxsə”, yəni QSC “Bank Standard”a ödəyəcəklər, nəinki, Qafarlı Rövşanə, heç kim belə bir aldadıcı sövdələşməyə razılaşmazdı.

Hələ bu azmış kimi, qəzalı avtomobili hadisə yerindən 19.05.2016-cı il tarixdə Masallı rayonu ərazisində yerləşən DYP postundan evokuatorla “təmirə aparan” “Standart İnsurance” sığorta şirkətinin mütəxəssisləri avtomobili elə “itiriblər” ki, 2 ildən sonra vətəndaşa məktub yazaraq avtombilə vurulmuş zərərin dəyərini müəyyən etməkdən ötrü avtomobilin qalıqlarına baxış keçirməsi üçün Qafarlı Rövşanədən şərait yaradılmasını xahiş edirlər.

Bu məktubla “Standart İnsurance” sığorta şirkəti öz mütəxəssislərinin “itirdiyi” avtomobili vətəndaşdan tələb edir. Sual yaranır ki, vətəndaşa 2.547,88 manat məbləğində sığorta pulunu öz hesabına ödətdirən sığorta şirkətinin fəaliyyəti bəs nədən ibarətdir?! Vətəndaşı aldadıb onun pulunu və avtomobilini mənimsəməkdənmi?!

Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlunun dediyinə görə vətəndaşın şikayəti ilə bağlı tədbir görülməsi üçun Baş prokuror Zakir Qaralova, Maliyyə naziri Samir Şərifova dəfələrlə müraciət olunmuşdur. Maliyyə Nazirliyi məsələnin yoxlanılıb tədbir görülməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı göstəriş versə də, Palata departamentinin direktoru Əfqan Baxışovun imzaladığı 15.05.2018-ci il tarixli 1821013459 saylı məktubla vətəndaşa “hüquq-mühafizə orqanlarına müraciət etmək” tövsiyyə olunsa da, gələcəkdə belə fırıldaqların baş verməməsi barədə nədənsə Palata “Standart İnsurance” sığorta şirkəti barəsində heç bir tədbir görmür ki, görmür.Baş Prokurorluq isə, ümumiyyətlə susmaq mövqeyini tutaraq özünü necə deyərlər, “görməməzliyə” və ”bilməməzliyə” vurub. Bu da onu düşünməyə əsas verir ki, şikayət məktubları Baş prokurorluğa “yetişməyib”.Bu səbəbdən “Qafqaz Region” İctimai Birliyi məsələnin ictimailəşməsi üçün ölkə mətbuatından dəstək gözləyir. Yaddan çıxartmayaq ki, bu cür qanunsuzluqla hər birimiz üzləşə bilərik.

Sənan Məmmədli

“Qafqaz Xəbər” qəzeti


“STANDARD İNSURANCE” sığorta şirkətindən müştərisinə qarşı görünməmiş fırıldaq

Bank Standard qanunu pozub?

«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”