Xırdalanda insidentə polis qarışdı: Məmur sahibkarın üstünə yeşik atdı
Xırdalan şəhərində meyvə-tərəvəz satıcıları ilə məmurlar arasında qarşıdurma yaranıb.
Yenicag.az xəbər verir ki, olay dünən saat 20:00 radələrində Xırdalanın 28-ci Məhəlləsində – “köhnə bazar” kimi tanınan ərazidə yaşanıb.
Məlumata görə, İcra Hakimiyyətinin işçiləri ərazidə meyvə-tərəvəz ticarəti ilə məşğul olan sahibkarları oradan uzaqlaşdırmağa çalışsalar da, onlar bu tələbin əsaslandırılmasını istəyiblər.
Nəticədə məmurlarla sahibkarlar arasında insident baş verib. Şahidlərin bildirdiyinə görə, məmurlardan biri meyvə yeşiyini satıcılardan birinin üstünə atıb və bundan sonra gərginlik daha da artıb.
İzdihamın böyüdüyünü və prospektdə avtomobillərin hərəkətinin çətinləşdiyini görən məmurlar əraziyə polis əməkdaşlarını cəlb ediblər və onların müdaxiləsi sayəsində olay sakitləşdirilib.
Bir neçə sahibkar ticarətçilərin şikayətini rayon rəhbərliyinə çatdırmaq üçün polislərin təklifi və müşayiəti ilə oranı tərk ediblər.

LEGİON.AZ